SON DƏQİQƏ

PressDent.Info

“Cəmiyyətdəki təbəqələşməyə yol vermək olmaz”

“Cəmiyyətdəki təbəqələşməyə yol vermək olmaz”
27-07-2017, 18:56 7743 dəfə baxılıb

Universitetlərdə təhsil haqqını yenidən qaldırdılar. Təhsil sistemini rəsmən məhv edirlər. Bilə-bilə ki, xalqa verdikləri maaş və pensiya onun heç ərzaq təlabatını ödəmir, gündə bir bəhanə ilə təhsil haqqını qaldırırlar.

Bu il hətta qəbul imtahanlarını da pullu etdilər. Əslində bu qəbul imtahanlarından toplanan bir neçə milyon manat dövlət üçün qəpik-quruşdur. Hətta bütün dövlət ali məktəblərindəki ödənişlər də böyük pul deyil dövlət üçün. Təsəvvür edin ki, bütün dövlət ali məktəblərininin il ərzində tələbələrdən “təhsil haqqı” kimi topladığı pul təxminən ölkəmizin hər il “Formula-1” yarışlarına xərclədiyi qədər olar. Bəli, xalq üçün bu 2-3-5 min manat illik təhsil haqqı böyük xərcdir. Böyük xərcdir ki, 17 min nəfər tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün universitetlərdən xaric olunub. Dövlət üçün isə bu çox kiçik məbləğdir. Sadəcə təhsilin məhvi veclərinə olmadığı, ən əsası isə xalqı saymadıqları üçün özlərinin də, başqalarının da xərcini xalqa yükləyirlər.

 Ölkədə faktiki pulsuz təhsil məhv edilib. Uşaq baxçaları belə pulludur. Orta təhsilin öz spesefik xərcləri var. Orta məktəbin son 2 ili isə valideynlər üçün əsl başağrısıdır, ali təhsildən də bahalıdır. Ölkədə pulsuz orta təhsil şüurlu şəkildə məhv edildiyindən, valideynlər məcburən orta məktəbin yuxarı siniflərində övladlarını imtahana hazırlaşmaq üçün ödənişlə müəllim yanına göndərir. Və beləliklə, milyonlarla insanın təhsil hüququ pozulur. Yüksək təhsil kasıb ailələrdə böyüyən uşaqlar üçün əlçatmaz olur. Cəmiyyətdə təbəqələşmə artır və irsi xarakter daşımağa başlayır. Varlının övladının yenə də varlı, kasıbın övladının yenə də kasıb olacağı cəmiyyət formalaşdırılır. Buna yol vermək olmaz.

Bu xalqın hər bir övladının valideynlərinin maddi imkanından asılı olmayaraq, pulsuz və yaxşı təhsil almaq hüququ var. Həm də övladlarımızın, gənclərimizin gələcəyi naminə mübarizəyə qoşulmaq lazımdır. Xalqımızın digər hüquqları kimi pulsuz təhsil hüququ da köklü demokratik dəyişikliklərdən sonra mümkün olacaq. Xalq hakimiyyətinin görəcəyi ilk işlərdən biri dövlət ali məktəblərində təhsil haqqını tam ləğv etmək olacaq. Uşaq baxçalarından universitetlərə qədər köklü təhsil islahatları əsas prioritetlərdən olacaq.

AXCP sədri Əli  Kərimlinin bu fikirləri, onun FB səhifəsindən götürülüb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ