SON DƏQİQƏ

PressDent.Info

İlham Əliyevin xəbəri olmadan heç kəs belə bazar aça bilməzdi

İlham Əliyevin xəbəri olmadan heç kəs belə bazar aça bilməzdi
6-09-2017, 20:04 4959 dəfə baxılıb

Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan hakimiyyətinin korrupsiya əməlləri haqda növbəti ifşaedici materialların yayılmasına münasibət bildirib. Cəmil Həsənli feysbuk səhifəsində yazır:

“The Guardian qəzetinin Əliyev rejiminin pul camaşırxanası haqqında dünənki yazısı bütün dünyanı çalxalandırır. 3 ildə yalnız bir maliyyə axını üzrə 3 milyard dollar ölkədən çıxarılıb, bu məbləğ üç ilə bölünəndə hər gün orta hesabla 3 milyon dollar pul çıxarıblar, HƏR GÜN. Dünya mətbuatı bu xəbərdən şok məlumatlar yayır. Böyük Britaniya parlamenti bu rüsvayçılığa görə hökumətdən hesabat tələb edir. La Manş sahillərinin yuduğu Azərbaycan puluna görə öz xalqına hesabat verməyən isə İlham Əliyevdir.

Prezidentin köməkçisi Əli Həsənov və mətbuat xidməti millətə Məlikməmməd nağılı danışır. Guya bunu erməni lobbosi təşkil edib və bu yazının arxasında “dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan Corc Soros və onun əlaltıları dayanır.” Bir o qalıb ki, desinlər bəs “Guardian”da erməni qəzetidir, çünki qəzetin adının sonu “ian”la qurtarır. Amma yazıda sənəd-sübutla ortaya qoyulub ki, 2012-2014-cü illərdə başlanğıcın Beynəlxalq Bankdan götürməklə Baktelekom MMC vasitəsi bəlli marşurutla – Danske Bankın Estoniya filialının araçılığı ilə Britaniyada qeydiyyatdan keçmiş 4 saxta Azərbaycan şirkətinə gizli şəkildə 3 milyard dollar pul keçirilib. Bu şirkətlərin hakim ailə ilə bağlıllığı haqqında araşdırmaçı jurnalistlər ciddi məlumatlar aşkarlayıblar. Hətta pulların bir hissəsinin kimlərə verildiyi barədə məbləğ göstərilməklə bəlli adlar da qoyulub ortaya. Bunun ermənilərə və erməni lobbisinə nə dəxli var? Əgər siz dələduzluq, saxtakarlıq, fırıldaqçılıq, yalançılıqla məşğulsunuzsa bunun Corc Sorosa və onun əlaltılarına nə dəxli var? Əgər hakim elita öz xalqından, öz ölkəsindən, öz millətindən oğurluq edirsə, buna erməni neynəsin, Corc Soros neynəsin? Əgər Azərbaycan hakimiyyəti iddia edirsə ki, bu material sifarişlə yazılıb, bəlli, elədir. Öz peşəsinə hörmətlə yanaşan jurnalistlərin vicdanının səsi və vicdanının sifarişi ilə yazılıb bu yazı. Yeganə sifarişçi də budur. Hansı ki, bu mənəvi keyfiyyətlər həmin 3 milyardı oğurlayıb La Manş sularında yuyan dairələrdə yoxdur.

Amma bu harasıdır, bunların yaratdığı “möcüzələrə” Həzrəti Musa özü həsəd apara bilər. Aşkarlananlar Britaniyadakı macaraların yalnız bir epizodudur. Hələ məlum olacaq Fransada, İtaliyada, Ərəb ölkələrində, Panamada, Virgin adalarında bunlar hansı möcüzələr törədiblər, daha kimləri pulla ələ alıblar. Bu yaxınlarda məlum oldu ki Azərbaycan Dəmir yol avadanlığı üçün İsveçin “Bombardier” şirkətinə 19 milyon dollar əvəzinə qiymətlər 5,5 dəfə şişirdilərək 104 milyon dollar ödəniş edilib və aradakı 85 milyon dollar həcmində oğurluq vəsait Panama ofşorlarına göndərilib. Bu fakt ki, rəsmən təsdiq edilib. Çeşidli korrupsiya komissiyaları tərəfindən niyə araşdırılmır, niyə baş prokurorluq araşdırmaya başlamır? Yaxud Baktelekom kimə məxsusdur, xaricə gizli yolla bir milyard yarım pul ötürən şirkət niyə şəffaf deyil? Kim dayanır bu şirkətin arxasında? Müvafiq orqanlar buyurub araşdırıb xalqa izahat versinlər. Ölkəni talamış, hətta 31 milyon vergi borcundan azad edilmiş bu şirkətin natəmiz əməlləri barədə hakimiyyət niyə susur?

MTN və Rabitə işləri ölkədə hansı korrupsiya rəzalətinin olduğunu qoydu ortaya. Amma məhkəmə aydınlaşdırmadı ki, rabitəçi nazir 300-400 min məbləğində olan öz aylıq paketin götürüb, müavinlərinin də paketini verib, hələ üstəlik MTN nazirinə, nazir müavinlərinə və idarə rəislərinə aylıq “haqq” göndərib. Bəs qara kassanın qalan milyonları, əsas korrupsiya pulları necə olub, hara gedib? Ölkə rəzalət içindədir. İlham Əliyevin xəbəri olmadan ölkədə heç kəs belə bazar aça bilməzdi, İlham Əliyevin xəbəri olmadan heç kəs 3 milyard vəsaiti xaricə ötürüb hər sentinə xalqın ehtiyacının olduğu belə böyük məbləği lobbi dələduzlərına xərcləyə bilməzdi. Mən hələ 2013-cü ilin seçki debatlarında demişdim ki, bu şəbəkənin başında İlham Əliyev və onun ailə üzvləri dayanır. Əgər belə deyilsə buyursun millətə ağlabatan izahat versin ki, 3 milyard dollar necə gizli yollarla xaricə ötürülüb və ölkənin hüquq, təhlükəsizlik, iqtisadi, vergi və maliyyə orqanlarının bundan xəbəri olmayıb? Bu izahatı vermək tutduğu vəzifəyə görə onun borcudur. Axı, bu məbləğ üst-üstə ölkənin bir illik təhsil və səhiyyə xərclərinin cəmindən daha böyükdür”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ