SON DƏQİQƏ

PressDent.Info

Abbas Hüseynovun anası: ‘Neftin pulunu yeyiblər. Biz nə yemişik?’ VİDEO

Abbas Hüseynovun anası: ‘Neftin pulunu yeyiblər. Biz nə yemişik?’ VİDEO
14-08-2017, 19:10 4611 dəfə baxılıb

Avqustun 14-ü bir qrup ictimai fəal siyasi məhbus sayılan şəxslərin və dindarların vəziyyəti ilə bağlı “Ziyalılar Birliyi”nin ofisində tədbir keçiriblər.

Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyib ki, son zamanlar həbsxanalardan gələn xəbərlər ciddi narahatlıq doğurur:

“Absurdun pik nöqtəsidir”.

“Son zamanlar hakimiyyətin müxalif düşüncəli insanlara, əsasən də inanclı kəsimə qarşı münasibəti yenidən sərtləşib.

Əvvəllər deyirdik ki, hakimiyyət qaşınmayan yerdən qan çıxarır. İndi isə, artıq, qan çıxan yeri qaşıyırlar. Qobustan qapalı həbsxanasında baş verən son olaylar da bunu göstərir”.

O, vurğulayıb ki, ölkədə zorakılıq geniş meydan alıb:

“AXCP sədrinin müavini Gözəl Bayramlı hamının gözü qarşısında şərlənərək həbs edilib. Jurnalist Əfqan Muxtarlının başına torba keçirilərək Azərbaycana gətiriblər. Din xadimi Sərdar Babayev dini mərasim apardığına görə, həbs edilib. Absurdun pik nöqtəsidir”.

E.Quliyev Qobustan qapalı həbsxanasında “Nardaran məhbusları”nın vəziyyətindən də danışıb. O deyib ki, “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovun “kars”a salınması, onun müavini Abbas Hüseynovun “çarmıxa bağlanması” kimi şikayətlər eşidilir.

Abbas Hüseynovun anası Rəhimə Hüseynova deyib ki, bir çox məsələləri yaxınları ondan gizlədiblər:

“Qara çörəklə uşaq böyütmüşəm”.

“Məndən gizlədirdilər, sən demə Abbası orda döyüb incidiblər. İsa peyğəmbəri kimi “çarmıxa bağlayıblar”, günün altında işgəncə veriblər. Bu işgəncələri bizə niyə verirlər? Nə torpaqları satıblar, nə də dövlətin əmlakını yeyiblər. Dövlətin malını, neftin pulunu yeyiblər. Biz nə yemişik? Qara çörəklə mən uşaq böyütmüşəm”.

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmur da deyib ki, hətta ailəsi A. Hüseynovun öldüyünü güman edib. Yas mərasiminə hazırlaşıblar:

“Mən buradan İlham Əliyevə müraciət edirəm. O gedib xaricidə deyir ki, Azərbaycanda bütün azadlıqlar qorunur. Bəs bu barədə nə deyə bilər?”.

Keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli isə bildirib ki, təzyiqlər heç də səbəbsiz deyil. O, vurğulayıb ki, hakimiyyət həmişə dindarlardan istifadə edib:

“Həmişə Qərbə çatdırmaq istəyiblər ki, burada radikal İslam var. Sərt olmasa ekstremistlər, İrana işləyən qüvvələr hakimiyyətə gələcək. “Müsəlman Birliyi” Hərəkatı, Taleh Bağırov isə Milli Şura ilə bir yerdədir. Demokratik qüvvələri müdafiə edirlər. Ona görə də Milli Şuraya, Taleh Bağırova və onun tərafdarlarına təzyiqlər edirlər”.

“Hakimiyyət inanclı insanları sındırmaq istəyir”

“Xural” qəzetinin redaktoru Əvəz Zeynallı isə deyib ki, hakimiyyət ona problem yaradan qüvvələri sındırıb, indi də ondan narazı olan inanclı kəsimi sındırmağa cəhd edir. Əvəz Zeynallının deməsinə görə, bu heç də asan məsələ deyil.

Avqustun 8-də “Nardaran işi” üzrə vəkillərdən Yalçın İmanov Qobustan Qapalı Həbsxanasında A.Hüseynovla görüşüb. Görüşdə A.Hüseynov vəkilinə deyib ki, əsasız yerə ardıcıl “kars”a salınıb. Ona davamlı işgəncələr verilib. Hətta məhbus vurğulayıb ki, onu “çarmıxa” bağlayıblar.

A.Hüseynovun konkret işgəncə şikayətinə, hələlik, Qobustan qapalı həbsxanasının rəisindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Ancaq qurumun mətbuat xidmətindən «Turan» agentliyinə bildiriblər ki, avqustun 8-də T.Bağırovun işgəncəyə məruz qalması ilə bağlı iddialara verdikləri cavab bu məsələyə də aydınlıq gətirə bilər.

Həmin açıqlamada qeyd edilirdi ki, T.Bağırovun işgəncəyə və qeyri-insani rəftara məruz qalması ilə bağlı deyilənlərin heç bir əsası yoxdur:

«Respublikada sabitliyi pozmağa, ictimaiyyət daxilində çaxnaşma yaratmağa cəhd edən qüvvələr ayrı-ayrı məhkumlar ətrafında ajiotaj yaradırlar. Bəzi kütləvi informasiya vasitələrində cəzaçəkmə müəssisələri barədə qeyri-sabitliyi əks etdirən qızışdırıcı və təhrikedici, uydurma məlumatlar dərc etməklə həmin məhkumların gündəmdə saxlanılmasına səy göstərirlər». (azadliq.org)

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ