SON DƏQİQƏ

PressDent.Info

Paltarı olmadığı üçün məktəbə getməyən 4 uşaq...

Paltarı olmadığı üçün məktəbə getməyən 4 uşaq...
21-09-2015, 13:09 21853 dəfə baxılıb

 
“O uşaq özünü asdı. Səbəb də məktəbli geyiminin, çantasının olmaması idi. Deyim ki, indi mənim balamın durumu heç də o cənnət quşunun durumundan fərqli deyil.
 
Mən də balama 4-cü ildir ki, 1-ci sinifdə bir qonşumun verdiyi formanı geyindirib göndərirəm. Uşaq böyüyür, geyiminin qolları dirsəyə gəlib çatır, şalvarın ətəyi dizdən olub. Ancaq yenisi ilə əvəzləyə bilmirəm. İndi o kəndirin biri də mənim balamın əlinə keçsə, necə olacaq?”
 
Bunu Saatlı rayonunun Əliabad kənd sakini Nəzakət Əliyeva deyir. Əlavə edir ki, ailə ən çətin günlərini yaşayır.
 
N.Əliyevanın sözlərinə görə, 6 il əvvəl - sonuncu övladına hamilə olarkən ölüm ailənin başçısını özü ilə aparıb: “Qəflətən dərisi çürüməyə başladı. 6 ayın içində yoldaşım tamamilə çürüdü. Nəinki müalicəyə, heç müayinəyə də pulumuz olmadı. Beləcə, gözümüzün önündə çürüyüb-çürüyüb canını tapşırdı. Haralara yazmadım, kimlərə yalvarmadım ki... Eləcə hamı dedi “Allah köməyiniz olsun”. İndi də bu sözü tez-tez eşidirəm, ancaq deyəsən, Allahın da yadından çıxmışıq. O da bizi unudub”.
 
Nəzakət Əliyevanın 4 övladı var. Deyir ki, bir həftədir məktəb başlayıb, o isə imkansızlıqdan uşaqları məktəbə yollaya bilmir. Nə çantaları, nə də geyimləri var:“Sosial yardım da qəpik-quruşdur, heç uşaqların qarnını görmür. Əyin-baş məsələsi isə... Qonşuların köhnəsi, yamaqılsı olmasa, keçinə bilmərik”.
 
Şikayətçi deyir ki, indiyədək ailəyə kömək olunması üçün yazmadığı ünvan, döymədiyi qapı qalmayıb: “Buradan dövlətə səslənirəm. Nə qədər ki gec deyil, öz vətəndaşına sahib çıxsın. Bir azdan satışda kəndir, çəndə nöyüt qalmayacaq. Hamısını son mənzilimizə köçməyə sərf edəcəyik. Dörd oğul gələcəkdə dövlətin dörd əsgəri deməkdir. Onların da təhsil almaq, qarındolusu yemək haqları var. Mənə iş versinlər ki, ailəmin, balalarımın yaşayışını qismən də olsa təmin edə bilim”.
 

 

Saatlı Rayon İcra Hakimiyyətindən “Azadlıq”a bildiriblər ki, qurumda dolanışığı çətin olan belə ailələrə mütəmadi yardım üçün büdcə nəzərdə tutulmayıb. Bununla belə ailənin vəziyyəti ilə maraqlanıb yardımlarını edəcəklər. Məktəbli geyimi problem də həllini tapacaq. O ki qaldı Nəzakət Əliyevanın işlə təmin olunmasına, bu problem aradan qaldırmaq rayon icra hakimiyyətinin gücündə deyil.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ