SON DƏQİQƏ

PressDent.Info

Dəyərsizliyin dəyərə çevrilməsi

Dəyərsizliyin dəyərə çevrilməsi
23-04-2016, 12:08 26187 dəfə baxılıb

Yaxud, susqunluğun yaratdığı eybəcərlik

Ölkədə dəyərlər o qədər ucuzlaşıb ki, dəyərsizlik qiymətləri artırıb. Yaltaqlıq peşəsinə yiyələnmək, elmə yiyələnməkdən daha perspektivli olub. Yaxud, dağıtmaq qurmaqdan, yıxmaq qaldırmaqdan, yalan həqiqətdən, ləkələmək təmizləməkdən cazibədar olub. Təsadüfi deyil ki, cəmiyyətdə hamının nifrətlə qarşıladığı, mənfi reputasiyaya malik olan adamlar deputat, nazir, komitə sədri, xalq artisti ola bilir. Hətta “Şərəf” və “Şöhrət” ordeni almaq üçün də mənəvi dəyərləri qurban vermək tələb olunur.

Ən dəhşətlisi isə budur ki, bütün bunlar məqsədli şəkildə edilir. Bu isə vətəndaşı təhqir etmək, ictimai rəyi nəzərə almamaq, insanlara lazımsız əşya kimi yanaşmaqdı.

Bugünlərdə bir daha şahid olduq ki, cəmiyyətin nəzərində aşağı olanlar, hökumətin nəzərində yuxarıdı. Yəni, cəmiyyətin itələdiyi adamlara hökumət qucaq açmaqla məşğuldu. Belə ki, Qüdrət Həsənquliyevin müavini Niyaməddin Orduxanlı MSK-ya üzv təyin edildi, Emin Həsənli isə QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü seçildi.

Təbii ki, ölkə vətəndaşı üçün bu adamların hara seçilməsi qətiyyən önəmli deyil. Ümumiyyətlə, bu adamların varlığı heç kimin müzakirə mövzusuna çevrilmir. Çünki, cəmiyyət bu adamların hansı havanı aldığını bilir və onlar haqqında danışmağı da artıq hesab edirlər. Xatırladım ki, bu iki “qəhrəman” bir neçə gün öncə AXCP sədri Əli Kərimlinin evinin qarşısındakı “konsert”ə aparıcılıq edirdilər. Sosial şəbəkələrdə bu adamlara elə “şillə” vuruldu ki, normal ölkədə nəinki belə adamlara qapı açmazdılar, ümumiyyətlə bu adamları unutdurmağa çalışardılar. Heç bir hökumət Niyaməddinlərlə, Eminlərlə adının hallanmasını istəməzdi.  Amma ölkə başçısı bu iki “cəngavər”i qiymətləndirdi. Əli Kərimli cəbhəsində “qəhrəmancasına” döyüşdüklərinə görə bu adamların “rütbə”si qalxdı. Təbii ki, hökumətin Əli Kərimliyə münasibəti bəllidi. Amma yuxarıda da qeyd etdiyimiz kimi ictimai rəyə nəzərə alaraq bu adamlara  qapını göstərmək lazım idi. Belə bir reputasiyaya malik olan adamlar nə cəmiyyətə, nə dövlətə xeyir verə bilməz. Elə məlum təyinatlardan sonra da cəmiyyətin münasibəti aydın göründü.

Amma bir həqiqət də var ki, bizim MSK-mıza, QHT Şurasına elə Niyaməddinlər, Eminlər lazımdı. “Ənənə”nin davam etməsi üçün belə “sədaqətli” gənclərə ehtiyac var. Onsuz da ölkədə seçki çoxdan rəhmətə gedib və MSK mürdəşirliklə məşğuldu. Belə bir quruma “qəbirqazan” mütləq lazım idi və bunu Orduxanlı edə bilərdi. Yaxud, QHT Şurası çoxdandır ki, Qulların Hökumət Təşkilatı Şurasına çevrilib. Yəni, bu ölkədə rejim eybəcərliklərinin qarşısında qula çevrilməsən, müstəqilliyini itirməsən bu “sirrli” Şuraya girə bilməzsən. Demək istəyirəm ki, bu adamlar müqəddəs yerləri zəbt etməyiblər, müqəddəsliyini itirən məkanlara allahsızlıq  portretləri yapışdıracaqlar. Sadəcə olaraq göstərmək istəyirik ki, bu adamların hansı “fədakarlıq”lar sayəsində yüksəldiyi aydın olsun.

Amma bu prosesdə bizim də xalq olaraq günahımız böyükdür. Biz “brak” məhsulların istehsalına biganə qaldığımıza görə, “brak” məhsullar “bazar”ın brendinə çevrildi. Hökumət xalqın susmağını razılıq əlaməti kimi dəyərləndirdi və bizim adekvat olmayan münasibətimizdən yararlandı.

Nəticədə bütün strukturlara, o cümlədən MSK-ya, QHT Şurasına  sifarişlə bağıranlar təyin olundu.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ