SON DƏQİQƏ

PressDent.Info

''İndiki siyasət davam edərsə, Azərbaycan müflis olar''

''İndiki siyasət davam edərsə, Azərbaycan müflis olar''
20-03-2016, 18:10 32190 dəfə baxılıb

Zöhrab İsmayıl

 

Zöhrab İsmayıl: “Son ilyarımda mənim fəaliyyətimdə vətəndaş cəmiyyətinin problemləri ağırlıq təşkil etməyə başlayıb”

QHT-lərə qarşı başlanan cinayət işindən sonra bir neçə vətəndaş cəmiyyətinin üzvü həbs edildi, bəziləri isə çıxış yolunu ölkədən getməkdə gördülər. “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl da xeyli vaxtdır ki, Azərbaycanda yoxdur. Hazırda Amerikada yaşayan təşkilat rəhbəri ilə Meydan TV-nin suallarını cavablandırıb.

 - Zöhrab bəy, xeyli vaxtdır fəaliyyətinizlə bağlı demək olar ki, heç bir məlumat yoxdur. Nə işlə məşğulsunuz?

- Bildiyiniz kimi, 2014-cü ilin avqustunda vətəndaş cəmiyyətinə qarşı təzyiqlər tüğyan edən dövrdə mənə qarşı təqiblərdən dolayı ölkəni müvəqqəti olaraq tərk etdim. Amma sonra bu “müvəqqəti proses” uzandı. Buna səbəb Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin rəhbərlik etdiyim “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinə qarşı heç bir əsas olmadan açdığı cinayət işini davam etməsidir. Bizim hesablar bağlanarkən əsas kimi “Oxfam” Böyük Britaniya təşkilatının Azərbaycan nümayəndəliyindən aldığımız qrant və bu təşkilata qarşı açılmış cinayət işi əsas gətirilmişdi. “Oxfam”a qarşı cinayət işi xeyli müddətdir dayandırılıb, ancaq bizə qarşı dayandırılmır. Həbsdəki həmkarlarımız istisna olmaqla cəmi bir neçə yerli QHT qalıb ki, bizə qarşı bu qondarma cinayət işini uzatmaqda kimlərsə maraqlıdır.

Ölkəni tərk etdikdən sonra müəyyən müddət Praqada və Kiyevdə yaşamalı oldum. Həmin dövrdə Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların dayandırılması və həbs edilmiş həmkarlarımızın azad edilməsi üçün beynəlxalq təşkilatların da vəkillik fəaliyyətlərində fəal şəkildə iştirak etdim. Çox böyük şeylərə nail olmasaq da, düşünürəm ki, Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyaların dayanmasında beynəlxalq təşkilatların mühüm rolu oldu.

Bütün bunlar bir tərəfə, ölkədən kənarda olduğum dövrü özüm üçün də faydalı keçirməyə çalışdım. Keçən il ABŞ dövlətinin çox tanınmış “Hubert Humphrey Fellowship” proqramını qazandım. Amma proqram başlamazdan öncə səhhətimdə yaranmış problemlər bu mükafatı itirməyimlə nəticələnə bilərdi. Bildiyiniz kimi, keçən ilin mayında Tiflisdə ürəyimdən konorar şuntlama əməliyyatı keçirdim. Bundan cəmi 25 gün sonra ABŞ-a proqram üçün yola düşməliydim. Amma həkimlərim buna əmin deyildilər. Əməliyyat uğurlu olmuşdu, amma ilkin reablitasiya üçün 2 ay tələb olunurdu. Həkimlərım icazə verdilər, amma bunda mənim təkidlərim də az rol oynamadı.

Bu proqram dünyanın müxtəlif ölkələrində hökumət qurumlarında, vətəndaş cəmiyyətindəki və bəzi hallarda biznesdəki peşəkarlar üçün nəzərdə tutulub. Beləliklə də, hazırda 15 universitetdə ümumilikdə 165 nəfər peşəkar bu proqramda iştirak edir. Azərbaycandan ilk dəfədir ki, 3 nəfər proqramda iştirak edir. Mən Kanzas Universitetində 2 aylıq hazırlıq kurslarından sonra Miçiqan Dövlət Universitetində proqrama başlamışam. Bizim istiqamət iqtisadi inkişafdır. Proqramda aspirant səviyyədə dərslər, liderlik və peşəkar inkişafla bağlı seminarlar, görüşlər, səfərlər, nitqlər, kiçik tədqiqatlar və bloqların yazılması nəzərdə tutulur. Ölduqca faydalı və maraqlıdır. May ayında iş təcrübəsi üçün Nyu-Yorka gedəcəm və müəyyən müddət Təbii Resursların İdarəedilməsi İnstitutunda işləyəcəm.

- Rəhbəri olduğunuz təşkilatın fəaliyyətini dondurmusunuzmu? Yoxsa hadisələrdən dolayı işləməyə imkan yoxdur?

- Hesablarımızın həbsi, bizə qarşı açılmış cinayət işi və Ədliyyə Nazirliyinin təşkilatımızda sonuncu sədr və İdarə Heyətinin seçkisini qeydə almaqdan imtina etməsi ilə bağlı fəaliyyətimizi dayandırmalı olmuşuq. Bakı Vergi Departamenti də əsassız olaraq bizə qarşı 10689 manat cərimə müəyyən edib. Dəbbə ilə birlikdə  cərimənin məbləği 17 min manatdan artıqdı. Baxmayaraq ki, bizim hesablarda bundan bəlkə də 2 dəfə artıq məbləğ var, vergi orqanları sanksiya qoyub vəsaiti götürmür. Buna həbsi bəhanə gətirirlər. Amma düşünürəm ki, məqsəd sadəcə təşkilatın fəaliyyətinin qarşısını almaqdır.

Biz bütün bunlardan məhkəmələr şikayət vermişik. Hesablarımızın həbsi ilə bağlı məsələ artıq Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır. Vergilərlərlə bağlı işimizi də 1 saylı İnzibati-İqtisad Məhkəməsi ilyarımdı uzadır. Ədliyyə Nazirliyinə qarşı iddiamız isə apellyasiya mərhələsindədir. Belə bir şəraitdə olan təşkilatda kim işləyər?

- Təşkilat və siz yenidən fəaliyyət göstərəcəksizmi?

- “Azad İqtisadiyyata Yardım” İctimai Birliyinin bundan sonra fəaliyyət göstərə bilməsi ciddi sual altındadır. Düşünürəm ki, hətta cinayət işinə xitam verilsə, hesablarımızdan həbs götürülsə belə Azərbaycanda QHT-lərin fəaliyyəti üçün minimal şərtlər mümkün deyil. İanə cəlb etmək və xarici donorlardan qrantlar almaq mümkün deyil. Yalnız QHT-lərə Dövlət Dəstəyi Şurasından vəsait almaq mümkündür. Bu quruma isə biz prinsipial olaraq müraciət etmirik. Hesab edirəm ki, bu qurum Azərbaycanda vətəndaş cəmiyyətinə dəstək üçün yox, onu sıradan çıxarmaq, hökumətdən asılı quruma çevirmək və korrupsiyalaşdırmaq üçün yaradılıb. Şura həmçinin həmkarlarımızın həbsində yardımçı olub. İndi deyə bilərik ki, şura məqsədinə xeyli dərəcədə nail olub.

Özümə gəldikdə isə, sözsüz ki, fəaliyyətim davam edəcək. Bu ilin iyun-iyul aylarında ABŞ-dakı proqramım başa çatır və mən geri dönürəm. Azərbaycana qayıtmaq yenə mümkün olmasa, fəaliyyətimi haradan davam edəcəyimi düşünəcəm. Hazırda bir sıra beynəlxalq təşkilatlar üçün “freelancer” kimi əməkdaşlıq edirəm. İş təklifləri də var. Düzdür, son ilyarımda mənim fəaliyyətimdə vətəndaş cəmiyyətinin problemləri ağırlıq təşkil etməyə başlayıb, amma gələcəkdə mən özümün doğma tədqiqat sahələrim olan hökumətin hesabatlığı və şəffaflığı, iqtisadi inkişaf modelləri kimi məsələlərə daha çox önəm verməyi düşünürəm.

Eyni zamanda, bilirsiz ki, mən Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvüyəm. Hazırda formalaşmaqda olan Respublikaçı Alternativ Partiyasında da fəaliyyətimi imkan daxilində davam etdirməyi düşünürəm. Düzdür, ölkədə olmadan bu, elə da asan deyil. Amma ən azından partiyanın proqramının, siyasət sənədlərinin hazırlanmasında və strateji inkişaf məsələlərində töhfə verə bilərəm. Baxmayaraq ki, siyasi iddialarım yoxdur, düşünürəm ki, Azərbaycanı indiki avtoritar idarəetmədən, korrupsiyadan qurtarmaq və inkişaf etmiş modern bir ölkəyə çevirmək üçün mütərəqqi siyasi qüvvələrə dəstək olmalıyıq. Hazırda Azərbaycanda bu mütərəqqi siyasi qüvvələrin əsas siması məhz REAL-dır.

- Xeyli müddətdir ölkədən kənardasız. Sizin ölkədə olmadığınız müddətdə xeyli proseslər baş verib. İzləyirsizmi bütün prosesləri?

- Prosesləri mümkün qədər izləməyə çalışıram. Əsas məlumat mənbəyim rəsmi media, Facebookda paylaşılan media materialları, “Azadlıq”, BBC və “Amerikanın səsi” radioları, Meydan TV və xarici mətbuatdır. Azərbaycanda sosial-iqtisadi problemlər kəskinləşməkdədir. Həmçinin geosiyasi çətinliklər də artmaqdadır. Bütün bunlara baxmayaraq, Azərbaycan hakimiyyəti hələ də proseslərə nəzarət edə bilir və bunun üçün hələ ki, resursları var.  Azərbaycan hakimiyyəti Qərb ölkələrinə qarşı kampaniyasını davam etdirməsinə, Avropa dəyərlərini aşağılamasına və demokratiya, insan haqları, ifadə, toplaşmaq, birləşmək azadlıqları ilə bağlı beynəlxalq öhdəliklərini inadlı şəkildə yerinə yetirməməsinə baxmayaraq, Qərb ölkələri ciddi addımlar atmırlar. Bunun iki səbəbi var: biri Rusiya, digəri Azərbaycanın neft-qaz ehtiyatlarına malik olması. Azərbaycan hökuməti vaxtaşırı müxtəlif yollarla Qərb ölkələrinə mesajlar verir ki, bizi çox sıxsanız tam olaraq Rusiyanın nəzarətinə keçəcəyik. Bu, həm də bir növ müstəqillikdən imtina etmək, müharibəyə başlamaq kimi hədələrdir. Sanki Azərbaycan hökuməti Qərbə deyir ki, bizi çox sıxsanız özümüzü yandıracağıq, nə bilim körpüdən atacağıq. Qərb isə belə məsələrdə çox ehtiyatlıdır, Azərbaycanın müstəqilliyində və regionda sülhə çox maraqlıdır.

O biri tərəfdən isə iqtisadi maraqlar var. Neft-qaz şirkətlərinin nüfuz dairələri çox genişdir, onlar öz hökumətlərinə daha inamla təsir göstərə bilirlər. ABŞ, Britaniya və Avropa şirkətləri Azərbaycanın iri neft layihəsində iştirak edir və böyük gəlirlər əldə edirlər. İndi qaz layihəsindən faydalanmaq imkanları var. Bir sözlə, indiki status-kvo Qərbin neft-qaz şirkətləri üçün əlverişlidir.

Fikir verirsinizsə, hakimiyyətə yaxın media, hakimiyyət təmsilçiləri Qərb ölkələrinə, Qərb dəyərlərinə qarşı davamlı kampaniya aparsa da, Qərbin neft şirkətlərinə qarşı belə davranışları yoxdur.  

- Bu müddət ərzində Azərbaycanda 2 dəfə devalvasiya yaşanıb. Bəzi ekspertlər deyir ki, iqtisadi böhran yaşanır. Siz nə düşünürsünüz? Bu baş verənlər iqtisadi böhrandırmı?

Düşünürəm ki, hazırda Azərbaycan yalnız sosial-iqtisadi böhran yox, həm institusional böhran yaşayır. Son 10 ildə Azərbaycan 90 milyard dollara yaxın neft gəlirlərini israf etsə də, ölkədə heç bir fundamental problem həll olunmayıb. Ölkədə keyfiyyətli təhsil və səhiyyə xidməti yoxdur, kəndlərimizin bəlkə də yarısında yol, qaz və içməli su problem var. Bu problemlər illərdir davam edir. Azərbaycanın neft gəlirlərinin azalması indi bu problemləri daha açıq göstərməyə başladı.

Dünənə kimi neft pullarının israfından və korrupsiyadan təsirlənən tikinti sektoru çökür və bu da işsizliyin artmasına səbəb olur. Xidmət sektoru da gəlirlərin kəskin azalması sindromunu yaşayır. Banklar sıradan çıxır və verdiyi kreditləri ala bilmir. Hökumət yanlış qərarlar verir, sonra ləğv edir. Aşkar görünür ki, Azərbaycanda idarəetmə qurumları səmərəli işləmək durumundan deyil və bu da ölkədəki patronal idarəetmənin mahiyyətindən irəli gəlir. Ölkədə patronlar var və onların müştərilərindən ibarət şəbəkələri. Onlar bir-biri ilə əməkdaşlıq edir və həm də rəqabət aparır, bəzən də ölüm-dirim savaşına girirlər.

Aydın görünür ki, hökumət də heç problemləri həll etmək yox, vəziyyəti nəzarətdə saxlamaq barədə düşünür. Devalvasiyalar da buna görə verilmiş qərarlardır. Çox təəssüf ki, bəzi iqtisadçılarımız devalvasiyanı hökumətin güya manatın kursunu nəzarətdə saxlaya bilməməsinin nəticəsi kimi təqdim edirlər. Amma əslində, bu tədbirlər hökumətin büdcə öhdəliklərini yerinə yetirməsi üçün atılan addımlardır. Elə bil ki, keçən ilin fevralın 21-dək hər neft dolları büdcəyə 78.5 qəpik pul gətirirdisə, bu gün 1.64 manat pul gətiri. Bununla da hökumət nominal olaraq  büdcə öhdəliklərini yerinə yetirmiş olur. Burada daha çox uduzan əhali, banklar və dövlət büdcəsinin vəsasitləri hesabına xidmətlər göstərən şirkətlərdir. Faktiki olaraq hökumət onları aldadır, əvvəl olduğundan 2 dəfə devalvasiyaya uğramamış manat verir. Amma o biri tərəfdən, hökumət israfçı xərclərindən qalmır.

- Gecdir, yoxsa ölkənin vəziyyətdən çıxması üçün münbit şərait hələ qalmaqdadır?

- İndi əsas problemlərdən biri Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının kəskin azalmasıdır. Hiss olunur ki, hökumət ehtiyatların bundan sonrakı azalmasının məsuliyyətini anlayır və buna görə də manatın kursunu buraxmağı düşünür. Düzdür, indi neft bir az bahalaşıb, amma düşünürəm ki, Azərbaycanın neft hasilatı ilbəil azaldığından problemlər getdikcə daha çılpaq şəkildə özünü göstərəcək. Çox təəssüf ki, bizim hökumət strateji düşünmək imkanından məhrumdur.

Heç nə sözsüz ki, heç vaxt gec deyil. Azərbaycanın iqtisadi inkişafına nail olmaq üçün hələ də xeyli resursları və potensialı var. Amma hər yeni il itirilmiş bir imkandır. Son 2 ildə Neft Fondunun aktivləri də azalır. Postneft dövrü hələ sözün əsl mənasında başlamayıb. Azərbaycan yenə də az da olsa neft gəlirləri əldə edir, Neft Fondunun aktivləri də var, amma 5 ildən 10 ildən sonra daha böyük fəlakətlərlə üzləşə bilərik. İndi hökumət büdcəni doldura bilmədiyinə, daha çox da qaz layihələrini reallaşdırmaq üçün böyük borclanmalara getmək istəyir. İndiki iqtisadi siyasət davam edərsə, post-neft dövründə Azərbaycan bir ölkə olaraq müflis ola bilər.

- Bu vəziyyətdən çıxmaq üçün sizin fikrinizcə, çıxış yolu nədir?

- Vəziyyətdən çıxış elə də sadə deyil. Göründüyü kimi, hakimiyyət əsaslı iqtisadi islahatlar aparmaq istəmir və bunu özünə təhlükə kimi görür. Düşünür ki, iqtisadi azadlıqlar, şəffaflıq, hesabatlıq və hüququn alililiyi mühitində siyasi hakimiyyətə nəzarətini itirər.

 

Ola bilsin ki, sosial-iqtisadi böhranın dərinləşməsi nəticəsində ölkədə gələcəkdə dəyişikliklər və islahatlar mümkün olsun. Burda cəmiyyətdən də çox şey asılıdır. Neft resursları azaldıqca, bu imkanlar arta bilər. Amma asan olmayacaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ