SON DƏQİQƏ

PressDent.Info

Növcavanlar və hüquq müdafiəçiləri

Növcavanlar və hüquq müdafiəçiləri
26-03-2018, 19:24 8091 dəfə baxılıb

Ənnağı Hacıbəyli

Son günlər Avropa ilə Azərbaycan arasında söyüş mübadiləsi ölümünə qızışıb. “Avropanın ifrat azadlıqlarında özünü itirən iki cüt bir tək növcavan və uğursuz hüquq müdafiəçisi” (sitatlar Əliməmməd Nuriyevdəndi) ilə Azərbaycan hakimiyyətinin rəsmi nümayəndələri, qeyri-rəsmi trol dəstəsi, yaranmış şəraitdən yararlanıb puldan, vəzifədən qoparmaq istəyənlər arasında virtual söyüş müharibəsi gündəmin başlıca mövzusuna çevrilib. Hamı bir-birini söyür. Deyirlər adətən həqiqət iki savaşandan birinin tərəfində deyil, ortada olur. İndi bu ortalıqda yiyəsiz qalan anası ölmüş həqiqətə sahib çıxan yoxdu. Ondan xeyir gəlməsi perspektivinin zəifliyi tərəf olmaq meyli qarşısında acizdi.
Hakimiyyət yandaşlarının fikrincə, söyüş müharibəsini “Avropanın ifrat azadlıqlarında özünü itirən iki cüt bir tək növcavan və uğursuz hüquq müdafiəçisi” başlayıb. Məni təşəbbüskardan çox günahkar maraqlandırdığından daha çox ondan danışmaq istəyirəm.
Öncə onu deyim ki, söyüş söymək siyasi mübarizə vasitəsi olmamalıdı. Söyüş söymək ədəbsizlikdi. Söyüşü kimin söyməsindən asılı olmayaraq o, qınanmalıdı.

Kimi və nəyə görə söyürlər?

Kimisə söyürlərsə, bu, söyülənin və ya söyənin mübahisəsiz haqsız, yaxud haqlı olması anlamına gəlməz. Amma söyülən nədən söyüldüyü barədə düşünməlidi. Bu, mübahisəsizdi. “Növcavanlar və uğursuz hüquq müdafiəçisi”nin söyüşü növcavanların qürbətə üz tutmasından və adamın atasının qəbrinin təhqir olunmasından başlandı. Hakimiyyət dərhal goreşənləri tapıb cəzalandırmaq əvəzinə adamın qohumlarını təkzibə təhrik etdi. Növcavanların bəzən normal çərçivələri aşan tənqidi fəaliyyətinə qohumlarını polis bölmələrinə sürüyüb təhqir etməklə, şərləməklə, haqsız cəzalarla cavab verildi. Sonucda hakimiyyət bu savaşda ona rəğbət bəsləyəcək xeyli təəssübkeşini itirdi.
“Unitazı tribuna, tualeti dəyirmi masa zalı bilənlər”i bu duruma kimin sürüklədiyini araşdırsaq görərik ki, burada da hakimiyyət öz əkdiklərinin bəhrəsini yeyir. Nədən bu ölkədə azad sözə tribuna tapılmır və adamlar xarici ölkələrin unitazından tribuna kimi istifadə etməli olur?. Nədən bu ölkədə bir dənə də olsun müxalifət mətbuatı çap olunmur? Nədən bu ölkənin bütün telekanalları ancaq hakimiyyətə tərif deyənlər üçün açıqdır? Ağzı yumulan adamlar haçansa imkan tapıb səsini çıxaracaq. Sən onun ağzını nə qədər bərk və nə qədər çox yumsan, o bir o qədər çox qəzəblənəcək, bir o qədər çox nifrət daşıyıcısına çevriləcək və sonda söyüşdən başqa heç nə onu soyutmayacaq.
“Azərbaycanın milli dəyər və əxlaq normalarına qarşı səlib yürüşü”nün təşkilatçıları Avropa deyil, Azərbaycan hakimiyyətinin nümayəndələridi. Xədicə İsmayılı anasının son nəfəsinə buraxmamaq Azərbaycanın milli dəyər və əxlaq normalarına qarşı “səlib yürüşü” deyilmi? İntiqam Əliyevin ofisini – şəxsi əmlakını 4 il həbsdə saxlamaq Azərbaycan qanunlarına qarşı “səlib yürüşü” deyilmi? Haqqında heç bir cinayət işi olmayan adamları ölkədən çıxmağa, hətta müalicəyə getməyə illərlə buraxmamaq hansı əxlaqa və qanuna sığır?
“Səlib yürüşü” müstəqil və tənqidçi vətəndaş cəmiyyəti təşkilatlarını darmadağın etmək, müxalif fikirli və ya hər hansı ziyanlı fikri olmayan partiyaları qərargahsız qoymaq, fəal vətəndaşları türmələrə doldurmaq deyilmi? Üstəlik, bu şəraitdə hüquq müdafiəçisindən uğur tələb etmək nə dərəcədə məntiqlidi? İndiki şəraitdə bu ölkədə ancaq nazirliklərin ictimai şuralarında və ictimai “nəzarət” komitələrində küllənməklə “uğurlu hüquq müdafiəçisi” olmaq mümkündü. Arabanın beşinci təkəri olan bu şuralarda karyera güdən və sədəqə toplayan “uğurlu” hüquq müdafiəçiləri heç bir türmədə qanun pozuntusu tapmırsa, biz nədən danışırıq və nə haqla başqalarına əxlaq dərsi veririk?
“Bu icraçılardan zombi kimi istifadə olunur”sa, onların üstünə göndərilənlərdən nə kimi istifadə olunur? Dövlət hakimiyyətinin nümayəndələri “iki cüt bir tək zombiləşdirilmiş növcavanın” və bir “uğursuz hüquq müdafiəçisi”nin “səlib yürüşü”nə rəsmilərin və trolların “səlib yürüşü” ilə cavab verirsə, onların arasında fərq nədir və bu bərabərlikdə tərəf olmaqla obyektiv mövqeyə iddia etmək olarmı?
“Avropanın tualet və zibilliklərində eşələnən” soydaşlarını qınayanlar düşünürlərmi ki, onlar nədən bu gözəlim Azərbaycanı oralara dəyişiblər? Belə ifadələrdə bir az ehtiyatlı olmaq gərəkdi. Artıq qürbətçi soydaşlarımızın sayı 3 milyonu keçib. Bəşər tarixi yaranandan bu günədək heç kim qürbətə kefindən üz tutmayıb. Onlar qürbətə bizneslə məşğul olmaq üçün yox, Vətəndə yaşaya bilmədiklərindən gediblər.
Yeri gəlmişkən, Əliməmməd müəllimin küfrlə bağlı etirazı barədə xeyli baş sındırmalı oldum. Müəllif küfrün nədən ibarət olmasını açıqlamadığından özüm cavab axtarmalı oldum. Çox güman ki, küfr Şeyxin Karlovı-Varı biznesi ilə bağlı məlumatlardan gedir. Elədisə, bunun küfr, ya ifadə azadlığı olması barədə qərarı məhkəmə və QMİ-nin Ali Dini Şurası verə bilər. Əliməmməd müəllim kimi savadlı adamın başqalarının səlahiyyətlərinə müdaxilə etməsini anlamadım. Görünür, burda nəsə bir hikmət var.
Hikmət olsun, yanlış olmasın. Yanlış həmişə naxış deyil.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ