SON DƏQİQƏ

PressDent.Info

Aşağı və yuxarı siniflərdə uşaqlar arasında intiharların artmasına səbəb nədir?

Aşağı və yuxarı siniflərdə uşaqlar arasında intiharların artmasına səbəb nədir?
25-11-2015, 17:33 32973 dəfə baxılıb

Bu gün məktəblərdə psixoloq ştatı olsa da, psixoloqlar öz işlərini görmürlər. Uşaq və yeniyetmələr arasında artan psixoloji problemlər də bunu sübut edir. Təhsil ekspertləri və müəllimlərin fikrincə, məktəblərdə psixoloqlar öz işlərini görmürlər, saylarının az olması isə vəziyyəti daha da çətinləşdirir.
 
Məktəb psixoloqu Dilşad Məmmədova qeyd edir ki, hər bir insanın psixoloqa ehtiyacı var:
 
"Sinif rəhbəri ilə psixoloq mütəmadi əlaqə saxlayır. Ehtiyac olan mövzular üzrə psixoloq siniflərlə söhbətlər aparır. Psixoloqa fərdi yanaşanlar da olur. Məsələn, ana gəlib deyir ki, uşağım çox qapalıdır, fikirlərini bölüşmür, ürəyindəkiləri demir. Psixoloq həmin uşaqla söhbət edir və məsələnin kökünü araşdırmağa çalışır. Problemin ailənin özündə formalaşma ehtimalı da ola bilər. Ər-arvad, yaxud qaynana-gəlin arasındakı münasibət uşağa pis təsir edir. Ya da ki, psixoloq araşdırıb problemin uşağın özündə olduğunu görür.
 
Elə ailələr də olur ki, uşağın birinə çox, digərinə az diqqət ayrılır. Bu cür münasibət də uşağa pis təsir edir. Uşaq, ola bilsin ki, müəllimi sevmir. Və ya uşağın özündə müəyyən əqli gerilik var. Bütün bu məsələlər araşdırılır". 
 
D.Məmmədova bildirib ki, məktəblərdə psixoloqların sayı azdır: "Bir-iki psixoloq məktəbə bəs etmir. İbtidai siniflər üçün ayrı, yuxarı siniflər üçün ayrı psixoloqlar olsaydı, daha yaxşı olardı. Psixoloqların çox olmasının nə ziyanı var ki? Əlbir işləyərdilər. Uşaq çoxdur!"
 
"Yaxşı olardı ki, məktəbdə psixologiya fənni keçirilsin. Hər yaşa uyğun psixologiya dərslikləri olardı. İbtidai siniflər üçün də. Onsuz da psixoloqlar ibtidai siniflərlə də iş aparırlar", - deyə məktəb psixoloqu əlavə edib.  
Onun sözlərinə görə məktəbdə mütləq psixoloq olmalıdır: "Psixoloq öz işini görməlidir. Öz işi ilə məşğul olmayan psixoloqu məktəbdən kənarlaşdırmaq lazımdır".
 
Heydər Əliyev adına liseyin müdiri Fikrət Xəlilovun sözlərinə görə, məktəblərdə bir-iki psixoloqun çalışması kifayət etmir: "Məktəblərdə psixoloqların sayı artırılmalıdır. Eyni zamanda psixoloqların fəaliyyəti daha geniş əhatə olunmalıdır".
 
Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, məktəblərdə psixoloq ştatı var: "Lakin orta məktəblərdə çalışan psixoloqlar öz işlərini bilmirlər. Məktəb psixoloqları əksər məktəblərdə öz işləri ilə deyil, kənar işlərlə məşğul olurlar. Bir çox məktəblərdə psixoloqlar kağız aparıb-gətirir, məktubların qeydiyyatını aparırlar və s. Halbuki müasir dövrdə psixoloq ştatı məktəblərdə ən vacib olan ştatlardan biridir. Onun vəzifəsi də mühümdür. Bizim məktəblərdə psixoloqlara ehtiyac var".
 
M.Mürşüdlü bildirib ki, şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından aşağı siniflərdən tutmuş yuxarı siniflərə qədər uşaqlar arasında intiharlar artır: "Bu, uşaqların həyata hazır olmaması, çətin məqamlarda çıxış yolu tapa bilməməsi üzündən baş verir. Şagirdlərdə depressiya müşahidə olunur. Bu problemlərin əsas səbəbi bizim məktəblərdə psixoloqların işinin bu günün tələblərinə cavab verməməsidir".
 
Onun dediyinə görə, psixoloqlar məktəblərdə yardımçı işlərlə məşğul olurlar: "Bu da onların öz işindən bilərəkdən və ya özündən asılı olmadan uzaqlaşmasına səbəb olur".
 
Ekspertin fikrincə, məktəblərdə araşdırma aparılmalı, psixoloqlar arasında sorğu keçirilməlidir: "Orta məktəblərdə psixoloqların öz işini görməməsinin səbəbləri araşdırılmalıdır. Məktəblərdə öz işini bilən psixoloqlar var. Amma onlar barmaqla sayıla biləcək qədərdir.
 
Məktəb psixoloqlarının fəaliyyətində problemlər var. Ola bilsin ki, aldıqları təhsilin səviyyəsi onlara bu işi görməyə imkan vermir və ya onlar işlədikləri kollektivdə özlərini tapa bilmirlər. Məktəb psixoloqlarının funksiyaları aydın şəkildə işlənilməlidir.
 
Bundan başqa, məktəb psixoloqlarının hansı tələblərə cavab verməsi müəyyənləşdirilməlidir. Bu tələblərdən irəli gələrək məktəb psixoloqlarının işini düzgün istiqamətləndirən proqram işlənilməli, hazırlanmalıdır".
 
Onun dediyinə görə, məktəblərdə bir və ya iki nəfər psixoloq olur: "Məktəblərdə psixoloq ştatında psixoloqların sayı uşaqların sayına nəzərən müəyyənləşdirilməlidir".
 
Sumqayıt şəhəri, 11 nömrəli tam orta məktəbin kimya müəllimi, kurikulum üzrə təlimçi Gülşən Novruzovanın sözlərinə görə, məktəblərdə psixoloq ştatı var: "Açıq deyim ki, indi heç bir məktəbdə psixoloqlar öz işləri ilə məşğul olmurlar. Onlar ancaq köməkçi, yardımçı kimi işləyirlər. Məktəb psixoloqu adı formal olaraq qalır. Onlar əsasən jurnal yazır və s. kağız üzərində işlər görürlər".
 
G.Novruzova diqqətə çatdırıb ki, bu gün uşaqların məktəb psixoloquna son dərəcə ehtiyacı var: "Məktəb psixoloqları sadəcə işləmirlər, - deyən müəllim əlavə edib ki, iki məktəbdə işləyir və psixoloqların işini müşahidə edir. - Psixoloqlar eləcə məktəbə gəlir və gedirlər. Onların öz işlərini gördüklərini görmürəm. Bəlkə, onların psixoloq kimi işləmək üçün maddi maraqları yoxdur?" 
 
Müəllimə xatırlayır ki, məktəbdə oxuduğu dövrdə psixoloq sinfə gəlirdi: "Bildirirdi ki, dərsdən sonra dərnək təşkil olunacaq və kim istəsə, qala bilər. Şagirdlər arasında psixoloqa maraq oyadırdı. İndi psixoloqlar o işi görmürlər. Ona görə uşaqlarda psixoloqlara qarşı bir maraq yaranmır. Uşaqlar daha çox məktəbdən sonra müəllimlə fərdi məşğul olmağı üstün tuturlar. Psixoloq işini görsə, bəlkə də ona maraq oyanar".

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ