SON DƏQİQƏ

PressDent.Info

Hakimiyyəti Avropadakı mühacirlərə burdakılar söydürür

Hakimiyyəti Avropadakı mühacirlərə burdakılar söydürür
6-04-2018, 18:52 10005 dəfə baxılıb

Bəxtiyar Hacıyev

Dünən gecə bir xanım həkim dostumuz zəng elədi ki, YPX onun maşınını saxlayıb, cərimə duracağına aparır. Dedim niyə? Dedi ki, xəstələrindən birinin vəziyyəti ağırlaşıb, xəstəxanaya çağırıblar, tələsirdi. Dedim axı ona görə cərimə duracağına aparmırlar maşını. Getdim, YP-273 nömrəli maşındakı inspektora yaxınlaşdım, çox mədəni və səbrli şəkildə, saxlanmanın və cərimə duracağına aparılmanın səbəbini soruşdum. Dedi ki, sürətli sürüb, ay nə bilim dövlət tədbiri vardı (gecə 11-də) filan. Mən izah etdim ki, buna görə cərimə var, ancaq cərimə meydançasına aparmırlar maşını. Dedi ki, elə şey yoxdur. Açdım, vətəndaşlar və cəmiyyət üçün çox dəyərli DJ Tural bəyin bu mövzudakı bir bloq yazısını, inspektor da zəng etdi kiməsə, sonra dedi hə, düz deyirsiniz, qanunsuzdur, amma mən buraxmıram, əcəb edirəm, gedin sabah məhkəməyə verin, KİMƏ İSTƏYİRSİNİZ, ŞİKAYƏT EDİN. Nə qədər səbrlə, təmkinlə, mədəni danışsam da, sürüb çıxıb gedirdi, kimisə qovub, sonra gəlib pusqusunda dayanırdı digər YPXlarla.

Səhər dəyərli dostumuz DYP rəhbərliyinə çatdırdı məsələni, dedilər qanunsuz aparılıb cərimə meydançasına, buraxdılar maşını.

Ancaq gecə həmin XƏSTƏ DÜNYASINI DƏYİŞDİ! Nəsimi YPX-da bu barədə deyəndə, çox rahat şəkildə “işdir də, olanda olur, keçdi, getdi” dedilər.

İndi prezidentin köməkçisi hörmətli Əli Həsənov müəllimə müraciət edirəm. 2 ali təhsilli vətəndaş hansısa 2 dana satmış, heç bir insani keyfiyyəti olmayan, ş…, k…, g…, a… s… , q…. (BXSV – burada xeyli söyüş var) olan serjant qarşısında haqlarını tələb etməyə acizdirsə, (BXSV) bir gədə iki vətəndaşa “get, kimə istəyirsən şikayət et” deyirsə və min dəfə təkrarlanan belə halda heç bir tədbir görülmürsə, bir dənə də (BXSV) gədə ictimai şəkildə cəzalandırılmırsa, vətəndaşlar söyüş söymək, əlində qumbara harasa atmaq, özünü vəya başqasını yandırmaq həddinə çatdırılırsa, kimin günahıdır?

Tutaq ki, mən dünən o (BXSV) inspektorun hərəkətləri qarşısında səbr edib, telefondan canlı yayım açıb, söyüş hərəkatına qoşulmadım, bəs siz iki ali təhsilli vətəndaşı, xəstə yanına tələsən həkimi iki dana satan adicə bir inspektor qarşısında belə aciz qoyan sistem qurmusunuzsa, mən necə gedib 11 apreldə #bizidusunenbirivar deyib, ürəklə səs verim? Ola bilər ki, şəxsən #sizidüşünənbirivar, amma bizi düşünən olsaydı, min dəfə qaldırdığımız problemlərdən birinə reaksiya olardı, danabaşlardan ‘qanunsuzdur, əcəb edirəm, kimə istəyirsən, şikayət et’ deməzdilər.

Təkcə mən yüz dəfə belə problemlə qarşılaşıb, ictimailəşdirmişəm, bircə dəfə ciddi tədbir görülməyib. Necə deyim, məni düşünən bir dövlətim, hökümətim, prezidentim var? Niyə vətəndaşı bu qədər çarəsiz, bu qədər aqressivləşəcək duruma salırsınız axı, cənab Əli Həsənov?

Bilirəm ki, sizə ünvanlanmış postları oxuyursunuz, çatdırırlar. İzah edin, bilək, görək milyonlarla normal, təhsilli, dünyagörmüş adamlar min dəfə qaldırdıqları problemlərə bir dəfə reaksiya görməyiblər, əksinə, danabaş, gecələr pul dalınca trasa düzülmüş, (BXSV) inspektorların kobudluqlarının əziyyətini çəkməlidirlər?

Niyə də, niyə? Niyə bircə dəfə birinin ictimai şəkildə (BXSV) cəzalandırmırsınız ki, camaat da düşünsün ki, bizi də düşünən, eşidən var, söyüş həll yolu deyil, problem olanda qaldırılır, həll edilir?

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ