SON DƏQİQƏ

PressDent.Info

Əli Kərimlinin həbsi nəyi dəyişəcək?

Əli Kərimlinin həbsi nəyi dəyişəcək?
27-08-2016, 15:40 13833 dəfə baxılıb

Yaxud, hökumət xilaskarın kimliyini elan edir

Ölkədə sosial-iqtisadi vəziyyət pisləşdikcə hökumətin narahatlığı artır. Amma bu narahatlıq büdcənin boşalmasına, xaqlın səfil vəziyyətə düşməsinə görə deyil. Kaş ki, hökumət böhranın dərinləşməsinə görə narahat olaydı və real islahatlar aparaydı. Amma hökumətin narahatlığı xalqın narazılığının kütləvi etiraza çevrilməsinə və narazı kütləni arxasınca apara bilən qüvvəyə görədir.

Hökumət uzun illər ərzində real alternativi sıradan çıxarmaq üçün bütün iyrəncliklərə imza atıb. Amma real müxalifəti sıradan çıxarmaq, pulla satın almaq, həbslə qorxutmaq mümkün olmayıb. Əksinə, bu gün ən böyük repressiyalara məruz qalmış AXCP, ölkənin ən böyük siyasi təşkilatına çevrilib. Bəli, AXCP bu qeyri-bərabər döyüşdə sona qədər mübarizə aparıb və döyüşə-döyüşə gücə çevrilib. Təbii ki, demokratiyaya nifrət edən, sağlam mübarizə qabiliyyəti olmayan, dəyərlərdən imtina etmiş bir rejim üçün bütün bunlar qəbuledilməzdir. Məhz bunun nəticəsidir ki, bu gün AXCP-nin 10-dan artıq üzvü həbs həyatı yaşayır.

Son olaraq isə AXCP-yə qarşı “Gülən əməliyyatı” start götürdü. Ilk gündən məlum oldu ki, məqsəd Əli Kərimlini zərərsizləşdirməyə hesablanıb. Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin “gülənçi” ittihamı ilə həbs olunması da bu proqnozu gücləndirdi.

Bugünlərdə “Turan” Informasiya Agentliyinin dərc etdiyi məqalədə də Əli Kərimlinin həbs olunmasıyla bağlı planların olduğu öz əksini tapdı. Hökumətin içində olan mənbə bütün “ssenari”lərin Əli Kərimlinin həbsinə hesablandığını etiraf edib.

Əlbəttə ki, Əli Kərimli bu yola çıxanda kiminlə döyüşdüyünü və onu nələrin gözlədiyini bilirdi. Həbs olunacağı xəbərinə münasibəti də bunu aydın göstərdi. Əli Kərimli qətiyyətlə bildirdi ki, ölümə də, həbsə də hazırdır. Hətta rejimə çağırış edib “mənə görə başqalarını incitməyin, məni həbs edin” söylədi.

Amma əsas sual budur ki, Əli Kərimlinin həbsi nəyi dəyişəcək?

Narazı kütlə hökuməti sevməyə başlayacaq? Büdcəmiz artacaq? Beynəlxalq aləm YAP hakimiyyətinə təzim edəcək? Neftin qiyməti qalxacaq? Manat əvəlki dəyərinə qayıdacaq? Heç kim həqiqətləri tirajlamayacaq? Cəbhəçilər “ağ bayraq” qaldıracaq? Ölkə sosial partlayışdan sığortalanacaq?

Göründüyü kimi suallar çoxdur və Əli Kərimlinin həbsi sadaladıqlarımızı reallaşdıra bilməz.

Əvvəla Əli Kərimlini bütün dünya müxalifət lideri kimi tanıyır və bugünə qədər hökumətin ona qarşı olan münasibəti göz önündədir. Yəni, Əli Kərimliyə qarşı hansı ittihamın irəli sürülməsindən asılı olmayaraq, dünya və ölkə icitmaiyyəti bunu siyasi sifarişin nəticəsi kimi qiymətləndirəcək. Əgər Əli Kərimlini həbsdə öldürmək fikirləri yoxdursa, Əli Kərimli həbsdə də susmayacaq. Deməli, bu həbs Əli Kərimlinin nüfuzunu daha da artıracaq, real alternativ olduğunu təsdiqləyəcək. Cəbhəçilərə gəlincə, Əli Kərimlinin həbsi hər bir cəbhəçini 10 qat artıq işləməyə, mübarizə aparmağa sövq edəcək. Bəli, cəbhəçilər vicdanlı adamlardı, cəbhəçilər çətin günün dostlarıdı, cəbhəçilər komfortu yox, ləyaqəti seçiblər. Əli Kərimli həbs olunacağı təqdirdə, həbsxana bütün cəbhəçilərin sakin olmaq istədiyi məkana çevriləcək.

Ikincisi, Əli Kərimlinin həbsi onsuz da nüfuzdan düşmüş hökumətin avtoritarlığını legitimləşdirəcək. Beynəlxalq aləmdə bu rejimlə əməkdaşlıq daha da arzuolunmaz sayılacaq.  Çünki, abır-həyasını itirmiş adamla heç kim dostluq etmək istəməz.

Amma yenə də bir sual insanı düşündürür. Doğrudanda Əli Kərimlinin həbsinə hazırlıq gedirsə, bu “ssenari”ni yazanlar nəyə ümid edib?

Dünyada baş verənlərdən, tarixdən heç xəbərləri yoxdurmu? Bu gün dolana bilmədiyi üçün, banka borclu olduğuna görə intihar edən adamlar, sabah daha aqressiv olacaqlar. Özünə əl qaldıran adam, başqalarına da əl qaldıra bilər. Müxalifət liderini həbs etməklə, milyonlarla ac qarın doyacaqmı? Pensiyası, maaşı kəsilən, təhsil haqqına görə övladını ali məktəbdən uzaqlaşdırmaq məcburiyyətində qalan, bank borcuna görə əmlakı girov götürülən, mağazaya çörək borcu olan adamların nifrətini, Əli Kərimlinin həbsiylə söndürmək olmaz. Ümidi ölmüş, qəzəbi beyninə vurmuş adamlara Əli Kərimli lazım deyil. Əksinə, bu günahkar rejimi qəzəbli xalqın əlindən real müxalifət ala bilər, demokratik qüvvələr günahkarların hüquq çərçivəsində cəzalandırılmasına nail ola bilər. Ona görə də Əli Kərimlinin həbsi rejimi məğlubiyyətdən sığortalaya bilməz.

Əli Kərimli bu illər ərzində kim olduğunu, hansı dəyərlərə xidmət etdiyini sübuta yetirib. Bundan sonra Əli Kərimlinin kiminsə qarısında imtahan verməsinə, özünü təsdiqləməsinə ehtiyac yoxdur. Rejimin kəsildiyi bütün imtahanlardan, Əli Kərimli “5″ alıb. Indi bu ”5″ qiymətlə həbsxanaya “təyinat” almağı uğursuzluq, məğlubiyyət kimi qiymətləndirmək olarmı? Əlbəttə ki, yox.

Bəlkə də mübarizənin qələbləylə nəticələnməsi Əli Kərimlinin həbsiylə bağlıdır. Bəlkə də Əli Kərimlinin həbsi 23 illik susqunluğa son qoya, böyük stimul yarada bilər. Deyirlər, rejimlər sonlarına yaxın qəddarlaşır, həm də axmaq qərarlar qəbul edir. Bəlkə də Əli Kərimliyə qazılan quyu, rejimin özünə qismət olacaq.

Biz bu “müdrik ssenari”yə müdaxilə etmirik. Sadəcə olaraq bu “ssenari”ni yazanın optimizmini bölüşə bilmirik. Amma hökumətin təhlükəni Əli Kərimlidən gözləməsi müsbət haldır. Çünki, bu hökumətə təhlükə törədə bilən adam, xalqı təhlükədən sığortalayan adamdır. Deməli, xalqın xilaskarının kimliyini hökumət özü elan etmək istəyir.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ