SON DƏQİQƏ

PressDent.Info

“Sarkisyana adekvat cavab verilməsə, bütün təzyiqlər Azərbaycana yönələcək”

“Sarkisyana adekvat cavab verilməsə, bütün təzyiqlər Azərbaycana yönələcək”
3-08-2016, 17:29 15051 dəfə baxılıb

“İlham Əliyev Qarabağ naminə gərək imitasiya etsin ki, guya o da xalqla hesablaşır və istəsə də güzəştə getmək imkanı yoxdur”

AXCP sədri Əli Kərimli feysbuk səhifəsində Qarabağ problemi ilə bağlı Azərbaycanın təhlükəli situasiya ilə üz-üzə qalmasından yazıb. Yazını təqdim edirik:

Dostlar, Sarkisyanın “canımı verərəm, Qarabağı vermərəm” bəyanatının Qarabağ danışıqlarında bizim üçün xeyli problem yaradacağının fərqindəsiniz? Ermənistanda onsuz da Sarkisyan qərarları təkbaşına vermir. Əvvəla, onun hökuməti koalisiondur, parlamentdə 3 müxalifət fraksiyası var, yəni heç hökumət və parlament də bizdəki kimi bir nəfərin iradəsinə bağlı deyil. İkincisi, erməni xalqı istədiyi vaxt şəhərlərinin ən mərkəzi küçə və meydanlarında mitinq, yürüş edib, hökumətə təzyiq göstәrә bilir və nəticə də qazanır. Bizdə elektrikin, suyun, çörəyin qiymətinin qalxdığı bugünlərdə onlar mitinqlər vasitəsilə hökuməti məcbur etdilər ki, elektrikin qiymətini aşağı salsın. Orada müxalifətin və azad mətbuatın da fəaliyyət göstərmək, həm də hökumətə təzyiq etmək imkanı bizdən müqayisəyəgəlməz dərəcədə çoxdur. Təkcə 2 müstəqil televiziyanın olması nə deməkdir, müxalifət üçün, hakimiyyətə təzyiq üçün hansı imkanlar yaradır?

Məhz belə sıxılmış durumda olduğundan Sarkisyan xalqı ilə hesablaşır, onları sakitləşdirmək üçün “canımı verərəm, Qarabağı vermərəm” deyir. Həm də dünyaya mesaj verir ki, ona təzyiq etməsin, güzəştə getmək imkanı yoxdur. O zaman dünya ictimaiyyəti nə edəcək? Onsuz da ədalətli deyildilər, 23 ildə işğalçı ilə işğala məruz qalana fərq qoya bilməmişdilər, indi də əllərində bəhanə olacaq ki, Sarkisyanın vəziyyəti pisdir, onun geri çəkilmək, güzəştə getmək imkanı yoxdur. Sülh üçün isə güzəşt olmalıdır. Və beləliklə bütün təzyiqlər yönələcək Azərbaycan tərəfə. Hələ bir az İlham Əliyevi tərifləyəcəklər ki, “Siz “güclü” lidersiniz, xalqınızdan qorxunuz yoxdur. Siz öz xalqınızı susdura bilmisiniz. Parlament də, hökumət də sizin bir sözünüzlə hər şeyi edər. Və siz “güclü” lider olduğunuz üçün məsələn, Ağdamın və digər işğal olunmuş rayonların azad edilməsi müqabilində Qarabağı itirməyinizi xalqa uğur kimi təqdim edə bilərsiniz. Müxalifət, xalq da sizə bir şey edə bilıməz, zatən onları daima təzyiqdə saxlayırsınız, indi də etiraz edənləri yığarsınız həbsxanalara…”.

Dostlar, özünüz düşünün, bu situasiya dəyişməyəcəyi halda Azərbaycan tərəfinin güzəştə getməsi üçün yuxarıda təsvir etdiyimə yaxın bir formada İlham Əliyevə təzyiqlər artmayacaqmı? Əlbəttə, artacaq. Ona görə də İlham Əliyevə Qarabağla bağlı Sarkisyana adekvat cavab vermək təklifim sadəcə ritorika söhbəti deyil, ciddi milli təhlükəsizlik məsələsidir. İlham Əliyevin nəinki müxalifətlə, hətta bütövlükdə xalqımızla da hesablaşmadığını bilirik, ancaq Qarabağın naminə gərək imitasiya etsin. İmitasiya etsin ki, guya o da xalqla hesablaşır və istəsə də güzəştə getmək imkanı yoxdur. Ona görə də tərəddüd etmədən millətin qarşısına çıxıb, o da “canımı verərəm, Qarabağı vermərəm” desin ki, Qarabağ danışıqlarında ona qarşı yönələcək beynəlxalq təzyiqləri bəri başdan xeyli dərəcədə neytrallaşdıra bilsin.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ