SON DƏQİQƏ

PressDent.Info

Azərbaycanın, yoxsa Azərbaycana qarşı olan şirkət?: «NOBEL OİL» 17.02.2016

Azərbaycanın, yoxsa Azərbaycana qarşı olan şirkət?: «NOBEL OİL» 17.02.2016
17-02-2016, 11:14 27753 dəfə baxılıb

Şirkətdə təmsil olunan bəzi şəxslərin adı başqa ölkələrdəki iğtişaşlara və çirkli pulların yuyulmasına qarışıb

Ötən günlərdə Azərbaycanda fəaliyyət göstərən, hətta SOCAR-la belə əməkdaşlıq edən müəmmalı neft şirkəti ilə bağlı məlumat vermişdik. Azad.Media-nın araşdırması nəticəsində məlum olmuşdu ki, Britaniyada qeydiyyatdan keçmiş, Bakıda fəaliyyət göstərən «Nobel Oil» şirkəti ölkə daxilində bir o qədər diqqət çəkməsə də, xaricdə artıq məşhurlaşmağa başlayıb. 

Belə ki, şirkət Rumıniyaya sərmayə yatırmağa başlayıb. İlk hədəfi isə bu ölkədəki yanacaq doldurma məntəqələrinə sahib olmaqdır. Amma «Nobel Oil»in fəaliyyətindəki məxfilik, rəhbərliyi ilə bağlı tutarlı məlumatların olmaması bu şirkətlə bağlı kifayət qədər şübhələrə yol açır. Ən azından ona görə ki, uzun illərdən bəri ölkəmizdə yalnız yerli şirkət olaraq SOCAR-ın fəaliyyət göstərdiyini bilirdik. «Nobel Oil»in qəfil peyda olması isə əsaslı şübhələrə yol açır. 

Azad.Media-nın apardığı araşdırmalar zamanı belə bir məlumat ortaya çıxıb ki, əslində, «Nobel Oil»in yaradılmasının başlıca səbəbi «çirkli pulların» yuyulması olub. Bəzi qaynaqların iddiasına görə, şirkətin başında tanınmış şəxslərin mövcudluğu onun şəffaflığından xəbər verməsə də, gördüyü qapalı işlər bu düşüncənin meydana çıxmasına rəvac verib. Ona görə ki, SOCAR-la bir neçə sahədə əməkdaşlıq etdiyi vurğulanan «Nobel Oil»in əslində, heç bir iş görmədiyi qeyd edilir. 

Rumıniya bazarlarına sərmayə qoymağın da məhz bu istəkdən irəli gəldiyi deyilir. Bildirilir ki, sözügedən şirkətin strateji hədəfləri sırasında Şərqi Avropa ölkələrinə «sərmayə» qoymaq və bununla da bəzi şəxslərin çirkli pullarını yumaqdır. Çünki ən optimal yol məhz budur və Avropada yeni mexanizmlərlə pul yuyulması mümkünsüzdür. 

Lakin bu şirkətin «çirkli pulların» yuyulması missiyasından başqa, digər bir özəl tərəfi daha var. Azad.Media-ya məlumat verən mənbə iddia edir ki, neft sənayesi üçün xaricdən alınan bir sıra avadanlıqlar məhz bu şirkətin əliylə reallaşdırılır. Məqsəd isə qiymətləri bir neçə dəfə şişirtmək və bununla da böyük pullar əldə edərək, qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərməkdir. 

Amma işin içində başqa «rənglər»in də olduğu diqqət çəkməkdədir. Və bu məlumat təsdiqini taparsa, o zaman «Nobel Oil»in heç də Azərbaycan deyil, Azərbaycana qarşı bir şirkət olduğu üzə çıxmış olacaq. 
Azad.Media xəbər verir ki, «Nobel Oil» şirkətinin baş meneceri Vüqar Xəlilovdur. Bu şəxsin «Azadlıq» və BBC radiolarının sabiq əməkdaşı olduğu sirr deyil. Britaniya vətəndaşı olan Xəlilovun adı isə bir xeyli əvvəl olduqca ilginc bir olaya qarışıb. Məlum olub ki, o, hələ bir xeyli əvvəl Qırğızıstanda baş vermiş iğtişaşlardan sonra həbs olunub və 5 ay həbsxanada yatıb.

Qeyd edək ki, Qırğızıstanda baş verən iğtişaşlardan sonra bu ölkədə həbs olunan azərbaycanlı iş adamı Vüqar Xəlilov kommersiya şirkətinin direktoru kimi bankdan qeyri - qanuni yolla pul götürərək, biznesini inkişaf etdirməkdə ittiham olunurdu. Həmin vaxt Bişkek hökuməti onu çirkli pulların yuyulmasında günahlandırırdı. Lakin araşdırmalardan sonra «Nobel Oil»in baş meneceri vəkilləri və Britaniya hökumətinin təzyiqləri ilə azadlığa buraxılıb və sonradan bəraət alıb. 

Azad.Media-nın araşdırmasına görə, Vüqar Xəlilovun həbsi təkcə çirkli pulların yuyulması ilə bağlı olmayıb. Onun adı həmçinin iğtişaşların dolayı yolla təşkil edilməsində, habelə prosesin maliyyələşdirilməsində də çəkilib. Və bunu o, heç də şəxsi təşəbbüsü ilə etməyib. 

Həmin iddialara görə, Vüqar Xəlilov Qırğızıstan üzərindən xeyli miqdarda çirkli pulu yumaqla bərabər, həm də Britaniya hökumətinin bir sıra vacib tapşırıqlarını yerinə yetirib. Bu zaman ona iğtişaşların maliyyələşdirilməsi üçün pul göndərilib. Ki, nəticədə Qırğız polisinin məsələdən xəbəri olub və onu həbs edib. 

Lakin sonradan bu şəxs Britaniya hökumətinin təzyiqləri ilə azadlığa buraxılıb. Daha sonra isə müəmmalı şəkildə Bakıda fəaliyyət göstərən «Nobel Oil» şirkətinə transfer olunub. Hazırda isə Xəlilov şirkətin ən aparıcı fiqurlarından biri hesab olunur. 

Maraqlıdır ki, adı iğtişaşların maliyyələşməsi və dolayı yolla təşkili məsələsinə qarışmış bir şəxs Bakıda fəaliyyət göstərən şirkətə niyə transfer olunub. Bəzi ekspertlər bu məsələyə iki prizmadan yanaşırlar.

Birinci yanaşma odur ki, «Nobel Oil» Qərbin Azərbaycan və digər dövlətlərdə yaratdığı şirkədir və məqsəd siyasi proseslərə təkan verən halları nəzarətdə saxlamaq, idarə etmək və ən əsası isə maliyyələşdirməkdən ibarətdir. Vüqar Xəlilov kimi bacarıqlı şəxslərin də belə şirkətlərə transfer edilməsi, məhz mövcud proseslərdə sıxıntıların yaşanmamasına hesablanmış addımdır. Ekspertlər onu da deyirlər ki, «Nobel Oil» şirkətində lojistik dəstəkçilərin sayı daha çox da ola bilər. 

İkinci yanaşma isə ondan ibarətdir ki, Vüqar Xəlilov, həmçinin çirkli pulların yuyulmasında peşəkar fiqur olaraq tanınır və bu səbəbdən də onu neft şirkətinə transfer ediblər. Ekspertlərin düşüncəsinə görə, Qırğızıstanda məhz qeyri-qanuni yolla bankdan pul çıxararaq, onların yuyulmasını təşkil edən bir şəxsin Bakıda da eyni işlərlə məşğul olacağı istisna edilmir. 

Növbəti sual isə budur ki, belə qalmaqallı adam və ya adamların təmsil olunduğu şirkət Azərbaycanındır, yoxsa Azərbaycana qarşıdır? Bu iddialara sığınsaq, «Nobel Oil»in Azərbaycanın deyil, Azərbaycana qarşı bir şirkət olduğu təsəvvürü yaranmış olar. Əks halda isə bu şirkətin digərlərindən fərqlənmədiyini demək mümkündür. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ