SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanlı gənc əlillər üçün milli avtomobil modeli yaratdı - FOTO

Azərbaycanlı gənc əlillər üçün milli avtomobil modeli yaratdı - FOTO
15-03-2016, 14:17 17487 dəfə baxılıb

Avtomobil həm ucuz başa gələcək, həm də yanacaq sərfiyyatı çox az olacaq.

Milli avtomobil modeli olan "AZERANT"ın yaradıcı olan Ramil Nəcəfov fiziki imkanları məhdud şəxsləri də unutmayıb. 23 yaşlı gəncin yaratdığı "AZ 200" adlı modeli məhz əlillər üçün nəzərdə tutulub.
 
R.Nəcəfov bildirib ki, yeni model əsasən orta təbəqəli və əlil insanlar üçün nəzərdə tutulub.
Onun sözlərinə görə, avtomobil modeli 3 variantda hazırlanıb. Layihəyə görə, avtomobillərin mühərriklərinin həcmi 1.3, 1.6 və 2.0 litr, gücü 210 at gücündə, maksimal sürəti isə saatda 240 km olacaq:
 
"Avtomobildən adi insanlarla yanaşı, 2-ci qrup əlillər də rahat istifadə biləcəklər. Onların idareətmə sistemi tiptronik olacaq. Avtomobilin bütün idarəetməsi yalnız sükanla həyata keçiriləcək. Qaz, əyləc ötürücülərinin hamısı sükanda olacaq. Bu sistem bir sıra köhnə avtomobillərdə də olub, lakin "AZ 200"də daha müasir versiyada olacaq və idarəetməni asanlaşdıracaq.
 
Daha bir yenilik odur ki, avtomobilin qapısını açdıqda istəkdən asılı olaraq, həm sürücünün, həm də onun yanındakı sərnişinin oturacaqlarının alt hissəsi avtomatik olaraq çölə çıxacaq. Bu avtomobilə rahat minməni təmin edəcək.
 
 
Yeni modelin daha bir üstünlüyü odur ki, avtomobilə oturmaq üçün qapı açar və əllə deyil, avtomatik qaydada, əldəki pultun vasitəsilə açılacaq.
 
Bundan əlavə, avtomobil radar sistemi ilə 360 dərəcə ətrafında olan digər nəqliyyat vasitələri ilə avtomatik qaydada ara məsafəsi saxlaya biləcək. Yəni avtomobil ara məsafəsini özü tənzimləyə biləcək.
 
Həmçinin, avtomobildə təhlükəsizliyini təmin etmək məqsədilə həm ön, həm də arxa oturacaqlarda oturanlar üçün təhlükəsizlik yastıqları olacaq.
 
Avtomobil həm ucuz başa gələcək, həm də yanacaq sərfiyyatı çox az olacaq, istehsalı da rahat başa gələcək".
 
R.Nəcəfov həm "AZERANT"ın, həm də "AZ 200"ün eskizlərini Naxçıvandakı yerli "Naz Lifan" şirkətinə göndərərək avtomobillərin istehsalı üçün müraciət edib. Lakin hələlik müraciətlərə cavab verilməyib.
 
Müəllif layihələrinə dövlət tərəfindən dəstək veriləcəyinə ciddi şəkildə əmindir. Artıq Azərbaycan Gənclər Fondu "AZERANT" milli avtomobil layihəsinə dəstək verib. Azərbaycanın milli avtomobil modeli bu il Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar iyunun 23-də Baku Expo mərkəzində təşkil ediləcək sərgidə nümayiş olunacaq. R.Nəcəfov "AZERANT"la yanaşı, əlavə olaraq "AZ 200" modelini də nümayiş etdirəcək.
 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ