SON DƏQİQƏ

PressDent.Info

”Heykəl məhbusu” aclıq aksiyasına başlayır

”Heykəl məhbusu” aclıq aksiyasına başlayır
23-06-2017, 16:46 7308 dəfə baxılıb

13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “heykəl məhbusu” Bayram Məmmədov iyunun 23-dən aclıq aksiyasına başlayır.

Səbəb məhbusun saxlanma şəraitinin acınacaqlı olmasıdır.

Bu barədə Bayram Məmmədovun atası Fərman Məmmədov Meydan TV-yə danışıb.

Bildirib ki, oğlu 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüləndən çarpayısı ayaqyolunun yanında yerləşdirilib:

”Müəssisə rəisi digər yerlər boşalanda onun yerinin dəyişiləcəyini vəd etsə də, bu günə qədər vədinə əməl etməyib. Bayram boşalan yerlərin pulla digər məhbuslara satıldığını, amma onun yerinin dəyişdirilmədiyini deyir”.

Fərman Məmmədov bildirir ki, oğlu aclıq aksiyası barədə məktubu təqdim edəcəyini və iyunun 23-dən aksiyaya başlayacağını söyləyib.

Mayın 2-də Bayram Məmmədov vəkili vasitəsilə təzyiqlərə məruz qaldığını, paltarının soyundurularaq cərimə kamerasına salındığını bildirmişdi.

Həmin vaxt Ombudsman Aparatının hüquqşünası Rəşid Rumzadə və Penitensiar Xidmətin mətbuat xidməti məsələ ilə bağlı araşdırma aparacaqlarını söyləsələr də, Bayram Məmmədovun durumu dəyişməz olaraq qalıb.

Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı ilin mayında keçmiş prezident Heydər Əliyevin heykəlinə etiraz şüarları yazdıqdan sonra həbs ediliblər. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 3 qrama yaxın, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Gənc fəal Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

“Amnesty İnternational” təşkilatı Bayram Məmmədov və Qiyas İbrahimovu vicdan məhbusu kimi tanıyıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ