SON DƏQİQƏ

PressDent.Info

Dedi ki, İlham Əliyev rayonu bizə verib, istəsək, camaatın üstündən BTR-lə keçərik

Dedi ki, İlham Əliyev rayonu bizə verib, istəsək, camaatın üstündən BTR-lə keçərik
17-07-2018, 13:34 8787 dəfə baxılıb

Gültəkin Hacıbəyli
Milli Şura Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili

2009-cu ilin payız ayları idi. Goranboyun indiki icra başçısı Nizaməddin Quliyev yenicə təyin edilmişdi. Mən hər ay olduğu kimi rayona gedib, kəndlərdə yerli camaatla görüşür, onları dinləyir, gücüm çatandan problemlərini həll edirdim. Həmin gün Bakı-Gəncə yolunun üstündəki Hazırəhmədli ərazisində yerləşən altı kəndi ziyarət etdim və orada görüşlər keçirdim. Goranboyun icra başçısını həmin vəzifəyə təyin etdirmiş və rayona faktiki ağalıq edən şəxs – Ziya Məmmədovun prorabı olan və mətbuatda adı çox dolaşıq işlərdə hallanan Qulam Ələkbərov zəng vurub mənimlə təcili görüşmək istədiyini dedi. Yolum düz onun Bəşirabad kəndindəki evinin qarşısından keçsə də, çox yorğun olduğumu deyib imtina etdim. Sonra o, Bakıdakı deputat dostlarımızdan birinə zəng etdirdi və mən həmkarımın sözünü yerə salmayıb Qulam Ələkbərovla görüşdüm. İnsafən, özü də, xanımı da, qızları da məni ən əziz qonaqları kimi qarşılayıb yola saldılar. Altı görüşdən qayıtdığım üçün yorğun idim və söhbətimiz qısa çəkdi.

Qulam Ələkbərov mənə açıq şəkildə dedi ki, İlham Əliyev bu rayonu Ziya Məmmədova verib, bundan sonra bu rayonun ağası bizik. Biz istəyərik, camaatın üstündən tankla, BTR-lə keçərik, siz heç nəyə qarışa bilməzsiniz! Mən şokda idim, özümü ələ alan kimi “Siz bu rayonun millət vəkili ilə danışdığınızın fərqindəsinizmi?” soruşdum. Dedi ki, millət vəkili kimi də, bir elqızı kimi də sizə böyük hörmətim var, ancaq rayon artıq bizlikdir. Bizim işimizə heç kim qarışa bilməz. Sizin ailənizin bir biznesi var, bilirəm, ona qarışası deyilik. Vəzifədə olan qohumlarınıza toxunmayacağıq. Mən “vəzifədə heç bir qohumum yoxdur” deyəndə “lap qohum olmasın, bir-iki vəzifəli şəxsi himayə edin, ona imkan verərik. Amma camaat bizlikdir”. Mən təbii ki, sərt etiraz etdim, “mənim vəzifə borcum millətimin yanında olmaqdır, məni buna görə seçiblər” dedim. Qulam Ələkbərov görünür, gerçəkdən mənə canıyananlıqla sözlərini belə yekunlaşdırdı: “Qara camaat onsuz da həmişə qaragünlü olub, həmişə də olacaq. Camaatın dərdi sizə qalmayıb. Ona görə özünüzü yandırmayın, gül kimi karyeranızı məhv etməyin. Axırda camaat buna görə gəlib sizə sağ ol deməyəcək. Bundan sonra rayon bizimdir. Camaatla necə istəsək, elə də davranacağıq. Siz yalnız özünüzə pislik edə bilərsiniz!”.

Təbii ki, Bakıya qayıdan kimi birinci işim Prezident Administrasiyasına gedib eşitdiyim dəhşətləri orada danışmaq, prezidentin müdaxiləsini istəmək idi. Az əvvəl Ramiz Mehdiyevin israrlı təkidlərinə rəğmən indi mənə qarşı əks-təbliğat cəbhəsinin başında duran Emin Millinin və Adnan Hacızadənin üzünə durmadığım üçün PA rəhbərilə münasibətlərim korlanmışdı. Zeynal Nağdəliyevə zəng vurdum. Olanları danışdım. Heç gözləmədiyim təkəbbür və qabalıqla “Siz düz danışmırsınız, Qulam kimdir, mən heç elə adam tanımıram, (Кто такой Гулам?), bütün dünya bizim idarəetmə modelimizə paxıllıq edir, hamı idarəetməni bizdən öyrənir” dedi. Zeynal müəllimin sözlərindən belə çıxdı ki, mən də həmin paxıllardanam, dünyada analoqu olmayan idarəetməyə böhtan atıram. İki gün sonra mənə Qulam Ələkdərovun bir dostu zəng vurdu və Zeynal Nağdəliyevlə aramızda olan söhbəti az qala nöqtəsinə-vergülünə qədər dəqiqliklə təkrarladı…

Uzun yazıb vaxtınızı aldığım üçün üzrlü sayın, ancaq Elmar Vəliyevə qarşı sui-qəsdə gedən yol bax o vaxtdan başlamışdı. Yəqin ki, Gəncənin deputatlarını da çağırıb deyiblər ki, “Bu şəhəri Elmar Vəliyevə veriblər, bizlikdir. İstəsək, camaatın üstündən tankla, BTR-lə keçərik, siz qarışmayacaqsınız”. Amma çox güman ki, onlar məndən fərqlı olaraq, anlayışlı deputatlar olublar, elə əvvəldən “camaatın dərdi bizlik deyil” deyib karyeralarını, rifahlarını düşünüblər. Azərbaycanı orta əsrlərə, feodal idarəçiliyinə, feodal-təhkimçi, ağa-qul münasibətlərinə qaytaranlar bir gün Koroğlu kimi, Robin Qud kimi “kasıbların dostu, zülmkarların düşməni” olan birinin- Yunis Səfərovun ortaya çıxıb “tankın, BTR-in altına salınıb əzilən” millətin qısasını alacağını da düşünməli idilər. Və bu hələ başlanğıcdır. Vay o günə ki, pambıq plantasiyalarında zəhərlədiyiniz qullar ayağa qalxıb öz Spartakının ardınca getsin! Düşünün, düşünməyə, əslində, çox az vaxtınız qalıb, yaxşı-yaxşı düşünün!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ