SON DƏQİQƏ

PressDent.Info

Nazirlər Kabineti təsdiqlədi: Qəbul imtahanlarının sayı artırılır

Nazirlər Kabineti təsdiqlədi: Qəbul imtahanlarının sayı artırılır
14-02-2017, 13:16 19749 dəfə baxılıb

Gələcəkdə Azərbaycanda keçirilən qəbul imtahanlarının sayı artırıla bilər. Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə APA-ya bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilən qəbul qaydaları eyni tədris ilində bir neçə qəbul imtahanının keçirilməsinə imkan verir. Bunun 2, 3 və daha çox ola biləcəyini deyən sektor müdiri qeyd edib ki, cari tədris ilində qəbul planına əsasən, imtahanların 2 dəfə keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu il ilk dəfə olduğu üçün qəbul imtahanları 2 dəfə keçiriləcək.
 
X.Xanlarzadə əlavə edib ki, əgər abituriyent imtahanlardan birində müsabiqə şərtini ödəyərsə, nəticələrə əsasən müsabiqədə iştirak edə bilər: “Məsələn, abituriyent I müsahibədə iştirak edərək 200 bal toplayaraq müsabiqə şərtini ödəməyə bilər. Amma II imtahanda o, müəyyən bal toplayaraq müsabiqə şərtini ödəyibsə, I imtahandan kəsilməyinə baxmayaraq II imtahanın nəticəsi ilə müsabiqədə iştirak etmək hüququna malikdir. Bəzən elə fikirləşirlər ki, abituriyentin topladığı yüksək balı əsas götürüləcək. Amma bu belə deyil. Çünki müsabiqə şərtlərində müəyyən fənlər üzrə bal məhdudiyyəti də olur. Ola bilsin ki, abituriyent bir imtahanda 240, digərində isə 250 bal toplasın. Abituriyent 240 bal topladığı zaman fənlər üzrə nisbi bal məhdudiyyəti ödənilibsə, amma 250 bal topladığı zaman məhdudiyyət ödənilməyibsə, nəticədə 240 bal əsas götürüləcək. Və yaxud dövlət sifarişli ixtisaslarda 350 bal və hər bir fənn üzrə nisbi bal məhdudiyyəti ödənməlidir. Məsələn, abituriyent bir imtahandan 350 bal toplayır və bütün fənlərdən nisbi bal məhdudiyyətini ödəyir. Amma 370 bal topladığı halda bir fəndən nisbi bal məhdudiyyətini ödəmir. Əgər o, dövlət sifarişi əsasında təhsil almaq istəyirsə 350 balı seçəcək”.
 
DİM rəsmisi qeyd edib ki, qəbul imtahanları arasında müəyyən vaxt olacaq. Onun sözlərinə görə, qəbul imtahanlarının eyni ayda keçirilməsi mümkün deyil: “Dərslər bitmədən abituriyentin qəbul imtahanında iştirak edərək müəyyən bal toplaması onun tədrisinə heç bir təsir edə bilməz. Şagird imtahanda hansı nəticə göstərməsindən asılı olmayaraq dərslərdə iştirak etməlidir. O, dərsə getməməsini imtahan verərək müəyyən top toplamaqla əsaslandıra bilməz. Azərbaycanda tədrisin təşkilinin öz qaydaları var, ölkədə dərslər iyunun 14-də bitir və şagird imtahanda göstərdiyi nəticədən asılı olmayaraq dərslərdə iştirak etməlidir. Qəbul imtahanlarında iştirak edərək istədikləri balı toplamaq abituriyentlərin dərsə getməməsi üçün hansısa üstünlük vermir”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ