SON DƏQİQƏ

PressDent.Info

“Şəkillərimizi postlara vurublar, bizi Nardarana buraxmırlar”

“Şəkillərimizi postlara vurublar, bizi Nardarana buraxmırlar”
15-05-2019, 18:30 3045 dəfə baxılıb

“İnanclı məhbuslar arasında ciddi xəstəliyi olan çoxlu sayda adamlar var. Günahsız adamlara yetərincə ağır işgəncələr, böyük cəzalar verilib. Bu gün xalqın inancı həbs altındadır” – “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov belə deyir.

Özü də 2015-ci ilin noyabrında Nardaran hadisələri ərəfəsində həbs olunub, 3 il 4 aydan sonra martda əfv sərəncamıyla azadlığa buraxılan Elçin Qasımov işgəncəyə məruz qalan, səhhətində ciddi problemlər olan inanclı məhbuslarla bağlı toplantıda çıxış edib.

Elçin Qasımov deyir ki, ona da, onunla birlikdə mühakimə olunan digər şəxslərə də ağlasığmaz işgəncələr verilib. Amma özünə söz verib ki, azadlığa çıxandan sonra bu haqda danışmayacaq:

“Ən pis vəziyyətdə olanı Əbülfəz Bünyadovdur, amma onun da narahatlığı özünə görə deyil, bu ölkənin bütövlükdə hüquq sisteminə görədir”.

“Sındırmaq üçün müxtəlif üsullara əl atırlar”

Elçin Qasımov inanclı kəsimin ayrıca kateqoriyaya ayrılmasının tərəfdarı deyil. O həm də müəyyən insanların dindarları qorxulu kəsim kimi təqdim etməsindən narazıdır. Bildirir ki, bu, məqsədli şəkildə edilir:

“Bizim şəkillərimizi postlara vurublar, Nardarana buraxmırlar. Bunlar istənilən halda, millətin, dövlətin xeyrinə olmayan məsələlərdir”.

Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova bildirir ki, bu yaxınlarda Qobustan həbsxanasından – həyat yoldaşıyla uzunmüddətli görüşdən qayıdıb. Orada olduğu müddətdə ictimai-siyasi fəallara qarşı münasibətin kəskinləşdiyinin şahidi olub:

“Onlara qarşı xüsusi kampaniya aparılır, hər fürsətdə aşağılamağa, təxribata çəkməyə çalışırlar. Sındırmaq üçün müxtəlif üsullara əl atırlar”.

Yazar Zümrüd Yağmur isə səhhətində problemlər olan inanclı məhbusların adlarını sadalayıb, onların durumundan danışıb:

“Nardaran məhbuslarından Cabbar Cabbarov qara ciyər serrozundan əziyyət çəkir, Şamil Abduləliyevin ayağındakı iki güllə dördüncü ildir çıxarılmır deyə, gəzə bilmir. Onun ayağının tomoqrafiyasını həkimə özüm göstərmişəm. Həkim dedi ki, yaxın vaxtlarda əməliyyat olunmasa, çox ciddi fəsadları olacaq. Elə də oldu. Digər Nardaran məhbuslarından Sahil Rzalının, Fərhad Mirzənin də səhhətində ciddi problemlər var”.

Toplantı iştirakçıları inanclı şəxslərə verilən işgəncələrlə bağlı şikayətlərə hüquq-mühafizə orqanlarının biganə yanaşması, səhhətində problemlər olan şəxslərin həbsdə lazımi müalicə almamasından da şikayətləniblər.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində inanclı şəxslərə işgəncə verilməsi barədə iddiaları təkzib edib.

Penitensiar Xidmətdən də AzadlıqRadiosu-na bildirilib ki, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, bütün məhkumlara eyni cür yanaşılır. Səhhətində problem olan istənilən məhkuma tibbi yardım göstərilir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ