SON DƏQİQƏ

PressDent.Info

İlham Əliyev: Cinayətlər cavabsız qalmır

İlham Əliyev: Cinayətlər cavabsız qalmır
13-07-2018, 15:48 8787 dəfə baxılıb

'Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur''

İyulun 13-də prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

APA-nın məlumatına görə, prezident iyulun 3-də və 10-da Gəncədə baş verən olayları dövlətçiliyə qarşı cinayətlər adlandırıb:

“İki polis əməkdaşı şəhid olub, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı isə yaralanıb. Bu cinayəti törədən cinayətkar qrup Azərbaycanda sabitliyi pozmaq istəyir. Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Bu terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Keçən il Azərbaycanda İslam Həmrəyliyi İli elan edilib. Bu cinayətkarlar müsəlman deyillər. Cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pislədi, bu cinayəti törədənlərə öz nifrətini ifadə etdi. Azərbaycan dövləti də öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub”.

İlham Əliyev müstəqillik illərində bir neçə belə cinayət törədildiyini, amma niyyətlərinə çatmadığını xatırladıb və bunu xalq-iqtidar birliyi ilə əlaqələndirib:

“Xalq-iqtidar birliyinə nə xarici, nə də hər hansı daxili qüvvə təsir edə bilər. Azərbaycanın müasir tarixi bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, qurur. Bu gün Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. İqtisadi, hərbi quruculuq, idman, sosial və digər sahələrdə Azərbaycan sürətlə inkişaf edir. Son 15 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmayıb. Əlbəttə, uğurlarımıza kölgə salmaq, bizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı yalan, iftira üzərində qurulmuş kampaniyalar aparırlar. Azərbaycan xalqı bu yalanlara, böhtanlara inanmır, öz rəhbərliyinə inanır. Bu il keçirilən prezident seçkiləri bunu əyani surətdə sübut etdi”.

 

 

Ölkə başçısı deyib ki, xaricdən idarə olunan media tərəfindən qaralama kampaniyası aparılsa da, nəticəsi olmur:

“Özlərini QHT adlandıran bir qrupun kampaniyasının da heç bir təsiri olmadı. Bu gün NATO-nun zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu sübut etdi”.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı sui-qəsdə məruz qalıb. İyulun 10-da bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısında aksiya keçirməyə cəhd edib. Hadisə nəticəsində iki polis zabiti küt alətlə öldürülüb. Bu hadisələr ölkə ictimaiyyəti tərəfindən müzakirə mövzusuna çevrilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ