SON DƏQİQƏ

PressDent.Info

“Gəlin, xalq hakimiyyəti uğrunda birgə mübarizə aparaq”

“Gəlin, xalq hakimiyyəti uğrunda birgə mübarizə aparaq”
29-03-2017, 15:13 23142 dəfə baxılıb

AXCP sədri Əli Kərimli feysbuk səhifəsindən vətəndaşları ölkədə demokratik dəyişikliklər naminə mübarizə üçün rəhbərlik etdiyi partiyaya üzv olmağa çağırıb. Çağırışda yazılıb:

“Əziz hәmvәtәnlәrim, sizcə, bu ölkə necə dəyişəcək? Hansısa xarici qüvvələrmi gəlib bizim əvəzimizə ölkəmizdə vətəndaşa xidmət edən, ədalətli və demokratik hakimiyyət quracaq? Bəlkə xalqımızı 45 il ərzində əsarətdə saxlayan sülalə hakimiyyətinin ölkəni bundan sonra da talamaq imkanından öz istәyilә imtina edəcəyənə ümid etməliyik? Yoxsa ölkədən 48 milyardı oğurlayıb çıxaranların insafa gəlib, bu ölkədə hüquqi dövlət quracağına, hakimiyyəti xalqa qaytaracağına inanmalıyıq? Biz özümüz mübarizə apararaq ölkədə demokratik dəyişikliyə nail olmasaq, başqa hansı yolla ölkəmizdə azadlıq və ədalət bərqərar olacaq? Elə bir yol varmı ki, sadəcə oturub gözləməklə bir gün ölkəmizdə korrupsiya, ədalətsizlik, hüquqsuzluq durdurulsun, hakimiyyət xalqa qaytarılsın?

Aydındır ki, suallar ritorikdir. Ölkənin daxilində təşkilatlanmış xalqın demokratik, dinc təzyiqi olmasa, islahatların önü açılmayacaq. Həmin o güclü, ancaq Konstitusiya çərçivəsində təzyiqi güclü müxalifət təşkil edə bilər. Güclü müxalifət yaratmaq isə ayrı-ayrı şəxslərin deyil, bütövlükdə millətin görə biləcəyi işdir. Ölkədəki total hüquqsuzluq şəraitinə, müxalifətə qarşı ağır təzyiqlərə baxmayaraq, bizlər əlimizdən gələni edirik. Ancaq indiyə qədər etdiklərimiz yetərli deyil. Daha böyük işlər üçün sizlərin – ölkəsində demokratik dəyişikliklərin bir an öncə baş verməsini ürəkdən istəyən həmvətənlərimizin dəstəyinə ehtiyacımız var. Sizləri AXCP sıralarına qoşulmaqla birgə mübarizəyə dəvət edirəm.

Gəlin, gücümüzə güc qatın. Ölkəmizdə hər bir vətəndaşa bərabər imkanlar təmin edəcək əsl xalq hakimiyyətinin, hüququn aliliyinin təmin olunduğu, şahın qanun yox, qanunun şah olduğu Azərbaycan naminə çiyin-çiyinə birlikdə mübarizə aparaq!”.

AXCP lideri partiyaya qoşulmaq istəyənlər üçün elektron üzvlük anketini də müraciətinə əlavə edib və bildirib ki, anketi doldurandan sonra partiya funksionerləri üzvlük üçün müraciət etmiş şəxslərlə əlaqə saxlayacaqlar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ