SON DƏQİQƏ

PressDent.Info

Özəl ali məktəblərə axın azalıb - SƏBƏBLƏR

Özəl ali məktəblərə axın azalıb - SƏBƏBLƏR
4-09-2016, 14:39 15747 dəfə baxılıb

İnsanların şüurunda diplombazlıq, diploma həvəs, kağıza hörmət itib
 
Ali məktəblərə plan yerləri boş qalan xeyli özəl təhsil müəssisələri var. Bu isə özəl ali təhsil müəssisələrinə marağın azalması ilə izah edilir. TQDK-dan verilən məlumata görə, 43 ali məktəb üzrə ayrılan 41736 plan yerindən Azərbaycan bölməsinə 31322 abituriyent daxil olub. Onlardan 11340 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq. Rus bölməsi üzrə ayrılmış plan yerinə daxil olan 3449 tələbədən 975 nəfəri dövlət sifarişi əsasında oxuyacaq.
 
Siyahıda diqqətçəkən məqam özəl ali məktəblərə, eləcə də dövlət ali məktəblərinin ödənişli ixtisaslarına qəbul olunan tələbələrin say etibarilə az olmasıdır. Bəs son illər özəl ali məktəblərə axının azalması nə ilə bağlıdır?
 
Bakı Avrasiya Universitetinin dosenti Mütəllim Rəhimli özəl ali təhsil müəssisələrinə marağın azalması fikri ilə razı deyil. Onun sözlərinə görə, bütün dünyada təcrübə bunu göstərir ki, özəl ali təhsil müəssisələri dövlət təhsil müəssisələrindən daha yaxşıdır. "Azərbaycanda da bu, artıq hiss olunur. Yüksək bal toplayanlara baxsaq, onların çoxu özəl təhsil müəssisələrinə keçirlər. Sadəcə, insanların maddi durumuyla əlaqədar özəl təhsil müəssisələrinə axın bir balaca azalıb. Buna görə son dönəmlər özəl ali təhsil müəssisələrində ayrılan plan yerləri dolmur. Əsas məsələ bundan ibarətdir".
 
Rəhimli bildirib ki, özəl təhsil müəssisələrində təhsil haqqını azaltmaq mümkündür: "Özəl təhsil müəssisələrində təhsil haqqı ilə müəllimlərin əmək haqqını müqayisə etdikdə çox böyük fərqin olduğunu görmək olur. Təhsil haqqı yüksəkdir, müəllimlərin maaşı isə aşağı. Təhsil haqqını aşağı salmaq olar, amma bu, vəziyyətdən çıxış yolu olmayacaq. Özəl təhsil müəssisələri müəllimlərə yüksək əmək haqqı verməlidirlər".
 
Həmsöhbətimiz hesab edir ki, özəl ali məktəblər daha yüksək təhsil verirlər. "Eyni müəllimlər özəl ali məktəblərdə özünü bir başqa cür aparırlar, dövlət təhsil müəssisələrində başqa cür. Özəl ali məktəblərdə rüşvət məsələsi demək olar ki, yoxdur. Bunu dövlət ali təhsil müəssisələri haqqında demək olmaz. Ona görə də, müəllimlər özəl məktəblərdə daha yaxşı tədris keçirlər".
 
Təhsil üzrə ekspert Məhərrəm Zülfüqarlının sözlərinə görə, Azərbaycandakı özəl ali təhsil sistemi normal inkişaf etmiş ölkələrdən fərqlidir. "İnkişaf etmiş ölkələrdə özəllərdə tədrisin səviyyəsi yüksəkdir. Azərbaycanda da dövlət universitetləri ilə rəqabətə davamlı özəl ali məktəblər var".
 
M.Zülfüqarlı statistikaya istinad edərək, ən az qəbulun Odlar Yurdu Universitetinə olduğunu deyir: "Bu ali məktəbə cəmi 61 nəfər qəbul olub. Bu da həmin universitetin reytinqinin aşağı olmasını göstərir. Bunu "Xəzər" və "Qafqaz" universitetləri barədə deyə bilmərik. Dövlət və özəl universitetləri arasında da reytinqi aşağı və yuxarı olanlar var. Ümumi baxışda demək olar ki, Azərbaycanda dövlət universitetinə meyl daha çoxdur".
 
Ekspert qeyd edib ki, Azərbaycanda Türkiyə ilə müqayisədə təhsil haqqı həddindən artıq yüksəkdir: "Bizdə özəl universitetlər bütün xərcləri özləri ödədiyindən təhsil haqqı yüksəkdir".
 
Onun fikrincə, özəllərə qəbulun azalması TQDK-nın problemidir: "TQDK keçid dövrü üçün nəzərdə tutulmuş bir qurum idi. Gələcəkdə rüşvət mexanizmi universitetlərdən aradan qaldırılardısa, qəbulun universitetlərin özlərinə verilməsi gözlənilirdi. Təəssüf ki, indiyədək rüşvət və neqativ hallar aradan qalxmadığına görə, qəbulu TQDK keçirir. TQDK da ildən-ilə qəbul şərtlərini sərtləşdirir. Bu da ona gətirib çıxarır ki, bizim tələbələr daha asan şərtlərlə qəbul edən xarici universitetlərə axışırlar".
 
Milli Məclisin Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli "modern.az"a bildirib ki, hazırda illər əvvəl Azərbaycan düşüncəsində formalaşan ali təhsil dəbi, tendensiyası dağılmaqdadır: "Heç kimə sirr deyil ki, insanlar "filankəsin qızı ali təhsil alıb, mənim qızım da almalıdır" düşüncəsilə hərəkət edərək özlərini böyük çətinliyə salırdılar. Qızı ərə verəndə cehizin üstünə diplom da qoyulurdu. Müşahidə etmək kifayətdir ki, çox az balla, ödənişli əsaslarla universitetə girməyin, maddi cəhətdən yaxşı təmin olunmayan adamların çəkdiyi əziyyətdən başqa bir şey olmadığını görək. İnsanlar dərk eləməyə başlayıb ki, yaşamaq üçün diplom o qədər də vacib deyil. Bu qədər pulu xərclə, heç nəyə yaramayan diplom əldə et".
 
Onun sözlərinə görə, insanların şüurunda diplombazlıq, diploma həvəs, kağıza hörmət itib: "İndi ali təhsil almayıb yüksək maaşlı işdə çalışan insanlar var. Hamının ali təhsil alması kimi bir öhdəliyi yoxdur. Qoy savadı olan oxusun. Az balla universitetə daxil olan birisi necə aparıcı kadr ola bilər?"
 
Rəcəbli təhsil haqlarının artırılmasını da özəl ali məktəblərə marağın azalmasında əsas səbəblərdən biri kimi göstərib: "İstər özəl, istərsə dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslarda təhsil haqları artırılıb. İnsanlar yaranmış vəziyyətlə bağlı ailə büdcəsini daha səmərəli sərf etməyə başlayıb. Bu gün insanlar mənzil almağa, sağlamlığının qayğısına qalmağa və digər ailədaxili problemlərini həll etməyə səy göstərir. Valideyn düşünür ki, uşağa pul verirəm, nə təhsil alır, nə savad, yalançı diplomu gəzdirir özü ilə. Nəticədə o diploma verilən pul da batıb gedir. Valideyn böyük məbləğdə vəsait ödəyir, uşaq oxumur, nəticədə aldığı diplom da heç nəyə yaramır",- deyən deputatın fikrincə, özəl ali məktəblərdən imtinanın digər səbəbi dövlət ali məktəblərində təhsilin keyfiyyətinin yaxşılaşmasıdır. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ