Akif Qurbanov şahidlərə: Təhlükəsizliyinizi necə təmin edə biləcəksinizsə, elə də davranın

Tarix :
Akif Qurbanov şahidlərə: Təhlükəsizliyinizi necə təmin edə biləcəksinizsə, elə də davranın

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) rəhbəri və III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanov saxlanıldığı Kürdəxanı İstintaq Təcridxanasından “Toplum TV işi”də şahid kimi ifadə verəcək şəxslərə müraciət edib.
O, müraciətin əvvəlində xatırladır ki, “Toplum TV işi“ndə 49 şahidin adı var:
“Bazar ertəsi, 27 oktyabr 2025-ci ildə növbəti “məhkəmə” iclası keçiriləcək. 
Bu dəfə şahidlərin dindirilməsi nəzərdə tutulur. 
Məhkəməyə gələcək bütün şahidlərə müraciət etmək istəyirəm:
İstintaq dövründə sizdən ifadələrin necə alındığından, sizə göstərilən təzyiqlərdən və hədələrdən xəbərdarıq. Buna görə də açıq şəkildə bildirirəm ki, bizə görə narahat olmayın. Onsuz da Əliyev artıq mənə və dostlarıma “cəzanı” öz standartlarına uyğun şəkildə verib. İfadələrin və ya faktların bu qərara heç bir təsiri olmayacaq.
Bizim “məhkəmə”də mübarizəmiz ictimai maraqların, dəyərlərin müdafiəsi, yolumuzdan dönməmək, bizə inananların ümidini qırmamaq və tarix qarşısında məsuliyyət daşımaq üçündür. Siz isə öz rahatlığınızı və təhlükəsizliyinizi necə təmin edə biləcəksinizsə, elə də davranın.
Ona görə kefinizi pozmayın, deyə-gülə gəlin, rahatca danışın, deyə-gülə gedin. 
P.S. Əmin olun ki, bizi təqib etdirən və bu ədalətsizliyə imza atanlar öz əməllərinə görə cavab verəcəkləri günə hamımız şahid olacağıq.
Qeyd: Obyektiv səbəblərlə məhkəməyə gələ bilməyənlər, xüsusən də xaricdə olanlar, teleqram vasitəsilə məhkəməyə münasibətlərini bildirə bilərlər”.
Akif Qurbanov 2024-cü il martın 6-da polisin III Respublika Platformasının Bakıdakı ofisində keçirdiyi reyd zamanı həbs olunub. 
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, "Toplum TV"-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. 
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, "Toplum TV" redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 
"Toplum TV işi” üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.скачать dle 12.1

SİZƏ MARAQLI OLA BİLƏR