SON DƏQİQƏ

PressDent.Info

Orfoqrafiya lüğəti dilimizə yad söz və ifadələrlə doludur

Orfoqrafiya lüğəti dilimizə yad söz və ifadələrlə doludur
17-10-2015, 14:04 35525 dəfə baxılıb

Tərcümə Mərkəzi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən istifadəni məqsədəuyğun saymır.

 

 
Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin Elmi-Bədii Şurasının  iclası keçirilib. Mərkəzdən verilən məlumata görə, iclasda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşri, ölkə üzrə dil və tərcümə işinin təkmilləşdirilməsinə dair hazırlanmış Dövlət Proqramının layihəsi müzakirə olunub.
 
İclası giriş sözü ilə mərkəzin sədri Afaq Məsud açaraq, Azərbaycan dilinin tətbiqi, düzgün işlədilməsi və tərcümə işinin təşkili ilə bağlı Mərkəz tərəfindən aparılmış araşdırmaların nəticələri barədə fikirlərini bildirib.
 
A.Məsud qeyd edib ki, il ərzində mərkəz dövlət qurumlarında dil və tərcümə işinin təşkili ilə bağlı yoxlamalar aparıb. 67 qurum üzrə aparılan yoxlamalar nəticəsində bu sahədə ağır durumun yaşandığı, rəsmi və beynəlxalq yazışmalarda Azərbaycan dilinin və tərcümənin norma və qaydalar üzrə tətbiq edilmədiyi və bu səbəbdən yolverilməz anlaşılmazlıqlar və yanlışlıqlar yaratdığı aşkarlanıb: “Mövcud durumu yaradan səbəblər dərin və müfəssəl şəkildə araşdırılarkən, dil və tərcümə sahəsində yaşanan bu mənzərənin bir sıra subyektiv və obyektiv amil və səbəblərdən qaynaqlandığı üzə çıxıb.
 
Dilin ilkin təyinatçısı və göstəricisi olan, Azərbaycan dilinin söz ehtiyatını və yazılış qaydasını müəyyən edən müvafiq nəşrlər bu sahədə əngəllər yaradır. Söhbət, yaxın illərdə işıq üzü görən “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən gedir. Bu gün rəsmi yazışmalarda, dərslik və tədris vəsaitlərinin hazırlanmasında, kino, efir və dublyaj və s. mətnlərinin tərtibində, həmçinin geniş xalq kütləsinin hər sahədə istinad və istifadə etdiyi, yararlandığı bu kitab, təəssüflə bildirməliyəm ki, dilimizə, leksik mədəniyyətimizə yad, çox vaxt yazılış qaydası, sanki qəsdli şəkildə təhrif olunan söz və ifadələrlə doludur.
 
Mərkəz dil və tərcümə sahəsinə nəzarətedici dövlət qurumu olaraq, indiki halda bu nəşrdən istifadəni məqsədəuyğun saymır. O səbəbdən ki, aparılan təhlil, kitabda yer alan 50 000-dən çox sözün ədəbi dil qaydalarına uyğun tərtib edilmədiyini, sözlərin yazılış qaydasının pozulduğunu, yüzlərlə terminoloji, qəliz ərəb, fars və ara sözlərinin, şivə və dialektlərin əlavə olunduğunu aşkar edib.
 

 

Kitabın tərtibində yol verilmiş ən böyük xəta lüğət spesifikliyinin, sahə formatının nəzərə alınmaması, müxtəlif sahəli lüğətlərdə yer almalı olan sözlərin bir araya gətirilərək, söz xaosu yaratmasıdır. Kitabda yüzlərlə dərman adlarının, kimyəvi element adlarının, tibb, coğrafiya, hüquq, iqtisadiyyat, astrologiya və s. sahələrdə işlədilən spesifik terminlərin yer alması da təəccüb doğurur. Bu sözlərin öz lüğətləri var. Terminoloji, izahlı lüğətlər, sahələr üzrə, hüquq terminləri, iqtisadi terminlər lüğəti və s. və ilaxır. Digər təəccüb doğuran məqam, lüğətdə yüzlərlə izahı olmayan, dilimizdə işlədilməyən əcaib sözlərin yer almasıdır. Məsələn, “ağu”, “ağulu”, “ağvalideyn”, “ağyağız”, “ağzıbütün”, yaxud, “alaçalnov”, “axartı”, “alahı”, “alafa”, “alaqandan”, “alaban”, “alabayraq”, “alacanlandırma”, “alacahöyük” və s. Saymaqla bitmir. Və ən faciəli olanı – kitabda yer alan bütün sözlərin, bu naməlum sözlər də daxil olmaqla, inkar və təsdiq, zaman və məsdər formasında və ismin bütün hallarında yüzlərlə ekvivalenti ilə birgə verilməsidir. Kitabın digər bəlası nə ədəbi dildə, nə də şifahi danışıq dilində işlədilməyən ara sözlərlə, əcaib şivə və dialektlərlə dolu olmasıdır. Şivə və dialektlərin dilimizi zənginləşdirməsini inkar etmirik, lakin burada yer alanları dialekt, ya şivə adlandırmaq da olmur: “ağzıheyvərə”, “ağzımavay”, “ağzıolaqlı”, “ağzıharfa”, “alax-bulax”, “alaxana-balaxana”, “ax-tüf”, “axtarmamotal” və s. Dialekt və şivələr lüğəti ayrı olmalıdır. Bu, dünya praktikasında da belədir. Əgər biz “orfoqrafiya lüğəti” deyiriksə, burda sırf ədəbi dilin bazasından istifadə edilməlidir”.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ