
Oktyabrın 25-də məhkəmə Gəncədə saxlanılan vəkil Zabil Qəhrəmanov barəsində qərar verib.
Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə Z.Qəhrəmanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Zabil Qəhrəmanov oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.
O, Cinayət Məcəlləsinin 221.2.2-ci(xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.
Oktyabrın 8-də Vəkillər Kollegiyası Gəncə şəhəri 1 saylı vəkil bürosunun üzvü Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcəkdi.
Z.Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində suçlanan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.
