SON DƏQİQƏ

PressDent.Info

“Ölkədəki iqtisadi mühüt o qədər pisdir ki, hətta öz obyektləri də ziyanla işləyir”

“Ölkədəki iqtisadi mühüt o qədər pisdir ki, hətta öz obyektləri də ziyanla işləyir”
2-07-2016, 16:47 16008 dəfə baxılıb

Əli Kərimli: “Nə xalqı incidin, nə də obyektlərinizi zərərə salıb, müflis edin, əl çəkin bu xalqdan! Sizə də sərf edəcək”

Ölkə başçısı İlham Əliyevin övladlarının nəzarət etdiyi “AtaHolding”in devalvasiyadan təxminən 18 milyon manat qazandığı, lakin ümumi zərərinin 60 milyon manata çatdığı haqda beynəlxalq auditin hesabatı barədə xəbər vermişik. AXCP sədri Əli Kərimli feysbuk səhifəsində bu fakta münasibət bildirib. Onun yazdığını təqdim edirik:

İlham Əliyevin daha bir obyekti devalvasiyadan qazanıbmış. “İlham Əliyevin övladlarının nəzarətində olan “AtaHolding” ötən il 21,7 milyon manat zərərə uğrayıb. Beynəlxalq auditin hesabatına görə, holdinqin zərərləri bütövlükdə 59,3 milyon manata çatıb. Holdinq öz pulunun bir hissəsini xarici valyutada saxladığından, 2015-ci ildə məzənnə fərqlərinə əməliyyatlardan 17,8 milyon manat irəli düşüb”. Bura qədəri informasiyadır.

“AtaHolding”-in İlham Əliyevin övladlarına məxsus olması artıq köhnə xəbər olduğundan, yuxarıdakı mətndə 2 mühüm məqam var. Əvvəla, məlum olur ki, milyonlarla insan devalvasiyadan itirsə də, İlham Əliyevin bu obyekti də digərləri kimi qazanıb. Həm də ona görə ki, holdinq devalvasiya ərəfəsi aktivlərinin mühüm hissəsini xarici valyutada saxlayırmış. Bu necə olur? Bəs devalvasiya ərəfəsində İlham Əliyev bütün xalqı, hətta xariciləri də pullarını manatda saxlamağa çağırmamışdı? Belə çıxır, özü devalvasiya olacağını bildiyi üçün pullarını xarici valyutada saxlayıb, amma xalqı çağırıb ki, siz pulunuzu manatda saxlayın? Düzgün hərəkətdirmi?

İkincisi, nə oyundan çıxırlar-çıxsınlar, ölkədəki iqtisadi mühüt o qədər pisdir ki, hətta bunların öz obyektləri də artıq ziyanla işləyir. Nə vaxta qədər bu ziyanlara dözəcəklər? Deməli, ölkənin düzəlməsi, islahatların önünün açılması bunların özlərinin sahibkar maraqlarına da uyğundur. Daha nə qədər obyektləri zərərlə işlədib, “mayadan yeyəcəklər”?
Nə xalqı incidin, nə də obyektlərinizi zərərə salıb, müflis edin, əl çəkin bu xalqdan! Sizə də sərf edəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ