SON DƏQİQƏ

PressDent.Info

Əliyevin ailə şirkətinə 2 həftəyə 100 milyondan artıq sərmayə qoyulub

Əliyevin ailə şirkətinə 2 həftəyə 100 milyondan artıq sərmayə qoyulub
18-01-2017, 15:59 22446 dəfə baxılıb

“Pasha Holding” MMC-ə maliyyə hesabatlarına görə, Arzu və Leyla Əliyeva bacıları nəzarət edirlər

“Pasha Development”in öz sərmayəsini birdən-birə 108 milyon manat artırması haqqında mediada hələ yanvarın ilk günlərində xəbərlər getmişdi. Üstündən iki həftə ötməmiş, şirkətə daha 4 milyon manat yatırılıb.

Vergilər nazirliyinin məlumatına görə, yanvarın 17-nə “Pasha Development” MMC-nin (VÖEN 1402272621) nizamnamə kapitalı 411 milyon 973 min 905 manatdır.

Pulun “marşrutu” bilinmir

Azadlıq Radiosu xəbər verir ki, şirkət, həmişəki kimi, kapitalın aramsız artımı və bunun maliyyə qaynaqları haqqında sualları cavablamır. Hüquqşünaslar olub-bitənlərə müxtəlif şərhlər versələr də, bir məsələdə ortaq rəyə gəlirlər: Mühasibat uçotu haqqında qanunvericilik sərmayə qoyuluşlarının kapital artımını yönəltməsini şərt olaraq tələb etmir.

Hüquqşünas: Təsisçisi verir

Hüquqşünas Rüfət Heydər düşünür ki, bu, şirkətin hesabatlılıq tələblərinə uyğunlaşmaq istəyindən qaynaqlanır: “Ola bilər ki, şirkətə dövriyyə vəsaiti lazımdır, təsisçi pulu onu borc kimi yox, hər dəfə nizamnamə kapitalına qoyuluş kimi rəsmiləşdirir”.

Təsisçinin nizamnamə kapitalını artırıb-azaltmaq, yaxud dividend almaq hüququnun olduğunu söyləyən hüquqşünas Cabir Vəliyevin fikrincə, şirkətin xərcləri gəlirlərini üstələyirsə, təsisçi nizamnamə kapitalını artırmalı və ya başqa fiziki və ya hüquqi şəxslərdən borc almalıdır:

“Bunu ildə bir dəfə də etmək olar, zərurət yarandıqda da. Əsas odur ki, vəsait şirkətin illik xərclərini görsün”.

Borc şübhəli əməliyyat kimi görünə bilər

Təsisçinin öz müəssisəsinə borc verməsini qanunvericilik məhdudlaşdırmır. Di gəl, bunun bir “əmması” var. Cabir Vəliyev deyir ki: “Şirkətinə borc verirsənsə, nizamnamə kapitalını artırmağa ehtiyac qalmır. Amma bu zaman nəzərə almaq lazımdır ki, şirkət ona divident verməyən təsisçidən borc alaraq fəaliyyət göstərmiş olacaq və nəticədə, bu əməliyyatlar kənardan şübhəli görünəcək”.

“Pasha Holding” etibarlı yolu tutub

Hüquqşünasların fikrincə, əslində birinci variant daha sərfəlidir – pulu daha rahat qoyur və daha rahat çıxarırsan. Üstəgəl borc verməklə bağlı bir məqam da var ki, şirkət iflas olarsa, ödəniş növbəliliyində kreditorlar təsisçilərdən daha üstün vəziyyətdədirlər. Düzdür, nizamnamə kapitalını artırandan sonra da pulu rahatca götürə bilirsən. Bütün hallarda ən doğru və hüquqi baxımdan etibarlı yol – kapital artımıdır.

Görünür, təsisçi “Pasha Holding” şirkəti də məsələyə elə bu “bucaqdan” baxır və kapitalını tez-tez artırır.

İki şirkətin aktivi 5,8 milyard manatdır

Daşınmaz əmlaka investisiyalar sahəsində çalışan “Pasha Development” MMC-ni 2012-cı ildə “Pasha Holding” MMC yaradıb. Maliyyə hesabatlarına görə, holdinqə Arzu və Leyla Əliyeva bacıları nəzarət edirlər.

2015-ci ildə “Pasha Holding” MMC-nin aktivləri 3 milyard manat idi. Hazırda onun təkcə iki şirkətinin (“Kapital Bank” ASC və “Pasha Bank” ASC) aktivləri 5,8 milyard manata çatır. Holdinqə “Absheron Hotel Company”, “PMD Group”, “Pasha Travel”, “Paşa İnşaat”, “Paşa Həyat”, “Paşa Həyat Sığorta” şirkətləri də daxildir. Qrup adını açıqlamadığı bir çox şirkətdə “xırda pay” sahibi olduğunu da bildirir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ