SON DƏQİQƏ

PressDent.Info

Bu dəyişikliklər hakimiyyətin qorxu içində olduğunu göstərir VİDEO

Bu dəyişikliklər hakimiyyətin qorxu içində olduğunu göstərir VİDEO
19-07-2016, 22:50 20271 dəfə baxılıb

Əli Kərimli konstitutsiyaya ediləcək dəyişikliklərdən danışdı

“Bütün demokratik vasitələrlə bu dəyişikliklərə etiraz etməliyik”

AXCP sədri Əli Kərimli Azərbaycan Konstitusiyasına ediləcək  dəyişikliklərə münasibətini açıqlayıb. O, Meydan TV-yə müsahibəsində bildirib ki, bu dəyişikliklərin əsas məqsədi ölkə başçısı İlham Əliyevin istədiyi qədər hakimiyyətdə qalmasına şərait yaratmaq və sonra da istədiyi vaxt asanlıqla, heç kimlə məsləhətləşmədən, məhdudiyyətsiz, əl-qolu açıq şəkildə ailə üzvlərindən birinə hakimiyyəti ötürməsinə hüquqi mexanizm yaratmaqdır: “Əsas məqsəd budur. Buna görə nə edirlər? Əvvəla, prezidentlik müddətini 5 ildən 7 ilə qaldırır, sonra da birinci vitse-prezident statusunu müəyyənləşdirir. Yəqin ki, o da ailə üzvlərinin biri üçün nəzərdə tutulub. Sonra həm deputat, həm də prezident seçilmək üçün yaş məhdudiyyətini aradan qaldırır. Deməli, ailənin daha gənc üzvləri üçün də yaşıl işıq yandırılmış olur. Hər şey bir ailənin daha uzun müddət hakimiyyətdə qalması üçün edilir. Amma bundan başqa da əhəmiyyətli dəyişikliklər var. Əvvəla, onsuz da Azərbaycanda super prezidentlikdir. Prezidentin səlahiyyəti həddindən artıq çoxdur. Azərbaycanda Milli Məclisin olduqca məhdud səlahiyyətləri var. Amma təsəvvür edin ki, bu şəkildə də Milli Məclisin varlığına dözmək istəmirlər. Prezidentə səlahiyyət verilir ki, istədiyi vaxt Milli Məclisi buraxsın. Bu çox böyük bir səlahiyyətdir. Və ümumiyyətlə o deməkdir ki, hətta formal parlamentə belə dözmək fikri yoxdur. Bu dəyişikliklərlə əsil monarxiyanın yolu açılmış olur. Başqa neqativ dəyişikliklər də var. Konstitusiyon əsaslarla insanların mülkiyyətlərini əllərindən almaq istəyirlər. Baxın, onsuz da Azərbaycanda mülkiyyət hüququ təmin olunmur, mülkiyyət hüquqlarına hər zaman zərbə var, təcavüz var, mülkiyyətləri onların əlindən alınır amma əvəzi ödənilmir. İndi siz təsəvvür edin ki, bunu konstitusiyaya da daxil edəcəklər. İndi guya bu konstitusiya təminat verir ki, mülkiyyəti heç bir əsasla əldən almaq olmaz. Amma on minlərlə insanın mülkiyyəti əlindən alınır. Sabah konstitusiya mülkiyyətin əldən alınmasına özü ayaq yeri qoyandan sonra, özü hüquqi mexanizmlər yaradandan sonra təsəvvür edirsinizmi ki, ölkədə vəziyyət necə olacaq?”

Bu dəyişikliklər ölkəni iqtisadi baxımdan da böhranın dibinə aparır

Əli Kərimli hesab edir ki, bu dəyişikliklərə getmək çox məsuliyyətsiz addımdır: “Ona görə məsuliyyətsizdir ki, siyasi dəyişikliklər hissəsində açıq aşkar cəmiyyətə mesaj verilir ki, bu cəmiyyəti, bu xalqı saymırıq, istədiyimizi edirik. Hakimiyyəti zəbt etmişik, seçkilərə formal yanaşırıq, heç kimlə məsləhətləşmək fikrimiz yoxdur, parlamentə də formal baxırıq. Əlbəttə ki, xalqa belə meydan oxumağın iki başı var. Ola bilər ki, günün birində xalq nəhayət, artıq bu münasibəti özünə qəbul eləməz. Bu bir səhvdir. İkinci səhv isə həmin mülkiyyət hüququna yaradılan maneələr hissəsindədir. Baxın, ölkə çox ağır sosial iqtisadi böhran vəziyyətindədir. Ölkəni bu vəziyyətdən çıxaracaq faktorlardan biri də ölkəyə xarici sərmayələrin gəlməsi, özümüzün, azərbaycanlıların buraya sərmayə qoymasıdır. Görün azərbaycanlılar Rusiyaya, Ukraynaya, Avropa demirəm, hətta Gürcüstana, Türkiyəyə nə qədər sərmayə qoyurlar. Nəyə görə? Çünki burada heç kimin mülkiyyətinə təminat yoxdur. Hələ bu günə qədər yox idi, ona görə də milyardlarla dollar vəsait sərmayə şəklində xarici ölkələrə axırdı. İndi siz təsəvvür edin ki, mülkiyyəti insanların əlindən almanın yolunu artıq konstitusiyaya daxil edəndən sonra burada hansı mülkiyyətçi qalıb öz biznesini genişləndirmək haqqında düşünəcək?  Hansı xarici gəlib belə bir ölkədə biznesinə sərmayə qoyacaq? Deməli, bu məsələlər yalnız siyasi baxımdan ölkəni qapatmır, iqtisadi baxımdan da ölkəni böhranın dibinə aparır. Çox məsuliyyətsiz addımdır, anti-xalq addımdır və xalqımız düşünmədən bu təşəbbüsüə qarşı çıxmalıdır. Biz artıq mövqeyimizi bildirmişik. Mən bu barədə yazı yazmışam. Bu gün (dünən-red) Milli Şuranın Koordinasiya Mərkəzində də müzakirələr olacaq. Biz bütün demokratik vasitələrlə bu dəyişikliklərə etiraz etməliyik. O cümlədən kütləvi aksiyaların keçirilməsi də gündəmdə olacaq. Biz xalqımıza çağırış edəcəyik, xalqımız da toparlanıb nümayiş etdirməlidir ki, bu münasibəti özünə layiq görmür. Hər şey bizim özümüzdən aslıdır. Biz bu münasibəti özümüzə millət olaraq layiq bilirikmi? Biz bununla barışmağa hazırıqmı? O zaman hər şeyi edəcəklər. Yox, əgər desək ki, bizim babalarımızın 99 il bundan qabaq qurduqları cumhuriyyəti bu gün bir ailənin ayaqları altına atmağa icazə verməyəcəyik, o zaman heç kim heç nə edə bilməz”.

Hakimiyyət qorxu içindədir

AXCP sədri həmçinin bildirib ki, bu dəyişikliklər hakimiyyətin qorxu içində olduğunu göstərir: “Referendum təşəbbüsünün ortaya çıxmağının ikinci bir tərəfi də var. Bu Azərbaycan hökumətinin ciddi qorxu içində olduğunu göstərir. Birincisi, onlar da başa düşürlər ki, Azərbaycanda sosial-iqtisadi böhranın daha dərin hissəsi hələ qabaqdadır. Deməli, qabaqcadan, Azərbaycan cəmiyyəti hələ ki, bütün o sosial gərginlikləri yaşamamış, referendumla dəyişikliklər edib prezidentlik müddətini artırmaq istəyirlər. Bunun özündə bir qorxu var, çünki gələn ilin, ondan sonrakı ilin daha pis olacağından qorxurlar. Baxın, üç gün təqaüdlər yubanmışdı təqaüdçülər artıq yol bağlayırdılar. Bu o deməkdir ki, sosial-iqtisadi böhran dərinləşdikcə hətta belə referendumları da ənənəvi qaydada keçirmək mümkün olmaz. Bunlar hətta onu da mümkün sayır ki, ölkədə elə proseslər baş verə bilər ki, özlərinin təyin etdiyi Milli Məclis bunlara qarşı çıxar. Deməli, hökumətin daxilində ciddi ixtilaflar var və hakimiyyətin zirvəsində olan adamlar hesablayırlar ki, ya müəyyən təzyiqlərin nəticəsində, ya da hakim klanın daxilindəki qopmalara görə elə vəziyyət yarana bilər ki, Milli Məclis özü də bunların sözünə baxmaz”.

AXCP sədrinin fikrincə, hakimiyyətin referendum planı çoxdan hazır olub: “Mən hesab edirəm ki, dəyişikliklər çoxdan hazırlanıb, sadəcə bunlar daha əlverişli vaxtın yaranmağını gözləyiblər. Bu təşəbbüslər bir-iki gün ərzində hazırlanmayıb, əvvəlcədən hazırlanıb, sadəcə olaraq, bölgədə baş verənlər, Türkiyədə baş verənlər, dünya güclərinin başqa yerlərdə daha böyük pozuntularla məşğul olması və bizim də yay aylarına düşməyimiz hökumətdə belə bir güman yaradıb ki, bu antixalq addımını atmaq üçün ən uyğun vaxtdır”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ