SON DƏQİQƏ

PressDent.Info

Siyasi Məhbusların Monitorinqi Mərkəzi: Yeni həbs dalğası başlayıb

Siyasi Məhbusların Monitorinqi Mərkəzi: Yeni həbs dalğası başlayıb
15-06-2018, 22:50 11136 dəfə baxılıb

Ümidlərə baxmayaraq, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət yaxşılaşmayıb və birinci yarımildə müsbət dəyişikliklər baş verməyib, əksinə, yeni repressiyalar dalğası başlayıb. Bu barədə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin Azərbaycanda insan hüquqları sahəsində vəziyyət haqqında yarım illik hesabatında deyilir.

Növbədənkənar seçkilər ənənəvi olaraq müxalifətə təzyiq, həbslər və cəmiyyətdə qorxu yaradılması şəraitində keçirilib.

Xüsusən, fevralın 5-də “Müsəlman Birliyi” Hərəkatının iki fəalı – Samir Babayev və Mahir Quliyev inzibati qaydada 60 gün müddətinə həbs edilib.

Fevralın 27-də “Müsəlman Birliyi” Hərəkatının fəalı Rəvan İsmayılov Rusiyadan qayıdarkən qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edilib.

Bundan başqa, müxalifət qüvvələrinin 10 mart mitinqi ərəfəsində Xalq Cəbhəsi Partiyasının altı fəalı inzibati qaydada həbs edilib, 100-dən çox müxalifətçi isə polisə çağırılıb və xəbərdarlıq edilib.

Milli Şuranın 13 mart və 14 aprel mitinqləri ərəfəsində də inzibati həbslər olub.

31 mart mitinqindən sonra gənc fəal Fatimə Mövlamlı yoxa çıxıb. Məlum olub ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin zirzəmisində saxlanır və təzyiqə məruz qoyulur. O, başına gələnlər böyük ictimai rezonans doğurduqdan beş gün sonra azad edilib.

Martın əvvəllərində siyasi mühacir, Fransada Azərbaycan səfirliyi qarşısında etiraz aksiyasında iştirak etmiş Rəşad Qurbanovun qardaşı Fuad Qurbanov Mingəçevir polisində 30 gün müddətinə həbs edilib.

R.Qurbanovun qaynı İlkin Quliyev Şəkidə 30 gün müddətinə həbs edilib.

Repressiyalar dalğası prezident seçkilərindən sonra da davam edib. Belə ki, 31 mart mitinqindən əvvəl 30 gün müddətinə həbs edilmiş fəal Orxan Baxışlı azadlığa çıxdıqdan 10 gün sonra yenidən həbs edilib. Bu dəfə ona qanunsuz narkotik dövriyyəsi ilə bağlı cinayət ittihamı irəli sürülüb.

Bu, mayın 3-də Baxışlı Ümumdünya Mətbuat Günündə jurnalist Elmar Hüseynovun məzarı başında qətldə Azərbaycan hakimiyyətini ittiham etdikdən sonra baş verib.

Mayın 9-da AXCP fəalı, ağır xəstə olan Mirfeyzulla Seyidov böyük ölçüdə narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Bu, sosial şəbəkələrdə narazılıq doğurub. İki həftə sonra Seyidov ev dustaqlığına buraxılıb.

Mayın 28-də qeyd edilən AXC-nin yüz illiyi ərəfəsində AXCP fəalı Əflatun Səfərov və Müsavat Partiyasının fəalı Elvin Abdullayev 30 günlük inzibati həbsə məruz qoyulub.

Mayın 25-də AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov həbs edilib. Onlar Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə məsuliyyətə cəlb edilib. Onların hamısını “çirkli pulların yuyulmasında” ittiham ediblər, bu, Rusiyada azərbaycanlı biznesmenlərdən yığılan ianələrin AXCP-yə verilməsindən ibarət olub.

Mayın 28-də AXC-nin 100 illiyi ilə əlaqədar yürüşdə REAL Partiyasının beş fəalı 10 gündən 30 günə qədər inzibati qaydada həbs edilib.

Hesabat müəllifləri qeyd edirlər ki, 100 illik münasibəti ilə gözlənilən əvf ümidləri doğrultmayıb.

Əvf 160 siyasi məhbusdan 12-nə şamil edilib, onların yarısının cəza müddətinin bitməsinə bir neçə gün və ya həftə qalmışdı.

“Azərbaycan hakimiyyəti narazı vətəndaşlara qarşı repressiya siyasəti aparır, insan hüquqlarını kobud şəkildə pozur. Ölkədə vətəndaş cəmiyyəti institutları talan edilib, dindarların hüquqları amansız şəkildə tapdalanır, məhkəmələr hakimiyyətin sifarişlərini yerinə yetirir”, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov bildirib.

Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2012-ci ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb.

Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə siyasi məhbusların olmadığını bildirir. Hökumət rəsmiləri siyasi məhbus adları əks olunmuş hesabatları qətrəzli adlandırır, bütün insanların qanun qarşısında bərabər olduğunu və siyasi mövqeyinə görə insanların həbs edilmədiyini bəyan edir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ