SON DƏQİQƏ

PressDent.Info

Milli Şura hakimiyyətin AŞPA-da rüşvət rüsvayçılığını və repressiyaları müzakirə etdi

Milli Şura hakimiyyətin AŞPA-da rüşvət rüsvayçılığını və repressiyaları müzakirə etdi
30-06-2016, 19:26 32277 dəfə baxılıb

İyunun 29-da Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib. Toplantıda ölkədə vəziyyət və beynəlxalq aləmdə gedən proseslər müzakirə edilib.

Koordinasiya Mərkəzinin üzvləri İstanbuldakı Atatürk Hava Limanında 42 nəfərin ölümü, 239 nəfərin yaralanmasından kədərləndiyini bildirib və türk xalqının acısını bölüşüb. Milli Şura terror aktı nəticəsində həyatını itirmiş günahsız insanlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyir, bu ağır gündə Türkiyənin yanında olduğunu ifadə edir.

Koordinasiya Mərkəzinin toplantısında ölkədə repressiyaların genişlənməsindən narahatçılıq ifadə olunub, “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Qənimət Zahidin yaxın qohumları Rüfət və Rövşən Zahidovlara saxta narkotik ittihamı əsasında 6 il həbs cəzası verilməsindən hiddət ifadə edilib. Müzakirələr zamanı qeyd edilib ki, haqqında söhbət gedən Zahidovlar siyasətə heç bir aidiyyəti olmayan sadə kənd adamlarıdır və onlar bilavasitə Qənimət Zahidin peşə fəaliyyətinə görə həbs ediliblər. Hökmdən əvvəl Rüfət və Rövşən Zahidovların Amnesty International tərəfindən vicdan məhbusu kimi tanınması Azərbaycan hakimiyyətinin bu şəxsləri girov götürməsinin təsdiqi kimi qiymətləndirilib. Koordinasiya Mərkəzi ölkədə girov məhbusların sayının artmasını hakimiyyətin qisasçılğı, insan haqları və vətəndaş hüquqlarının ciddi şəkildə pozulması kimi qiymətləndirib.

Toplantıda digər siyasi məhbusların müdafiəsinin gücləndirilməsinin vacibliyi, Tale Bağırzadə və onun rəhbərlik etdiyi Müsəlman Birliyi Hərəkatının digər üzvlərinin bilavasitə siyasi mülahizələrlə həbs edildiyi, onlara işgəncə verildiyi, həbs edilmiş şəxslərə münasibətdə qanunun tələblərinin ciddi şəkildə pozulduğu ifadə edilib.

Koordinasiya Mərkəzinin iclasında ölkədə yaranmış ağır sosial-iqtisadi vəziyyətin təhlili aparılıb. Əhalinin geniş dairələrinin maliyyə-kredit asılılığına düşməsi, ölkədə bank əsarətinin yaranması, hökumətin vəziyyətdən çıxış yolu kimi gərəkli addımları atmaması, bir sıra bankların kredit borcu olan vətəndaşları raketçilik yolu ilə təhdid etməsi ağır sosial durumum yaranmasına gətirib çıxarıb. Müzakirələr zamanı qeyd edilib ki, vergi və gömrük orqanlarında tüğyan edən soyğunçuluq ölkəni çökdürmüş, orta və xırda biznes qurumlarının kütləvi şəkildə bağlanmasına gətirib çıxarmışdır.

İclasda Azərbaycan hökumətinin AŞPA-da yüksək vəzifə tutmuş İtaliyalı deputat Luka Volenteye 2,4 milyon avro həcmində rüşvət verməsi və bu yolla 2013- cü ilin yanvar ayında Avropa Şurasının Parlament Assambleyasında Almaniyadan olan deputat Ştrasserin “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatının qəbu olunmasının qarşısını alması böyük rüsvayçılıq kimi qiymətləndirilib, bu rüsvayçılğın ölkənin adına, imicinə, respublikanının şərəfinə ağır zərbə vurduğu qeyd edilib. Müzakirələrin gedişində qeyd edilib ki, Azərbaycan Milli Məclisinin üzvləri Elxan Süleymanov və Müslüm Məmmədov vasitəçiliyi ilə Luka Volenteye ötürülən rüşvət hesabına AŞPA deputatlarının 128 nəfəri Ştrasserin hazırladığı və siyasi məhbus problemi ilə bağlı ölkədəki reallıqları əks etdirən hesabatın əleyhinə səs verib. Milli Şura bu faktın, xüsusilə rüşvət hadisəsində adı keçən Milli Məclis üzvlərinin prosesdə iştirakının araşdırlması məqsədilə Baş prokurorluğa müraciət hazırlanması, AŞPA rəhbərliyinə və Ştrasserin hesabatının qarşısının alınmasında şübhəli bilinən deputat qruplarının təmsil etdiyi hökumətlərə onların fəaliyyətinin arşdırılması məqsədi ilə müraciət edilməsini məqsədəuyğun hesab edib.

Toplantıda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilmiş Sankt Peterburq görüşünün nəticələri barədə fikir mübadiləsi aparılıb, danışıqlardan sonra Azərbaycan rəsmilərinin Dağlıq Qarabağ və işğal olunmuş rayonlarla bağlı ölkə ictimaiyyətinə yalan məlumat verməsindən təəssüf ifadə edilib.

Müzakirələrin gedişində Azərbaycan hakimiyyətinin idman siyasətinin də iflasa uğradığı qeyd edilib. Bugünlərdə dopinq qalmaqalına görə 5 Azərbaycan idmançısının beynəlxalq çepionatlarda aldığı medallardan məhrum edilməsi və bir sıra idmançıların müxtəlif müddətə beynəlxalq yarışlardan uzaqlaşdırılması ölkə hökumətinin uzun müddət öyündüyü idman uğurlarının əsl mahiyyətini ortaya qoyub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ