SON DƏQİQƏ

PressDent.Info

Öyrənən cəmiyyətə doğru: hədəf müəllimdir...

Öyrənən cəmiyyətə doğru: hədəf müəllimdir...
9-09-2015, 23:11 22572 dəfə baxılıb

Müəllim təhsilin əsas simasıdır. Təhsil sistemində hansı islahatı aparsan belə müəllim bunun mərkəzində durmursa, nəticəsi olmur. Əgər son 10 ildə aparılan təhsil islahatlarına baxsaq görərik ki, təhsilin məzmun islahatları baş verib. İndiyədək heç vaxt olmadığı qədər məktəb binası tikilib, məktəblərin təchizatı ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilib.
 
Ancaq təəssüflər olsun ki, müəllimi bir çox hallarda  unutmuşuq. Kurikulum islahatını müəllimsiz aparmışıq. Öyrədənləri öyrətmədən, pedaqoji ali təhsilin tədris proqramlarını, ali məktəb dərsliklərini  yeniləmədən, müəllimin sosial statusu ilə bağlı uğurlu cəhdlər etmədən və sair. Uzun illər nəticəsində müəllim məktəbdə dərs deməyə başlarkən onun qarşısında geniş üfüq zolaqları açılmayıb. Bir çox hallarda məktəb idarəedəninin təşviqi əvəzinə, pressinqi müəllimin  uğur hekayəsinin yarı yolda qalmasına səbəb olub. İxtisasartırma, təlim, ixtisasdəyişmə müəllim nüfuzunu artırmaq əvəzinə azaldıb və formal diplom alma mərasiminə çevrilib. Müəllim daim dəyişən reallığı öyrənmək əvəzinə təlimdən keçməyi, öyrənməyi, ixtisas biliklərinə yiyələnməyi əksərən özünə rəva görməyib. Və ya bu qınağı məktəb kollektivi öyrənməyi öyrənməyin əvəzinə toxunulmazlıq sindromu kimi seçib. Nəticədə müəllimin peşəkar bilikləri artmaq əvəzinə köhnəlib, ixtisasartırma formallıq mahiyyəti daşıyıb, yenidənhazırlamaq isə müəllim yetidirmək əvəzinə qeyri-profil ixtisas sahiblərinin meydanına çevrilib. Nə gedirsə,  müəllimdən, məktəbdən gedib.
 
İki il bundan öncə məktəb direktoru olmaq istəyənlərin təlimi ilə bağlı Təhsil Nazirliyinin verdiyi elanlar cəmiyyətdə birmənalı qarşılanmadı. Bu elanla yenə də köhnə hamamın olacağını düşünənlər, təlim mərhələsini başa vurmuş namizədlər arasından yeni direktorların seçildiyini gördükdə bu prosesi ilkin olaraq o qədər də dərk etmədilər. İki ildir ki, bu təlimlər davam edir və onlarla yeni məktəb direktorunun təmənnasız bu vəzifəyə təsdiqi cəmiyyətdə inam effekti yaradır. Təkcə cəmiyyətdəmi? Yox, həm də müəllimlərdə. Yeni təyin olunan məktəb direktorlarının demək olar ki, 100 faizi müəllimlərdir. Onlar yeni stimul qazanmaqla, məktəb rəhbəri vəzifəsinə tam şəffaf və rəqabətli seçimi əsasında təyin olunublar. Təlimlərdə yaxından iştirak və öz üzərində işləmə müəllim üçün sosial lift ənənəsi yaradıb. Müəllim ancaq özünə, biliyinə və təcrübəsinə inanaraq irəli çəkilir, məktəbi idarə edir. Başqa yol yox artıq.
 
Digər bir məqam. İndiyədək təlimə, ixtisasartırmaya “vurulmaq” kimi baxmağa adət etmiş müəllim bu gün bu işi həvəslə görməyə başlayıb. Çağdaş dünyada biliklərin məzmunu tez köhnəlir. Bunun üçün ən böyük əlac daim öyrənmək, edərək, görərək öyrənmək, təlimlərdə iştirak etməkdir. Bu əmək fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Müəllim də daim müxtəlif təlimlərə cəlb olunmaqla peşəkar biliklərini artırmaq qayğısına qalır, bir sözlə formada olur. Son il ərzində bu sahədə yeni keyfiyyət dəyişikliyi baş verib. Artıq müəllim təlimdən yayınmaq üçün vasitə, adam axtarmır, qatılmaq üçün imkan, resurs axtarır. Yüzlərlə müəllim diaqnostik qiymətləndirmənin müvafiq nəticəsinə, yeni peşəkar bacarıqlara sahib olmaq istədyinə görə ixtisasartırma təlimlərinə gedir.
 
Aşağıdakı cədvəldən göründüyü kimi kifayət qədər nəticəsini yüksəldir də.
 
 
Deməli, müəllimin keyfiyyət göstəricilərini artırmaq üçün sistem işləməyə başlayıb.
 
1. Müəllim olmaq üçün daha yüksək ballı abituriyent tələbə olur və bunun üçün Təhsil Nazirliyinin əlavə təqaüdünü alır.
 
2. Müəllim tam şəffaf şəkildə məktəbə təyinat alır.
 
3. Müəllim olmaq üçün ali məktəblərdə oxuyan tələbə yeni tədris proqramları əsasında öyrənir.
 
4. Müəllim ixtisasartırmadan çəkinmir.
 
5. Müəllim vəzifə pilləsində  irəli getmək üçün imkanlarını qiymətləndirə bilir.
 
6. Müəllim  passiv seyrçiyə deyil, aktiv iştirakçıya çevrilir.
 
Beləliklə, müəllimin hədəf olaraq seçilməsi təhsilimizin yeni keyfiyyət mərhələsinə keçməsi üçün ən yaxşı məqsəddir.
 
 
 
Cəsarət Valehov, fəlsəfə doktoru
Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ