SON DƏQİQƏ

PressDent.Info

Hakimiyətin Qarabağın qara bəxti ilə oynadığı bir il də qurtardı

Hakimiyətin Qarabağın qara bəxti ilə oynadığı bir il də qurtardı
30-12-2017, 14:37 17487 dəfə baxılıb

Milli Şiranın sədri Cəmil Həsənli növbəti fb statusunda hakimiyyətin Qarabağ siyasətindəki daha bir uğursuz ili haqqında fikirlərini bölüşüb:

“Qarabağsız daha bir ili yola salırıq. Ötən ilin sön günlərində 2017-də Qarabağa qovuşacağımız haqqında çoxlu şirin vədlər verilmişdi. Hamısı vədə olaraq qaldı. Nəyinki Qarabağa qovuşa bildik, əksinə ondan bir il də uzaqlaşdıq. 25 il bir ölkənin ərazisinin başqa bir ölkənin işğalında qalması üçün kifayət qədər uzun bir vaxtdır. Vaxtın belə uzanması Qarabağ üçün Fələstinləşmə təhlükəsini doğurur. Qüdslə bağlı baş verən gözlənilməz olaylardan biz də sığortalanmamışıq. Qarabağ azad edilmədikcə, vaxt keçdikcə, “lazım” gəlmədikcə Qarabağın taleyi daha çox risklər altına düşür.

Nədən məsələ belə uzandı? Cənab İlham Əliyevin hələ neft gəlirlərinin pik vaxtından televiziyalarda hər gün təkrar-təkrar fırladılan belə bir reklam çarxı var: “Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var.” Az sonra “bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən böyükdür” fikri az qala yurdu yağmalanmış millətin iftixar mənbəyinə çevrilsin. Amma reallıqda büdcəsi Ermənistanın toplam büdəcəsindən çox olan güclü ordunun meyarı düşmən tapdağında olan torpaqları azad etməkdən ibarət olmalı idi. Lakin torpaqlar azad edilmədi, indi artıq o büdcə də yoxdur.

2017-ci il Qarabağın taleyi baxımından nə ilə yadda qaldı? Əslində, Qarabağın işğal altında olduğu uzun illər ərzində ən dəhşətli, ən acınacaqlı fakt məhz, bu il üzə çıxdı. Və məlum oldu ki, büdcəsi Ermənistanın toplam büdcəsindən böyük olan bir ordu üçün ayrılmış dövlət vəsaitləri əyri və natəmiz yollarla gizli ofşor hesablara göndərilirmiş. Danimarkanın Desko bankının pul köçürmə sənədlərinə istinadən Mütəşəkkil cinayətkarlıq və korrupsiya faktlarını araşdıran Beynəlxalq jurnalist qrupu Azərbaycan Müdafiə, Müdafiə sənayesi, FHN və keçmiş MTN-ın ölkənin müdafiəsi və təhlükəsizliyi üçün ayrılmış vəsaitləri əyri yollarla London ofşorlarına qaçırıldığın ortaya qoydu. O da bəlli oldu ki, Qarabağ boyda dərdi olan bir ölkənin Baş nazirinin birinci müavini Rusiyadan tək silah yox, bu silaha üstəlik olaraq “şapka” da alırmış. Dünyanın siyasi və maliyyə mərkəzlərindən biri olan Londonda Azərbaycanın “pul yuyan maşını” aşkarlandı və sən demə həmin maşında oğurluq, çirkli pullarla yanaşı, Qarabağın qara bəxtini da yuyurmuşlar. Ərazisi işğal olunan bir ölkənin hakim elitası ordunun pulun, təhlükəsizlik üçün ayrılmış dövlət vəsaitlərin oğurlamaq səviyyəsində korrupsiyaya qurşanıbsa, ərazilərin 25 ildən artıq düşmən tapdağında qalmasına təəccüblənmək sadəlövhlük, ondan düşmən işğalında olan əraziləri azad edəcəyini gözləmək xülyadır.
2017-ci ildə münaqişə tarixində ilk dəfə Qarabağın taleyinə bir az da şərab damızdırıldı, ermənilərlə bir stol arxasında oturub şərab içilən günlərin “nisgili” ifadə edildi. Ölkənin idarəçiliyində böyük rolu olan ikinci rəsmi şəxs hətta Azərbaycan xalqında ermənilərin timsalında düşmən obrazı formalaşsına heç vaxt yol verməyəcəyini bəyan etdi. Vətən oğrunda savaşda 25 mindən çox oğullarını qurban vermiş anaların, ərlərini itirmiş gəlinlərin, atalarını gözləyən övladların, gözü yaşlı bacıların içindəki düşmən erməni obrazı necə, hansı yolla dəyişəcəkmiş? Bu cür pasifist ideyalar vaxtı ilə müharibə aparan digər ölkələrdə də müşahidə edilib, lakin qələbə deyil, məğlubiyyət sindromu kimi yadda qalıb.

Avroasiya ittifaqının üzvü olan Ermənistanın Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına qoşulması, Azərbaycan hökumətinin isə demokratiyaya müqavimət acısından Avropa İttifaqı ilə əməkdaşlıqdan imtinası da 2017-ci ilin Qarabağ salnaməsinə ağır bir diplomatik zərbə oldu. Rusiyanın yardımı ilə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan məhz 2017-ci ildə Avropa İttifaqının yanında yer aldı, torpaqları işğal edilmiş Azərbaycan isə həmin işğalda açıq və gizli formada iştirak etmiş Rusiyanın yanında dayandı. Bununla hakimiyyət öz məhdud maraqlarını əsas tutaraq Qarabağın taleyi baxımdan ölkəni Avropa İttifaqının yardımından məhrum etdi. Ardıcıl şəkildə Qarabağ məsələsində Azərbaycanı müdafiə edən Avropa Şurasına qarşı savaş açılması da yaxşı bir perspektiv vəd etmir. Hazırda Avropanın və dünyanın taleyində mühüm rol oynayan bu iki qurumun yardımından məhrum olmaq 2017-ci ilin ağır diplomatik məğlubiyyətidir.

Və ən nəhayət, 2017-ci ilin yazında səngər bölgəsində yaşayan balaca Zəhranı ermənilər vurdu, onun valideynlərini isə Azərbaycan rəsmiləri aldatdı. Zavallı körpənin təmtəraqlı dəfnindən sonra onun valideynlərinə vəd edilən ev onlara verilmədi. Necə ki, uzun illər boyu İlham Əliyev hökuməti şəhid ailələrinin qanunla müəyyən edilmiş qan pulunu verməyə vəsait “tapa” bilmirdi.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ