SON DƏQİQƏ

PressDent.Info

Gül bayramına etiraz edənlərə narkoman damğası

Gül bayramına etiraz edənlərə narkoman damğası
14-05-2016, 16:01 29319 dəfə baxılıb

Hakimiyyət siyasi məhbusların sırasına daha iki nəfər əlavə etdi

21-ci əsrdə yaşasaq da, hökumətimiz hələ də cahillik dövrünün ənənələrini tətbiq edir. Insanlar qondarma ittihamlarla həbs edilir, məhkəmələr sifariş əsasında şərlənmiş adamlara hökm oxuyur və beləliklə, qanun zibil qutusuna çevrilir.

Bugünlərdə Xətai Rayon Məhkəməsinin qərarı ilə NIDA-çı gənclər Bayram Məmmədov və Qiyas Ibrahimov barəsində 4 ay həbs qətimkan tədbiri seçildi. Onlara Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələr ilə ittiham elan olundu. Məlumatda deyilirÿki, Bakı Şəhər Baş Polis Idarəsinin Narkotiklə Mübarizə Idarəsi, Nəsimi RPI 22-ci PB və Nizami RPI 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas Ibrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.

Reallıq isə budur ki, gənclər Heydər Əliyevin heykəli üzərinə “Qul bayramınız mübarək” şüarı yazmaqda ittiham edilir. Bayram Məmmədov ona işgəncə verildiyini, AzTV-yə çıxaraq heykəldən üzr istəməsini tələb etdiklərini deyib.  Gəncin dedikləri də təsdiqləyir ki, həbsə səbəb narkotika yox, heykəldi.

Ümumyyətlə, Azərbaycanda narkotika ilə şərləmək geniş yayılıb və bugünə qədər xeyli müxalifətçinin cibindən narkotik maddə “çıxarılıb”. Təbii ki, bu adamları dünya da, ölkə ictimaiyyəti də siyasi məhbus, vicdan məhbusu kimi tanıyıb. Hökumətin şərləyib həbs etdiyi adamlara dünyanın nüfuzlu mükafatları verilib, bu adamlar cəmiyyətdə hörmətlə qarşılanıb və Azərbaycan hakimiyyəti bu repressiyalara görə dünyanın tənqidi ilə üzləşib.

Indi də heykəli yazdığına görə həbs edilən gənclərə narkotika ittihamı irəli sürüblər. Əgər bu gənclər  həqiqətən də heykələ şüar yazıblarsa, niyə onları törətdikləri əmələ görə ittiham etmirlər? Cinayət Məcəlləsində bu tipli hərəkətlərə görə hansı cəza nəzərdə tutulursa, həmin cəza da tətbiq edilməlidir. Amma hakimiyyət öz mahiyyətindən kənara çıxa bilmir və yenə də özünü gülünc vəziyyətə salır. Gənclər həbs olunduğu andan onlara qarşı irəli sürülən narkotika ittihamı ironiya ilə qarşılanıb, karikatura mövzusu olub, hamı başa düşür ki, hökumət növbəti dəfə şər kampaniyasına girişib.

Bəli, hökumət ölkənin adını dünyada rüsvay etməkdə, hüquq sistemini şər aparatına çevirməkdə israrlıdır. Əlbəttə, az müddətdən sonra bu gənclər siyasi məhbus kimi tanınacaq, onların həbsi söz və ifadə azadlığına basqı kimi qiymətləndiriləcək. Fakitki olaraq bu gənclər törətdikləri əmələ görə yox, törətmədikləri cinayətə görə ittiham olunurlar. Bir daha təsdiqlənir ki, bu ölkədə heç kimin təhlükəsizliyi təmin olunmayıb, istənilən adamı şərləyib həbs etmək mümkündür, bütün strukturlar, o sıradan hökumət özü çirkaba bulaşıb.

Onsuz da belə həbslər qorxu yarada bilmir. Gənclərin həbsindən sonra hökumətə qarşı arqumentlər daha da artıb, tənqidlər daha da sərtləşib. Deməli, bu qondarma həbs yenə də hökumətin özünə qarşı yönələcək, onsuz da “qara siyahı”da olan komandanı daha da çətin vəziyyətə salacaq. Baş verənlər həm də hökumətin riyakarlığının, natəmizliyinin göstəricisidir. Necə olur ki, bu dövlətin qurucularından olan Rəsulzadənin heykəlinə çuval keçirənlərə mandat verilir, amma Heydər Əliyevin heykəlinə şüar yazanlara heroin yüklənir?

Bir daha qeyd edirik ki, hətta heykəlin üstünə şüar yazmaq  yanlış hərəkət olsa belə, o şüarı yazanlara qarşı narkotika ittihamı irəli sürmək iyrənclikdir.

Bir sözlə, siyasi məhbusların sırasına daha iki nəfər əlavə olundu. Ölkədən 3 ton heroin çıxarılmasına göz yumanlar, gənclərin cibindən 1 kq heroin çıxarmağa “nail olublar”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ