
Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə həbs edilməsi Azərbaycan xalqı üçün o qədər də təəccüblü olmadı. Çünki Mehdiyevin intriqalarla dolu karyerasının təməlində bu əməllər dayanır: vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə varlanıb, Azərbaycanın dövlət maraqlarını ömrü boyu köləsi olduğu imperiyaya qurban verib.
“Qafqazinfo” xəbər verir ki, Mehdiyevin bütün karyerası – siyasi və ictimai fəaliyyəti, tərcümeyi-halı kölə psixologiyası ilə keçmiş imperiyanın xiffətini çəkməklə keçib.
Keçmiş imperiyada karyera yüksəlişi əldə edən Mehdiyev bolşevik təfəkküründən də heç vaxt xilas ola bilmədi. Onun karyera pillələrini dırmaşmasında şəxsi keyfiyyətləri, yaxud bacarıqları deyil, intriqaları rol oynamışdı. İntriqalar ustası kimi tanınan bu şəxsin gerçək siması Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra daha aydın şəkildə ortaya çıxdı. Mehdiyev Azərbaycanın müstəqil siyasətinə qarşı “Troya atı” rolunu oynayır, vəzifə səlahiyyətlərindən imperiya maraqlarına xidmət üçün istifadə edirdi. Hətta bu məqsədinə nail olmaq üçün onu vəzifəyə gətirən Ulu Öndər Heydər Əliyevə də xəyanətlər edib.
Mehdiyev özünü “milli adam” və Ümummilli Liderin “silahdaşı” kimi göstərməyə çalışsa da, onun Heydər Əliyevə qarşı törətdiyi xəyanətlər kuluarlarda həmişə müzakirə mövzularından olub. Bununla bağlı konkret faktlar da mövcuddur. 1990-cı illərin ağır günlərində xalq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını və ölkəni xilas etməsini istəyirdi. Bu milli tələbdən narahat olan Moskva və Bakıdakı əlaltıları Heydər Əliyevə qarşı kampaniya aparmağa başladı. Bu kampaniyanın əsas iştirakçılarından biri də məhz Ramiz Mehdiyev olub. Vəzirovun təşkil etdiyi Büro iclaslarında Mehdiyevin Heydər Əliyevin əleyhinə etdiyi çıxışları şahidlər yaxşı xatırlayır. Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışının önünü kəsmək üçün ortaya atılan 65 yaş həddi məsələsində də Ramiz Mehdiyev Mütəllibovçu kimi davrandı. Ulu Öndərin tərəfdarları 65 yaş həddinin aradan qaldırılması məsələsinə dəstək verməsi üçün Mehdiyevə müraciət edəndə o, prosesə qoşulmaqdan imtina etdi. Sürət Hüseynovun 4 oktyabr çevriliş cəhdində də Ramiz Mehdiyev “yaxasını kənara” çəkdi və mövqesizliyi ilə yadda qaldı.
Mehdiyevin qaranlıq keçmişində belə hallar yetərincədir. Lakin hər şey bununla da bitmir. Bir tərəfdən Heydər Əliyevin əleyhinə olan proseslərə bu və ya digər formada dəstək verən Mehdiyev, digər tərəfdən Ulu Öndərin komandasına daxil ola bilmək üçün dəridən-qabıqdan çıxırdı. Çünki məqsəd hakimiyyətdə təmsil olunmaq idi və buna nail olmaq üçün sözün gerçək mənasında buqələmunluq edirdi. Ümummilli Lider hakimiyyətə qayıdandan sonra Mehdiyevin vəzifəyə təyinatında da iki amil rol oynamışdı: Gerçək niyyətini gizlədə biləcək qədər peşəkar olan siyasi buqələmunluğu və köləsi olduğu Rusiyanın müstəqilliyini yenicə bərpa etmiş, dağılmaq təhlükəsindən xilas olsa da, zəif olan Azərbaycana təzyiqi.
