
Oktyabrın 23-də Xətai Rayon Məhkəməsində həbsdə olan "Meydan TV" jurnalisti Aytac Tapdığın saxlanıldığı təcridxanada nikaha girə bilməməsi üzrə şikayətinə baxılıb.
Bu barədə onun nikaha girmək istədiyi şəxs, heyvan haqları fəalı Kamran Məmmədli "Facebook" səhifəsində xəbər verib.
K.Məmmədli bildirib ki, şikayətlərinə ilk dəfə məhkəmədə mahiyyəti üzrə baxılıb.
"İndiyədək nikahımızı rəsmiləşdirməyə qoyulan qadağa sadəcə şifahi şəkildə bizə bildirilir, yazılı cavab verilmirdi. Bu səbəbdən məhkəmələr də qadağanın olduğunu sübut edə bilmədiyimizi əsas gətirərək işə mahiyyəti üzrə baxmaqdan imtina edirdi. Nəhayət uzun hüquqi mübarizədən sonra buna nail olduq. Artıq bizə nikahımıza qadağa qoyulduğu ilə bağlı yazılı cavab da verildiyindən Xətai Rayon Məhkəməsində keçirilən prosesdə işə mahiyyəti üzrə baxıldı", - o qeyd edib.
Onun sözlərinə görə, məhkəmə iclasında həm Aytac Tapdıq, həm özü müdafiə çıxışları edib.
Fəal bildirib ki, yekunda hakim onların əleyhinə qərar çıxarıb.
"Hələlik qərarın surəti bizə təqdim edilməyib. Təqdim edildikdən sonra görəcəyik ki, ilk dəfə mahiyyəti üzrə baxıldıqdan sonra məhkəmə iki vətəndaşın nikah bağlaması əleyhinə necə qərar çıxara bilib. 3 gün içində qərar bizə təqdim ediləcək və ondan apelyasiya şikayəti verəcəyik", - K.Məmmədli yazıb.
2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.
Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağa (Ağayev), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib.
Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.
