SON DƏQİQƏ

PressDent.Info

Tanınmış vəkildən Qaralova müraciət

Tanınmış vəkildən Qaralova müraciət
22-03-2016, 12:44 22881 dəfə baxılıb

Tanınmış vəkil Cavad Cavadov feysbuk səhifəsində mətbuat üçün maraqlı müraciət yayıb. Vəkil müdafiə etdiyi daha bir nəfərin günahsız yerə və ictimai fəaliyyətinə görə həbsdə yatdığını diqqətə çatdırır. Vəkilin mürciətini təqdim edirik:

“Hüquqlarını müdafiə etdiyim, tanınmış ilahiyyatçilərdən olan Cəfərov Ceyhun artıq bir ildən çoxdur ki, həbsdədir və ona heç bir əsası olmayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə qondarılmış ittiham irəli sürülüb. İttihamın əsasını təsdiq edəcək heç bir sübut yoxdur.
Ceyhun Cəfərov haqqında qısa məlumat:
Onun rəhbərliyi ilə “Təkamül” tərcümə mərkəzi yaradılmışdır. Tərcümə elədiyi ən məşhur kitablar: 20 cildən 7-si tərcümə olunan “Əl-Mizan” təsviri (müəllif: Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai), “İslamda əxlaq” (müəllif Ayətullah Məhəmmədrza Məhdəvi Kəni) və onlarla digər kitabların tərcümə müəllifidir. Eyni zamanda o bütün islam dünyasında böyük uğur və rəğbət qazanmış, SPACE telkanalında yayımlanmış “Həzrəti Yusif” filminin azərbaycan dilinə dublyaj olunmasında iştirak etmişdir. Bundan başqa o bir sıra başqa filmlərin dublyaj olunmasında iştirak etmişdir. Həmçinin o bir sıra saytların yaradıcısı idi: “quranevi.az”, “tekamulteam.az”, “islamaz.com” və “imamzaman.az”. Ceyhun Cəfərovun məqsədi ənənəvi islam dininin insanlara çatdırılması və radikal dini təriqətlərə qarşı mübarizə olmuşdur. 2008-ci ildə o Azərbaycan İslam Universitetini bitirmiş, tələb olduğu vaxtlarda həmin universitetdə “İslam Əxlaqı” mövzusunda tədrislə məşğul olmuşdur. Azərbaycan dilindən başqa, rus, ərəb, fars dillərini bilir.

Ceyhun Cəfərov necə həbs olunur:
05 mart 2015-ci il tarixdə ona keçmiş Milli Təhlükəsizlk Nazirliyindən zəng olunaraq 10 mart 2015-ci il tarixdə nazirliyin istintaq idarəsinə gəlməsi tələb olunur. 10 martda o öz ayağı ilə, öz avtomaşınında nazirliyinə gəlir, telefonunu idarənin qəbul bölməsində qoyur. Dindirmədən sonra o saxlanılır və iki gündən sonra barəsində həbs qətimkan tədbiri seçilir. Casusluqda ittiham olunan şəxsin öz ayağı ilə, öz maşınında (maşınında komyuteri, İpade olan, bütün yazı qeydləri olan) gəlməsi onun hər hansı çəkinəcək yerinin olmamasının göstəricisidir.

Bir ildən artıq müddətdə Ceycun CƏfərovun barəsində həbs qətimkan tədbiri dörd dəfə uzadılır. Məhkəməyə verilən təqdimatlarda olan ümumi, heç bir sübuta söykənməyən stereotip ifadələr məhkəmə qərarlarına köçürülür və məhkəmələr gözüyumulu həmin təqdimatları təmin edir.
Sonuncu uzatma 17 aprel 2016-ci il tarixə kimi olmuşdur və görünən odur ki, istintaq orqanı növbəti dəfə həbsdə saxlama müddətini uzatmağa hazırlaşır.
İstintaq orqanı elan olunmuş qondarma ittihamı təsdiq edəcək heç bir sübut ortaya qoymur, verdiyimiz bütün vəsatətlər rədd olunur.

Azərbaycan Respublikasının Baş Prokurorluğundan bu işin nəzarətə götürülməsinə dair verdiyimiz şikayətlər də nəticəsiz, hətta cavabsız qalır. Bunlardan belə təsəvvür yaranır ki, prokurorluq orqanlarının DTX-nin İstintaq idarəsi üzərində nəzarəti yoxdur. İnanıram ki, bu belə deyil.
Məcburam mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edəm.
Cənab Baş Prokuror: xahiş edirəm Ceycun Cəfərov barəsində olan cinayət işini tələb edib, nəzarətə götürəsiniz və istintaq aparılması üçün başqa istintaq orqanına həvalə edəsiniz”.

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ