SON DƏQİQƏ

PressDent.Info

“Hakimiyyət əvvəlki qaydada idarə etmək imkanını itirib”

“Hakimiyyət əvvəlki qaydada idarə etmək imkanını itirib”
11-08-2015, 09:12 21690 dəfə baxılıb

«Vaxtilə hakimiyyətə loyal yanaşan beynəlxalq qurumlar da ondan üz döndərib»

Vidadi Mirkamal: «Bu qədər demokratik ruhlu insanın həbsdə olduğu vaxtda deputat yeri uğrunda mübarizə aparmaq ləyaqətsizlikdir»

Sərt beynəlxalq təpkiyə, daxili ictimai narazılığa baxmayaraq Azərbaycan hakimiyyəti siyasi repressiyalardan əl çəkmir. Siyasi rəqibləri ilə zor müstəvisində davranmağa üstünlük verən hakimiyyət məhkəmələri məqsədində vasitəyə çevirib. Müsahibimiz ədliyyə generalı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal ilə söhbətimizə ölkədəki mövcud ictimai-siyasi vəziyyətə münasibət öyrənməklə başladıq.

- Bu hakimiyyət idarə üsulu kimi avtoritarizmi seçib. Hakimiyyət bir nəfərin söz sahibi olması ilə idarə olunur. Bu isə Avropa dəyərlərinə tamamilə ziddir. 2013-cü ildəki prezident seçkisində Ilham Əliyev ağır məğlubiyyətə uğradıqdan sonra Avropa təsisatları da etiraf etdi ki, 58 faizə qədər saxtalaşdırma var. Saxtalaşdırmanın həcmi imkan verirdi ki, seçkilər ləğv olunsun. Bu mənada hakimiyyət özünün bütün qüsurlarının səbəbini daxildə axtarmağa başladı. Ona görə 2013-dəki saxtalaşdırmanı üzə çıxaran, rüşvət, korrupsiya faktlarını aşkarlayan, onları beynəlxalq arenaya çıxaran QHT rəhbərlərini və siyasətçiləri hədəfə aldı. 2013-cü ilə qədər siyasi məhbuslar sırasında siyasətçilər üstünlük təşkil edirdisə, artıq 2013-cü ildən sonra vətəndaş cəmiyyətinin üzvləri həbsə atıldı. Bütün bu siyasət ona xidmət edir ki, artıq hakimiyyət əvvəlki qaydada idarə etmək imkanını itirib. Ona görə də hakimiyyət təqsiri daxildə axtararaq, rəqiblərini repressiya edir. Bu, hakimiyyətin qisasçı siyasətidir. Intiqam Əliyev, Xədicə Ismayıl, Anar Məmmədli, Arif və Leyla Yunusun həbsləri göstərdi ki, bu cür fəaliyyətlə məşğul olan şəxslər hakimiyyətin düşmənidir. Və təəssüfedici haldır ki, 2000-ci ildən bəri dəyərdən salınmış məhkəmə sistemi hakimiyyətin əlində vasitəyə, cəza alətinə çevrilib. Mən repressiyaya uğramış şəxslərin dəfələrlə məhkəmələrində olmuşam. Qırx üç ildir ki, hüquq sistemindəyəm və minlərlə məhkəmə görmüşəm. Işin içərisində heç bir dəlil, sübut olmadığı, şahid ifadələrinin ziddiyyət təşkil etdiyi bir halda məhkəmələr hökmlər çıxarırlar. Bu isə nonsensdir, məhkəmə sisteminə biabırçılıq gətirən, Azərbaycanı beynəlxalq təşkilatların gözündən salan hərəkətdir. Bu siyasət hakimiyyətə ciddi beynəlxalq sanksiyaların tətbiq olunmasına, təpki göstərilməsinə qədər davam edəcək.

“Hakimiyyətə normal seçki lazım deyil”

- Azad sözün boğulduğu, repressiyanın tam sürət aldığı, özbaşnalığın, rüşvət və korrupsiyanın tüğyan etdiyi şəraitdə keçiriləcək seçkilərə nə ad vermək olar?

- Diktaturaya xas cəhətlərdən biri də seçkilərin saxtalaşdırılmasıdır. Hakimiyyət eyni zamanda seçki institutunu gözdən salıb. Çünki bu iqtidarı dəyişməyin demokratik yolu seçkidən keçir. Siyasi partiyalar bir-biriylə ona görə mübarizə aparır ki, onlar seçkilərdə üstünlük əldə etsinlər. Bu 22 illik hakimiyyət dönəmində hakimiyyət seçkini o qədər gözdən salıb ki, cəmiyyət seçki ilə nəyisə dəyişməyə inamını itirib. Siyasi partiyaların özləri belə bu inamı itirib. Bu isə olduqca pis haldır. “Gülərqeyt” hadisəsindən sonra məlum oldu ki, bu hakimiyyət deputat yerlərinin alveri ilə məşğuldur. Milli Məclisin tərkibinə baxın. Deputatların əksəriyyəti cəmiyyətdə tanınmayan, haram pul ilə, şantaj yolu ilə vəsait qazanmış şəxslərdir. Hakimiyyətin marağındadır ki, Məzahir Pənahov kimi şəxsi MSK-da saxlasın və seçkiləri saxtalaşdırsın. Milli Şura son sessiyasında seçkidə iştirak şərtlərini açıqlayıb. Həmin şərtlərdən ən mühümü siyasi məhbusların azadlığıdır. Milli Şuranın bu qədər üzvünün, bu qədər demokratik ruhlu insanın həbsdə olduğu vaxtda deputat yeri uğrunda mübarizə aparmaq ən aşağısı ləyaqətsizlikdir. Milli Şura olaraq və mən də bir ziyalı kimi bu mövqeyi bölüşürəm ki, siyasi məhbuslar azad edilməyincə seçki oyununda iştiraka dəyməz. Daha bir şərt seçki qanunvericiliyi ilə bağlıdır. 2013-cü ilin yanvarın 25-də 72-yə yaxın hüquqşunasın iştirakı ilə memorandum imzaladıq. Həmin sənəddə 20-yə yaxın siyasi partiya, 70-ə yaxın ziyalının imzası var idi. Həmin sənəddə göstərilirdi ki, Azərbaycanda altı istiqamətdə seçki islahatı həyata keçirilməlidir. Hakimiyyət neçə illərdir ki, seçki qanunvericiliyi ilə bağlı məsələni həll etmək istəmir. Artıq Avropa qurumları da anlayır ki, Azərbaycanda seçki oyunu gedir. Ona görə də seçkilərə üç ay qalsa da, ölkədə seçki mühiti yoxdur. Hakimiyyət yalnız özünə yaxın olan partiyalara göstəriş verib və onların aktivliyi hiss olunur. Müxalifətdə olan qüvvələrdən isə yalnız “Azadlıq Bloku”nda aktivlik var. Görünür, onlara nəsə söz veriblər ki, onlar bu cür fəaliyyətə başlayıb. Adını qoyublar “125-lər klubu” və ya Ümid Partiyası üzvlərinin fəaliyyəti. Həmin klubda da güman ki, bir nəfəri deputat seçəcəklər və 125 nəfərin oyunu bir nəfərin deputat seçilməsindədir.

“Beynəlxalq aləmin gündəminə gəlməyimiz təsadüfi deyil”

- Hazırda maraqlı situasiya yaşanır. Beynəlxalq aləmin Azərbaycana diqqəti artıb. Eyni zamanda ölkədəki reallıq, demokratik dəyərlərin pozulması çox sərt formada beynəlxlaq mediada işıqlanır. Əvvəlki illərdən fərqli olan nədir? Azərbaycana diqqət niyə bu qədər artıb?

- Artıq beynəlxalq aləm də görür ki, Azərbaycan hakimiyyəti ölkədəki tənqidi mətbuata, tənqidi insanlara repressiv munasibət bəsləyir. Ölkə daxilində hakimiyyətin qanunsuz hərəkətlərini deyə biləcək insanların hamısı susdurulur. Bu yol ilə hakimiyyət öz mövqeyini məhkəmləndirmək istəyir. Dünya isə gözəl anlayır ki, bu addımlarla ölkədə sabitliyi təmin etmək mümkün deyil. Əvvəllər Avropa Şurası hakimiyyətin istinad yeri idi. Hakimiyyətin qeyri-qanuni hərəkətlərinə haqq qazandırırdılar. Amma artıq onlar da bu hakimiyyətdən üz döndəriblər. Onlar da görür ki, bu hakimiyyət ölkəni despot üsul idarəsi ilə idarə edir və Avropa dəyərlərinə tüpürür. Leyla Yunus, Xədicə Ismayıl, Intiqam Əliyev, Milli Şuranın üzvləri daxil olmaqla bir çoxları hakimiyyətin ünvanına sərt mesajlar səsləndirirdi. Amma onlar artıq həbsdədir. Yaranan boşluğu doldurmaq üçün Avropa təssisatları fəaliyyətə başlayıb. Bu yol ilə hakimiyyəti başa salmaq istəyirlər ki, bu formada ölkəni idarəetməklə Avropaya inteqrasiya etmək olmaz.

“Qanun işləmirsə, özbaşınalıq geniş vüsət alacaq”

- Qərbdə ən kiçik maliyyə qalmaqalı hökümətlərin istefasına səbəb olur. Amma Azərbaycanda məmurların milyonları mənimsəməsi sükutla keçir, heç bir reaksiyaya səbəb olmur...

- Normal mühütdə hər hansı qanunsuz əməl ictimai qınağa tuş gəlir və qanunla cəzalandırılır. Amma anormal cəmiyyətlərdə bu, gündə baş verir. Biz məmur quldurların hansını götürsək, onlarla bağlı xeyli sayda cinayət işi üzə çıxır. Bizim bildiklərimiz hələ 5-10 faizdir. Onlar nə törətdiklərini özləri daha yaxşı bilir. Beynəlxalq Bankın rəhbəri hakim ailəyə yaxın adam idi. O illərcə qanunsuz olaraq bankın vəsaitini paylayıb. Bu elə-belə addım deyil. Bəs dövlətin nəzarət orqanları hardadır. Bir ölkədən ofşor zonaya 48 milyard vəsait ötürülürsə və cəmiyyət onu dar çevrədə müzakirə edirsə, onu yalnız “Azadlıq” qəzeti verirsə və hakimiyyətin tükü də tərpənmirsə, bu iri məbləğdən sonra 5-10 milyard nə olan şeydir. Bu hadisələrə artıq ictimai qınaq da yoxdur, cəmiyyət baş verənlərə təəccüblənmir. Qanun olmayan yerdə hakimiyyətin cinayət faktları böyük təpki yaratmır.

“Rauf Arifoğlu müxalifət düşərgəsinə böyük xəyanət etdi”

- Vaxtilə demokratik düşərgədə təmsil olunan şəxslərin bəziləri hazırda loyal mövqe sərgiləyirlər. Dövlət başçısı tərəfindən bu mövqelərinə görə orden və mükafatlarla təltif edilən şəxslər keçmiş silahdaşlarını dövlətçiliyə zidd addımlarda ittiham edir...

- Normal rəqiblə mübarizə aparmaq çox gözəl şeydir. Normal cəmiyyətlərdə müxalifət ona görədir ki, iqtidarın qeyri-qanuni, ölkəyə zidd addımlarının qarşısını alsın. Hakimiyyət də bundan müəyyən nəticələr çıxarır. Bizim cəmiyyətdə anormallıq ondan ibarətdir ki, cəmiyyətdə rəqib yoxdur. Iqtidar onun siyasətini tənqid edən şəxsləri özünə birmənalı qaydada düşmən bilir. Artıq 22 ildir ki, bu qütbləşmə gedir. Ona görə bir düşərgədən digər düşərgəyə keçmə, əqidəni dəyişmə o qədər də böyük təpkiyə səbəb olmur. Əvvəllər bu tip halları bütün müxalifət qınayırdı. Indi isə Milli Şuranın, bəzi qrupların timsalında bir qüvvə qalıb ki, bu halları tənqid edir. Bu hakimiyyət satqınları sevmir. Bu hakimiyyət satqınçılığı sevir. Amma bir reallıqda budur ki, düşərgəsini dəyişən insanlar keçmiş əqidədaşlarına qarşı iqtidardan daha amansızdır. Bu Milli Məclisdə oturan deputatların, müxalifət düşərgəsindən öz mövqeyini dəyişən şəxslərin də timsalında var. Real müxalifətin əleyhinə əvvəl müxalifətdə olanlar daha amansızlıqla gəlirlər. Burada bir psixoloji durum var. Rauf Arifoğlunun timsalında olan şəxslər nəyə görə müxalifətin üstünə amansızlıqla gəlirlər? Ona görə ki, iqtidar onları özünkü kimi qəbul etmir. Müxalifət düşərgəsi isə artıq onları xəyanətkar sayır. Ona görə onlar iqtidara daha yaxın olmaq üçün mənsub olduqları köhnə düşərgənin üstünə gəlirlər. Amma bu addımlar böyük ictimai təpki ilə qarşılanmır. Normal cəmiyyət olsaydı “Yeni Müsavat”ı cəmiyyətin bir faizi alıb oxumazdı. Rauf Arifoğlu müxalifət düşərgəsinə, vaxtilə mənsub olduğu partiyaya elə bir böyük xəyanət etdi ki, bu formada addım atan şəxslərin fəaliyyəti pislənir. Bu mənada biz cəmiyyətdə tənqidi fikri, bu cür hallara təpkini artırmalıyıq.

 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ