SON DƏQİQƏ

PressDent.Info

Mikayıl Cabbarov rektora töhmət verdi

Mikayıl Cabbarov rektora töhmət verdi
6-08-2015, 12:22 32755 dəfə baxılıb

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Texnologiya Universitetinin rektoruna töhmət verib.

Bunu bu gün Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin keçirdiyi iclasda Azərbaycanın təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

İclasda son zamanlar univesitet ətrafında cərəyan edən proseslər haqqında məlumat verən F.Qurbanov Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlandığını, kollektivin bəzi üzvlərinin neqativ hallara yol verdiklərini, yoxlama materiallarının prokurorluq orqanlarına göndərildiyini bildirib, bu kimi halların ali məktəbin imicinə ziyan vurduğunu qeyd edib.

F.Qurbanov təhsil naziri M.Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib.

Tədris işləri, həmçinin elm və texnika üzrə yeni təyin olunmuş prorektorları kollektivə təqdim edən F.Qurbanov rektora universitetin gənc və perspektivli kadrlarla təmin edilməsi, kollektivdəki mənəvi-psixoloji vəziyyətin sağlamlaşdırılması, maliyyə intizamının gücləndirilməsi, tədrisin keyfiyyətinin qaldırılması barədə nazirin tapşırıqlarını çatdırıb. Həmçinin, nazirin əmrinə əsasən, universitet rəhbərliyi tərəfindən Təhsil Nazirliyinin kollegiya iclasında 2015/2016-cı tədris ilinin nəticələrinə dair geniş hesabatın təqdim edilməsinin nəzərdə tutulduğu qeyd olunub.

İclasda o da qeyd edilib ki, Təhsil Nazirliyi, öz növbəsində, bu ali məktəbdəki kadr hazırlığı prosesinin keyfiyyətinin artırılması istiqamətində zəruri addımların atılmasını davam etdirəcək.

İclasda müalicədən yenicə qayıtmış rektor Akif Süleymanov iradlardan nəticə çıxaracaqlarını, fəaliyyətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması və qarşıya qoyulmuş vəzifələrin tam yerinə yetirilməsi üçün var gücü ilə çalışacaqlarını bildirib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ