SON DƏQİQƏ

PressDent.Info

Hökumət “general”ların fəalliyyətindən xəbərsiz olub?

Hökumət “general”ların fəalliyyətindən xəbərsiz olub?
3-05-2017, 16:13 17400 dəfə baxılıb

Əli Həsənov məsuliyyəti kmin üstünə atmaq istəyir?

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Heydər Əliyev- Dövlət təhlükəsizlik orqanlarının ilk Azərbaycanlı generalı” mövzusunda keçirilən konfransda çıxış edib. Ənənəvi olaraq çıxışın əsas hissəsi Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinə, ölkənin bütün sahələrində yaratdığı inkişafa, Azərbyacanı bütün bəlalardan xilas etməsinə yönəlib. Ümumiyyətlə, bu ölkədə mövzudan asılı olmayaraq, Heydər Əliyevin misilsiz töhfələrindən danışmaq qeyri-rəsmi protokol qaydasıdır.
Amma məlum konfransda Əli Həsənov MTN rüsvayçılığına da toxunub və bəzi “general”ların Heydər Əliyev irsinə xəyanət etməsindən, onun yaratdığı ənənəni davam etdirə bilməməsindən danışıb. “Belələrinin qəlbində Ümummilli Liderə xas olan nə əsl peşəkarlıq, nə əsl ziyalılıq var idi, nə də ki, onların intellekti və mənəvi aləmi belə bir orqanın generalı olmaq üçün yetərli deyildi. Naqis əməlləri ilə Azərbaycan milli təhlükəsizlik orqanlarının imicinə xüsusi hazırlanmış antiazərbaycan qüvvələrin vura bilməyəcəyi ağır zərbə vurdular. Amma Ümummilli Liderin yürütdüyü siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldikdən sonra yeni tələblərə uyğun şəkildə və müvəffəqiyyətlə davam etdirilmişdir”-deyə Əli Həsənov bildirib.
Əvvəla Əli Həsənovun yanaşmasından da aydın görünür ki, bu hökumət üçün qanunun aliliyi, fəaliyyətin hüquqa söykənməsi əsas deyil, əsas odur ki, Heydər Əliyev irsinə xəyanət etməyəsən. Bunların təfəkküründə məmurun pis və ya yaxşı olması, qanuna sədaqətlə yox, rejimə sədaqətlə ölçülür.
İkincisi, Əli Həsənovun dediklərindən belə nəticə çıxarmaq olar ki, o Çovdarovdan, Eldar Mahmduovdan və digərlərindən ziyalılıq gözləyirmiş. Əslində Əli Həsənov mətbuatı izləyən adamdır, ölkədəki ictimai-siyasi vəziyyətdən xəbərdardı və bu “general”ların fəaliyyətinən xəbərsiz ola bilməzdi. Çovdarovun uzun illər ərzində yıxdığı evlər, etdiyi cinayətlər haqqında mətbuatda saysız-hesabsız yazılar dərc olunub. Yaxud, MTN zirzəmilərində insanlara zülm edilməsi, adamların şantaj olunması hallarıyla bağlı çoxlu faktlar üzə çıxırdı. Hətta ən tanınmış iş adamları başlarına gətirilənlər barəsində video müsahibələr veriblər, adlar sadlayıblar və.s Yəni, Çovdarov kimilərin ziyalılığı yox, zülməti təmsil etdiyi, korrupsiya ilə məşğul olduğu heç kimə sirr deyildi. Bu “general”ların milyonerə çevrilməsindən, biznes imperiyası qurmasından da xəbərsiz deyildilər. Üstəlik, bu adamlar dəfələrlə ən yüksək mükafatlara layiq görülüb, vətənə xidmətə görə təltif ediliblər.
Digər tərəfdən Eldar Mahmudov İlham Əliyevin kadrıdır, bu adam İlham Əliyevin prezidentliyi dövründə nazir təyin olunub. Xəyanətkar, general adına xələl gətirən adam niyə ən yüksək posta təyin edilib? Yaxud, bu adam qatı cinayətkar olduğu halda, niyə məsuliyyətə cəlb edilməyib?
Demək istəyirik ki, təhlükəsizlik idarəsinin təhlükə yuvasına çevrilməsinin məsuliyyəti siyasi hakimiyyətin üzərindədir. MTN generallarının şantaj etdiyi, Akif Çovdarov demişkən torbasını tikdiyi adamalrın sonrakı taleyindən müstəntiqlər, hakimlər, prokurorlar xəbərdar olublar. Çünki, yüzlərlə belə adamlar məhkəmə qarşısına çıxarılaraq , saxta ittihamlarla həbs olunublar.
Ən dəhşətlisi isə budur ki, proses hələ də davam edir. Yenə də vicdanlı insanlara qarşı təqib davam etdirilir, yenə də günahsız insanlara əfv ərizəsi yazdırmağa çalışırlar, yenə də işgəncə faktları var.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ