SON DƏQİQƏ

PressDent.Info

Blogerin həyat yoldaşı: “Günahsız insanların azad olunmasını tələb edirəm”

Blogerin həyat yoldaşı: “Günahsız insanların azad olunmasını tələb edirəm”
19-07-2018, 17:10 3567 dəfə baxılıb

Həbsdə olan bloger Rəşad Ramazanovun həyat yoldaşının Amerikanın Səsinə verdiyi müsahibəni təqdim edirik:

Həbsdə olan bloger Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova Amerikanın Səsinə müsahibəsində blogerin həbsinin səbəblərindən danışıb. Rəşad Ramazanov (Facebook profili Rəşad Ağaaddin olub) 2013-cü il prezident seçkilərindən öncə Facebookda kəskin tənqidi status yazdıqdan sonra narkotik ittihamı ilə 9 il müddətinə həbs edilib.

Amerikanın Səsi: Həyat yoldaşınızın saxlanma şəraiti hazırda necədir? Siz Ramazanovun mütəmadi olaraq cərimə kamerasına salındığını, qeyri-insani rəftara məruz qaldığını bildiribsiniz?

Könül İsmayılova: Bəli, mən bu haqda mətbuata məlumat vermişdim. Bu barədə iyun ayının sonlarında Rəşadın özündən telefon danışığı zamanı məlumat almışam. Məlum olub ki, Rəşad uzun müddət cərimə kamerasında saxlanılıb. Heç bir qanun pozuntusu etmədən, həbsxananın daxili nizam-intizam qaydalarını pozmadan qeyri-qanuni olaraq cəzalandırılıb. Onun saxlanılma şəraiti çox acınacaqlı olub. Yayın isti vaxtında günün erkən saatlarından axşam saat 8-dək bu insan ac-sussuz qalıb. O, həftənin ən azı bir günü cəzalandırılırmış. Xeyli müddət Rəşad Ramazanov həbsxanada belə cəzalandırılıb. Rəşad üçün də, mənim üçün də ən dəhşətlisi həbsxanada Rəşadın adının psixi pozuntusu olan və ən təhlükəli məhbusların siyahısına salınması idi. Bu məni çox pis bir vəziyyətə saldı. Mən istər-istəməz baş verənlərlə bağlı mətbuata və Penitensiar Xidmətə məlumat verdim. Rəşad axırıncı dəfə telefonla danışanda vəziyyətin son zamanlar bir qədər sakitləşdiyini, ona qarşı hər hansı cəzanın tətbiq edilmədiyini vurğuladı. Hələ ki, məlumatım bu qədərdir. Başqa bir şey bilmirəm.

Amerikanın Səsi: Rəşad Ramazanov 2013-cü il mayın 9-da narkotik ittihamı əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Ailəniz bu ittihamı qəbul edirmi? Yuxarı məhkəmə instansiyalarının hökmə münasibəti necə olub?

Könül İsmayılova: Yox, razılaşmırıq. Təəssüf ki, Rəşad belə ağır ittihamla cəzalandırıldı. Biz bir qayda olaraq bunu qəbul etmirik. Bunun qurama olduğunu ailəmizdə hər kəs qəbul edir, bizi tanıyan hər kəs də bilir. İctimaiyyət də bilir ki, bu, qurama bir işdir. Əlbəttə ki, bütün məhkəmə instansiyalarına müraciət etdik, heç birindən razı qalmadıq. Son olaraq Avropa Məhkəməsinə müraciət etsək də, hələ ki, bu barədə heç bir qərar çıxarmayıb. Vəzyyət hələ ki, belə qalır, nə olacağını bilmirik. Düzünü desəm, mənim Avropa Məhkəməsindən də müsbət bir gözləntim yoxdur.

Amerikanın Səsi: Bəs həbsin əsas səbəbi nədir?

Könül İsmayılova: Həbsin əsas səbəbi Rəşadın ictimai fəaliyyətidir. Rəşadın istər sosial şəbəkələrdə, istərsə də aspirantı olduğu Milli Elmlər Akademiyasındakı fəaliyyətidir. Səbəb budur.

Amerikanın Səsi: Rəşad Ramazanovun həbsi ailənizdə hansı izlər buraxıb? Öhdənizdə aşyaşlı övladlarınız var.

Könül İsmayılova: Vəziyyətimizə, əlbəttə, mənfi təsir edib. Maddi cəhətdən, əlbəttə, heç bir müsbət təsiri olmadı. Psixoloji cəhətdən çox sarsıntılar keçirdik. Öhdəmdə iki azyaşlı uşağım var. Onların sualları var. Onların suallarına cavab vermək, onların digər ehtiyaclarını ödəmək, əlbəttə ki, bir​ ana kimi mənim üzərimdə cəmləşib. Mən maksimum dərəcədə çalışıram ki, bunların öhdəsindən gəlim. Allaha şükürlər olsun ki, öhdəsindən gəlirəm.

Digər cəhətdən deyərdim ki, daha yaxşı uğurlar əldə etdik. Cəmiyyətdə, istərsə də ailədə daha yetkin bir insan olduğumuzu dərk etdim. Uşaqlarımın yaşının az olmasına baxmayaraq mənəvi dəstək vermələri məni, bir ana kimi, daha da güclü edir.

Amerikanın Səsi: İyulun 22-si Milli Mətbuat Günüdür. Bu gün münasibəti ilə hökumətə və cəmiyyətə müraciətiniz varmı?

Könül İsmayılova: Yox, xüsusi olaraq fikirləşməmişdim, bir müraciət edim. Amma siz soruşdunuz, deyim. Azərbaycan hökumətinə deyim. Cəmiyyəti burada heç də suçlandırmıram. Hər halda, hakimiyyətə səslənərdim ki, Rəşad heç də sizin hesab etdiyiniz kimi təhlükəli bir insan deyil. Mənə elə gəlir ki, onlar özləri də yaxşı bilir ki, Rəşad elm sahəsində nə qədər savadlı və bu ölkəyə lazım ola bilən bir gəncdir. Daha doğrusu gənc idi, indi ona cavan deyək. Rəşad hər halda lazımlıdır. O elm sahəsində çox böyük uğurlar qazana bilər. Azərbaycan elminə lazım olan bir insandır. Ona görə də Rəşadın azad olunmasını istəyirəm. Eləcə də digər məhbusların, günahsız insanların azad olunmasını istəyirəm və tələb edirəm. Onlar cəmiyyət üçün də, dövlət üçün də çox lazımlı insanlardır. Onları həbs etməklə heç nəyə nail olmayacaqlar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ