SON DƏQİQƏ

PressDent.Info

Cəmil Həsənli: “AB ilə sazişin detalları bilinməlidir”

Cəmil Həsənli: “AB ilə sazişin detalları bilinməlidir”
6-11-2017, 19:54 8004 dəfə baxılıb

«Azərbaycan yalnız iqtisadi, enerji məsələlərində deyil, demokratiya və insan haqlarına münasibətdə də Avropa Birliyi (AB) ilə əməkdaşlığa hazır olmalıdır».

Milli Şuranın (MŞ) sədri Cəmil Həsənli müxalifət nümayəndələrinin Avropa Birliyi rəsmiləri ilə bu gün, noyabrın 6-sı görüşündən sonra AzadlıqRadiosuna belə deyib.

C.Həsənlinin deməsinə görə, sözügedən görüş AB ilə Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı hazırlanmaqda olan tərəfdaşlıq sazişi ilə bağlı olub. Görüşdə MŞ sədri Cəmil Həsənli, REAL təmsilçisi Natiq Cəfərli və Müsavat Partiyasından Tofiq Yaqublu AB elçisi Adriaan Palm ilə müzakirələr aparıblar.

C.Həsənlinin bildirdiyinə görə, görüş AB ilə imzalanacağı gözlənilən əməkdaşlıq sazişi ilə bağlı müxalif siyasi qüvvələrin mövqeyini öyrənmək məqsədi daşıyıb:

«Müxalif siyasi çevrə olaraq bildirdik ki, Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığını vacib hesab edirik. Ölkəmizi Avropa Birliyinin daxilində görmək istəyindəyik. Bu, bizim strateji hədəfimizdir. Eyni zamanda bildirdik ki, hökumətin siyasi, iqtisadi və sosial sahələrdə islahatlar aparması vacibdir. Hazırda Azərbaycandakı durum Avropa Birliyinin tələblərinə uyğun deyil. Ümumi yanaşmamız bundan ibarət oldu ki, Azərbaycan yalnız iqtisadi, enerji məsələlərində deyil, demokratiya və insan haqlarına münasibətdə də Avropa Birliyi ilə əməkdaşlığa hazır olmalıdır».

C.Həsənli deyir ki, görüşdə seçki, Qarabağ münaqişəsi, korrupsiya, siyasi məhbus sayılan şəxslərin azad olunması, mətbuatın təqibi və sərbəst toplaşmaq azadlığı məsələsini müzakirə ediblər. Onun deməsinə görə, görüşdə AB ilə imzalanacağı gözlənilən sazişin detallarına toxunulmayıb. Ancaq yaxın 3 ildə Avropa Birliyi-Azərbaycan əməkdaşlığının konturlarının müəyyən edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

C.Həsənli deyir ki, müxalif qüvvələr AB ilə imzalanacaq sazişin detallarının ictimailəşməsini istəyir.

«Cəmiyyət bu sənədin bütün detallarını bilməlidir. Biz Avropa Şurasına üzv olanda sadəlövhcəsinə düşünürdük ki, qurum Azərbaycanı öz standartlarına uyğunlaşdıracaq. Təəssüf ki, əksi oldu. Bu mənada oxşar vəziyyətin Avropa Birliyi ilə baş verməsini istəməzdik. Ona görə cəmiyyət sazişdə söhbətin hansı istiqamətdə getdiyini bilməlidir. Məsələ ondadır ki, rəsmi təbliğatda Avropanın qorxunc obrazı yaradılır, halbuki, tamam başqa mənzərədir», – C.Həsənli söyləyib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ