SON DƏQİQƏ

PressDent.Info

Əliyevin etibarsız “sorğukeçirənlər”i

Əliyevin etibarsız “sorğukeçirənlər”i
7-05-2016, 20:23 41151 dəfə baxılıb

Bir müddət əvvəl “Rəy” Monitorinq Mərkəzi ölkədə “sorğu” keçirdi və elan etdi ki, sorğuda iştirak edənlərin 97 faizi Ilham Əliyevə etibar edir. Təbii ki, bu 97 faizlik nəticə cəmiyyətdə ironiya ilə qarşılandı, sosial şəbəkələrdə lətifə mövzusuna çevrildi və məlum oldu ki, “Rəy”in özünə bu ölkədə etibar edən yoxdur.

Qeyd edək ki, həmişə hökumətin vəziyyəti ağır olanda, hökumət cəmiyyətdə nüfuzdan düşəndə “Rəy” bu tipli sorğular keçirir və daxili auditoriyaya göstərmək istəyir ki, hakimiyyət hələ də güclüdür.

Məsələ burasındadır ki, ötən bir il ərzində ölkədə vəziyyət daha da pisləşib və belə bir məqamda 97 faiz nəticənin üzə çıxması yalanı daha çılpaq göstərdi. Xüsusən son bir il ərzində ölkə başçısının nüfuzunu artıracaq heç bir hadisə baş verməyib. Əksinə, qiymətlər qalxıb, milli valyuta iki dəfə devalvasiyaya məruz qalıb, kredit borcu olanların sayı artıb, işsizlik və yoxsulluq səviyyəsi yüksəlib və s.

“Rəy”in sorğusunun cəmiyyətdə qeyri-ciddi, ironiya ilə qarşılanması hökuməti təşvişə salıb və yenidən “sorğu” keçiriblər. Daha doğrusu hökumətlə uzun müddətdir əməkdaşlıq edən ABŞ-ın qeyri-hökumət təşkilatı “Arthur C. Finkelstein&Associates” (ACF) ictimai rəy sorğusu keçirib və  96.8 faizdən artıq respondent bildirib ki, “Azərbaycan prezidentinə inam” artıb və respondentlər dövlət başçısının fəaliyyətini “əla”, yaxud “yaxşı” qiymətləndiriblər.

Göründüyü kimi, “Arthur C. Finkelstein&Associates”in əldə etdiyi “nəticə” “Rəy”in nəticəsi ilə təxminən eynidir.  Nəticələr yalnız 0.2 faiz aşağı salınıb ki, bu da sorğunu iandırdıcı etməyə hesablanıb.

Əhalinin hansı səbəbdən ölkə başçısına 96.8 faiz səs verdiyini əsaslandıra bilmədikləri üçün, bunu Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərində gərginliyin artması ilə əlaqələndiriblər. Guya, cəbhədəki döyüşlərdən sonra ölkə başçısının reytinqi yüksəlib. Təbii ki, bu 97 faizlik nəticəni iqtisadi vəziyyətin yüksəlməsi, əhalinin yaşayış səviyyəsinin artmasıyla əsaslandırmaq tamam absurd görünərdi. Ona görə öz aləmlərində tutarlı “fakt” tapıblar.

Amma bu səbəbin özü də qeyri-ciddidir. Çünki, bu döyüşlər nəticəsində torpaqlar işğaldan azad edilməyib. Əksinə, hökumətimiz bu qədər itkidən sonra ermənilərin xahişi ilə atəşkəsi dayandırdı və yenidən səmərəsiz sülh danışıqlarına qayıtdı. Bu mövqe isə cəmiyyətdə mənfi qarşılandı və növbəti şansın əldən buraxılması kimi dəyərləndirildi. Yəni nəticə etibarilə cəbhədəki döyüşlər də Ilham Əliyevin reytinqinin aşağı düşməsinə xidmət etməliydi.

Amma hökumətimizin “sorğukeçirənlər”i istənilən vəziyyətdə  “97 faiz” çıxarda bilirlər. Başa düşmülər ki, belə “brak” sorğularla nəticəni dəyişmək olmaz. Çoxdandır ki, bu ölkədə hökumətdən razılıq edən 97 adama rast gəlməmişik.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ