SON DƏQİQƏ

PressDent.Info

Erməni bayrağı fonunda olan "Azərbaycan tarixi" kitabı barədə AÇIQLAMA

Erməni bayrağı fonunda olan
2-09-2015, 01:08 142083 dəfə baxılıb

"Qəbul proqramı əsasında hazırlandığı iddia olunan “Azərbaycan tarixi” adlı məlumat kitabı və digər bu tipli vəsaitlərlə TQDK-nın heç bir əlaqəsi yoxdur".
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə "Didaktika" adlı bir nəşriyyat tərəfindən hazırlandığı qeyd olunmuş “Azərbaycan tarixi” adlı məlumat kitabı ilə bağlı geniş müzakirələr aparılır. Qeyd olunan vəsaitin giriş hissəsində onun TQDK-nın qəbul proqramları əsasında hazırlandığı qeyd olunub.
Bildirilib ki, Komissiya tərəfindən hər il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul proqramları hazırlanaraq dekabr ayında nəşr olunur: "2016-cı il üzrə qəbul proqramları hələ ki hazırlanmayıb, buna görə də qeyd olunan vəsait qəbul proqramına uyğun ola bilməz".
 
Komissiyadan deyilib ki, abituriyent hazırlığı ilə məşğul olan kurslar bir sıra hallarda özlərinin nəşr etdikləri vəsaitlərin abituriyentlər arasında daha etibarlı olmasına inandırmaq, hazırlıq kursunun nüfuzunu artırmaq, daha çox abituriyent cəlb etmək üçün TQDK-nın adından qeyri-qanuni olaraq istifadə edir, bunun Komissiyanın proqramı əsasında və ya TQDK-nın ekspertləri tərəfindən hazırladığını iddia edirlər.
 
Qeyd edək ki, abituriyentlərin hazırlığına kömək məqsədilə TQDK-nın Ekspert Şurası tərəfindən hazırlanan tədris vəsaitləri yalnız “Abituriyent” jurnalına əlavə kimi dərc olunaraq ictimaiyyətə təqdim olunur. Bundan başqa, TQDK-nın heç bir hazırlıq kursu ilə hər hansı əlaqəsi yoxdur.
 
İctimaiyyətin nəzərinə bir daha çatdırmaq istəyirik ki, yuxarıda qeyd olunan “vəsait” də bu qəbildən olmaqla Komissiyaya heç bir aidiyyəti yoxdur.
 
Sosial şəbəkələrdə "Azərbaycan tarixi haqqında məlumat kitabı" adlı hazırlıq kitabının Ermənistan bayrağının rəngində olması məsələsi yenidən gündəmə gəlib.

İstifadəçilər Azərbaycanın tarixindən bəhs edən bir kitabın rənglərinin bu şəkildə olmasına etiraz edirlər. Həmin kitabın hansı ildə dərc olunması göstərilməsə də, "Didaktika" nəşriyyatında çapdan çıxdığı bildirilir. Bəzi abituriyentlər kitabın Təhsil Nazirliyinə bağlı olduğunu da iddia edirlər.
 
Təhsil Nazirliyi də sözügedən problemlə bağlı açıqlama yayıb. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə qeyd edib ki, ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan Azərbaycan Tarixi məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır: "Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur. Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır. Bir daha qeyd edirəm ki, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib".
 
Qeyd edək ki, sosial şəbəkə istifadəçilərindən bəziləri iddia edirlər ki, əslində, kitab fotoşopdur.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ