Peskov: Putinlə Əliyev Bakıda həbsdə olan rusları müzakirə edib

Tarix :
Peskov: Putinlə Əliyev Bakıda həbsdə olan rusları müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Bakıda həbsdə olan Rusiya vətəndaşlarını müzakirə edib. 
“TASS” agentliyinin xəbərinə görə, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib. 
Peskov bunu narkotik qaçaqmalçılığında şübhəli bilinərək Bakıda saxlanılan rusların azad edilməsinin müzakirə edilib-edilməməsi ilə bağlı suala cavab olaraq deyib. 
"Hazırda gərgin iş davam edir və [Rusiya] prezidenti [Vladimir Putin] işçi qrupları səviyyəsində müzakirə olunan bütün bu həssas məsələləri qaldırıb. Biz dialoqumuzu davam etdiririk", - Peskov qeyd edib. 
Peskov, həmçinin, Putinin Əliyevlə keçirdiyi görüşün nəticələrini yüksək qiymətləndirdiyini vurğulayıb və əlavə edib ki, bu, "ikitərəfli münasibətlərdə səhifəni çevirmək məqsədi daşıyır".
İyulun 1-də Bakıda 8 Rusiya vətəndaşı narkotik maddələrin tranziti və dövriyyəsi və kiberdələduzluq ittihamları ilə həbs edilib. Səbail Rayon Məhkəməsi onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Oktyabrın 28-də onlar barəsində olan həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
8 nəfərin saxlanılmasının görüntüləri hökumətyönlü mediaya sızdırılıb. Onların xüsusi təyinatlı polislər tərəfindən, ağır cinayətlər törətmiş mütəşəkkil dəstə kimi saxlanılması diqqətdən qaçmayıb. Həmçinin, sonradan məhkəmədən çəkilən fotolarda rusların bəzilərinin üzlərində işgəncə izləri, geyimlərində qan ləkəsi gözə çarpır. 
Rus vətəndaşların saxlanılması Azərbaycan-Rusiya münasibətlərində gərginliyin olduğu dövrə təsadüf edib. İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin iki azərbaycanlının ölümü ilə nəticələnən reyd keçirilib. Bundan sonra şəhərin azərbaycanlı diasporasının rəhbəri Şahin Şıxlinski də həbs olunub. 
Oktyabrın 9-da Əliyev və Putin Düşənbədə görüşüblər. Görüşdən sonra iyulda həbs edilmiş “Sputnik Azərbaycan” icraçı direktoru İqor Kartavıx və şef redaktoru Yevgeni Belousov azadlığa buraxılıblar. Daha sonra onların Rusiyaya yola düşdüyü xəbəri yayılıb.скачать dle 12.1

SİZƏ MARAQLI OLA BİLƏR