SON DƏQİQƏ

PressDent.Info

“Səhiyyə sistemimiz yaratdığı qorxunun miqyasına görə də terror təşkilatlarından geri qalmır”

“Səhiyyə sistemimiz yaratdığı qorxunun miqyasına görə də terror təşkilatlarından geri qalmır”
3-07-2016, 14:49 26013 dəfə baxılıb

AXCP sədri Əli Kərimli Azərbaycan səhiyyə sistemində yaranan acınacaqlı vəziyyət barədə yazıb və vicdanlı həkimlərə, xəstəxana rəhbərlərinə müraciət edib. Ə.Kərimlinin feysbuk səhifəsində paylaşdığı yazını təqdim edirik:

Bizim səhiyyə sistemimiz aldığı canların sayına görə istənilən terror təşkilatı ilə yarışa və hətta əksəriyyətinə qalib də gələ bilər. Səhiyyəmiz insanlarda yaratdığı qorxunun miqyasına görə də heç terror təşkilatlarından geri qalmır. Boğazında sadə əməliyyat keçirmiş 4 yaşlı uşağın öldürülməsi bilirsiniz nə qədər valideyni şoka salır? Sadəcə öd kisəsinin götürülməsi üçün əməliyyata gəlmiş 35 yaşlı 3 uşaq anasının öldürülməsindən insanlar necə qorxmasın? İnsanlar dünənə qədər olduqca sadə görünən burun, boğaz, öd kisəsi əməliyyatlarına necə qorxusuz girsin? Öz doğmalarını stressiz, qorxusuz necə sizin əllərinizə təslim etsin?

Dövlət başçısının, Nazirlər Kabinetinin, parlamentin belə ciddi məsələlərə görə tədbir görüb, kimisə cəzalandırmasını demirəm, heç olmasa müzakirə təşkil etdiyini nə zamansa görən olub?
Məgər bir ildə bir milyon xəstənin müalicə olunmaq üçün İrana getməsi haqda statistika yayılandan sonra Oktay Şirəliyevə “Şöhrət” ordeni verilmədimi? Yox, mən bunlardan heç nə gözləmirəm. Ancaq bilirəm ki, bu anti-insani durum hamıya təhlükə yaratmaqla yanaşı, iki təbəqəni iqtisadi baxımdan da vuracaq. Hansı ailə başçısı heç olmasa yaxın xaricə aparmağa imkanı çatdığı halda, öz ailə üzvünü əməliyyat üçün insan qatilinə çevrilmiş bu sistemə təhvil verər? Deməli, ölkədən çox ciddi xəstə, həm də kapital axını olacaq. Bundan da bütün ölkə, xüsusilə də həkimlər, özəl xəstəxana sahibləri, hətta dövlət xəstəxanalarının da rəhbərliyi (bunu yazmağa məcbur olduğum üçün çox təəssüf edirəm) ziyan çəkəcək. Ona görə də onlara müraciət etmək istəyirəm.

Bilirəm ki, bu ölkədə çoxlu sayda yaxşı təhsilli, peşəkar və vicdanlı həkimlər var. Hazırkı eybəcər durumda onlar da nüfuzlarını itirirlər, necə deyərlər, qurunun oduna yaş da yanır. Əziz həkimlər, xəstəxana rəhbərləri, nə olsun ki, bu ölkə idarə olunmur, siz özünüz adınızı və biznesinizi xilas etmək üçün təşəbbüs göstərə bilərsiniz axı. Təşəbbüs göstərin, bacarıqsız, məsuliyyətsiz həkimlər cərrah bıçağından məhrum edilməlidir, belələrinə insan taleyi tapşırılmamalıdır!

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ