SON DƏQİQƏ

PressDent.Info

Sərt cəzası şərti cəzaya çevrilən məşhurlar...

Sərt cəzası şərti cəzaya çevrilən məşhurlar...
19-03-2016, 19:17 35409 dəfə baxılıb

Şərti cəza alan şəxsi nələr gözləyir; qanunlar nə deyir? 
 
17 martda Azərbaycan prezidentinin verdiyi əfv fərmanı ilə azadlığa çıxan onlarla siyasi məhbusla yanaşı, tanınmış jurnalist Rauf Mirqədirov da məhkəmədən azadlığa buraxıldı. Bakı Apelyasiya Məhkəməsi jurnalistə 5 il şərti cəza təyin etdi. Qeyd edək ki, R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 
 
Bu günə qədər çoxlu sayda tanınmış məhbusun şərti cəza ilə azadlığa çıxması halları baş verib. Amma oxucuların çoxsaylı sualları və sosial şəbəkədə gedən müzakirələr hələ də insanların şərti azadlıq barədə tam anlayışlarının olmadığını göstərdi. 
 
“Yeni Müsavat” Azərbaycan qanunvericiliyinə əsasən şərti azadlığın şərtlərini təqdim edir.
 
Maddə 179. Şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən orqanlar
Şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru, hərbi qulluqçular üzərində isə hərbi hissələrin və ya müəssisələrin komandanlığı həyata keçirir.
 
Maddə 180. Şərti məhkum edilmiş şəxslər üzərində nəzarətin həyata keçirilməsi qaydası
180.1. İcra məmuru sınaq müddəti ərzində məhkumların qeydiyyatını aparır, onların işlədikləri yer üzrə işəgötürənin iştirakı ilə məhkumların ictimai qaydalara riayət etməsinə və məhkəmə tərəfindən onlara həvalə olunan vəzifələrin yerinə yetirilməsinə nəzarət edir.
180.4. Şərti məhkum edilmiş şəxslər məhkəmə tərəfindən onlara həvalə edilən vəzifələri yerinə yetirməli və icra məmurunun çağırışı ilə gəlməlidirlər. Üzrsüz səbəblərdən gəlməyən məhkumlar icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş icra məmurunun qərarı ilə məcburi gətirilə bilərlər.
 
Maddə 181. Sınaq müddətinin hesablanması
 
181.1. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır.
181.2. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.
 
Maddə 182. Şərti məhkum edilmiş şəxslərin məsuliyyəti
 
182.1. Şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən ona üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən boyun qaçırdıqda və ya ictimai qaydaları pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) sınaq müddətinin uzadılması barədə məhkəməyə təqdimat verir.
 
182.2. Şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru və ya hərbi hissənin komandiri (rəisi) şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması barədə məhkəməyə təqdimat verir.
182.3. İcra məmuru məhkumun üzərinə onun islah olunmasına kömək edən yeni vəzifələrin qoyulması və ya əvvəllər məhkumun üzərinə qoyulmuş vəzifələrin tamamilə və ya qismən ləğv edilməsi barədə məhkəməyə təqdimat verə bilər.
 
182.4. Məhkum tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi sınaq müddəti ərzində vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir.
182.5. Otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.
 
2007-ci ilin sentyabrın 24-də məhkəmə “Barmek” prezidenti Hüseyn Arabula 5 il şərti cəza verilmişdi. Hüseyn Arabul və “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nin altı əməkdaşı Cinayət Məcəlləsinin mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilirdi. Dövlət ittihamçısı “Barmek” prezidentinə 8 il iş istəmişdi. Proses Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmədə gedirdi. 
 
Sabiq deputat Gülər Əhmədovaya da  Bakı Apelyasiya Məhkəməsinin 5 may 2014-cü il tarixli qərarı ilə şərti məhkumetmə cəzası verilib. G.Əhmədova bu qərarın ləğvi və məhkumluğun götürülməsi iddiası ilə ötən ilin noyabrında Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Gülər Əhmədova ondan apelyasiya şikayəti verib.
 
2009-cu ildə “Xalq qəzeti”nin keçmiş baş redaktoru, mərhum jurnalist Mahal İsmayıloğlu 2 il şərti cəza ilə cəzalandırılıb. Dövlət ittihamçısı jurnalistə üç il şərti cəza istəmişdi.
Mərhum jurnalistə qarşı cinayət işi Novxanıdakı bağ evinin qonşuluğunda çalışan xadimənin iddiası üzrə qaldırılıb. Xadimə iddiasında jurnalistin fiziki və mənəvi zorakılığına məruz qaldığını bildirmişdi.
 
2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilmə cəzası barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib. Xatırladaq ki, O.Kərimov 2011-ci il iyunun 6-da həbs olunub. İstintaq araşdırması zamanı digər təqsirləndirilən şəxslər də məsuliyyətə cəlb ediliblər. Onlar Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunurlar. Ürək xəstəliyindən əziyyət çəkən O.Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib və o, müalicəyə göndərilib.
 
 
2013-cü ildə Nəsimi Rayon Məhkəməsində AXCP üzvü Dəyanət Babayevə hökm oxunub.
 
Hakim AXCP fəalına 3 il azadlıqdan məhrumetmə cəzası verilməsini hökm edib, amma Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzanı 2 il şərti cəza ilə əvəzləyib.
Dəyanət Babayev digər AXCP üzvü Musa Rahimlə birgə ötən il noyabrın 7-də Bakının Nizami küçəsində ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol verməkdə, sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir edib ona yüngül dərəcəli bədən xəsarətləri yetirməkdə ittiham olunur.
 
Bu ilin fevralında AXCP-nin Şərur rayon şöbəsinin həbsdə olan fəalı Nazim Mahmudov Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. Lakin ona münasibətdə CM-nin 70-ci maddəsi tətbiq olunub və Nazim Mahmudova verilən həbs cəzası şərti hesab olunub. Ötən il noyabrın 15-dən həbsdə olan cəbhəçi hökmdən sonra məhkəmə zalında azadlığa buraxılıb. Qeyd edək ki, Nazim Mahmudov Sədərək gömrük-keçid məntəqəsində ondan rüşvət tələb olunduğuna görə oradakı məmurlardan biri ilə mübahisədən sonra həbs olunub. Onun həbsindən sonra anası mətbuata açıqlamasında bildirmişdi ki, həmin hadisədən sonra polislər Nazim Mahmudovun evinə gələrək onu həbs ediblər.
 
2015-ci ilin avqustunda Azərbaycan Müdafiə Nazirliyi Elmi-Tədqiqat Mərkəzinin keçmiş rəhbəri, alim-seysmoloq Elçin Xəlilovun üzərindən bütün əsas ittihamlar götürülüb. O, CM-in 308.2.1 maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə təqsirli bilinmişdi və şərti olaraq bir il müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ