SON DƏQİQƏ

PressDent.Info

Milli Şura seçkini legitim saymadı

Milli Şura seçkini legitim saymadı
1-11-2015, 21:55 18546 dəfə baxılıb

“Əliyevlər rejimi növbəti dəfə xalqın hakimiyyətini zorakı yollarla onun əlindən alıb”

Milli Şura 1 noyabr parlament seçkisi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:

Noyabrın 1-də Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçirildi. Bu, ölkə tarixində ən rüsvayçı seçki oldu.

Hələ seçkidən əvvəl onun azad və ədalətli keçməyəcəyi bəlli idi və Milli Şura bu barədə dəfələrlə xəbərdar etmişdi. Ölkədəki repressiv mühit seçki dövründə də olduğu kimi saxlanıldı. Avtoritar idarəçiliyin bütün gücü ilə davam etdiyi bir şəraitdə azad seçkilər keçirməyin mümkünlüyündən söhbət gedə bilməzdi. Bundan başqa, seçki komissiyaları bütövlükdə hakimiyyətin nəzarətində saxlanıldı və bu, Seçki Məcəlləsindəki bəzi müddəalarla birlikdə ədalətli rəqabət mühitini istisna edirdi.

Milli Şura bütün bunları nəzərə alaraq, hakimiyyət qarşısında azad və ədalətli seçkiyə şərait yaradacaq bir neçə siyasi və hüquqi dəyişikliklər tələbi ilə çıxış etdi. Lakin hakimiyyət bu tələblərin heç birni yerinə yetirmək həvəsində görünmədi. Bu halda Milli Şura seçkiləri boykot etmək qərarı verdi.

Hakimiyyətin tutduğu mürtəce mövqe beynəlxalq birliyin də bu seçkilərə münasibətdə indiyədək görünməmiş sərt mövqe sərgilədi. Yerləşdiyimiz Avropa məkanında seçkilərə qiymət verən yeganə qurum olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu uyğun şərait yaradılmadığı üçün bu seçkilərin müşahidəsini aparmaqdan imtina qərarı verməklə, faktiki onu boykot etdi. Avropa Birliyinin Parlamenti də bu seçkilərin saxtalaşdırılacağı əvvəlcədən qəbul edərək, onu boykot etdi və Avropa strukturlarını Bakıya müşahidəçi göndərməməyə çağırdı.

Bu, Azərbaycan tarixində beynəlxalq səviyyədə boykot olunan ilk seçkidir.

Seçki prosesinin özü də kütləvi qanun pozuntusu şəraitində keçdi və müxalifət adı  ilə seçkilərə qatılan ictimai-siyasi qurumların mütləq əksəriyyəti proses ərzində namizədliyini geri götürdü. Yüzlərlə müstəqil namizədin də eyni addm atması ilə qeydə alınmış namizədlərin 40%-dən artığı (500 nəfərdən çox) seçkidə iştirakdan imtina etdi. Hakimiyyətə əsas alternativ qüvvənin əvvəldən seçkilərə qatılmadığı nəzərə alınsa, bu, yetərincə böyük rəqəmdir.

Hakimiyyət seçkiyə faktiki rəqibsiz getməsinə baxmayaraq, yenə də seçki kampaniyasına imkan yaratmadı, namizədlərə efir vaxtı ayrılmadı, hətta imitativ rəqabət mühiti belə təmin olunmadı. Mübaliğəsiz deyə bilərik ki, seçicilərin böyük hissəsinin ölkədə seçki keçirildiyindən ümumiyyətlə xəbəri olmadı. Bunun da nəticəsi özünü seçki günündə aşkar göstərdi – xalq seçkini boykot etdi. Milli Şuranın müşahidələrinə görə, bu seçkilərdə seçici fəallığı təqribən 10%-in ətrafında oldu. Hökumət əvvəlcədən yaratdığı “karusel” qrupları hesabına seçkidə iştirak faizini süni şəkildə yüksəltməyə çalışdı.

İndi heç kimdə şübhə yoxdur ki, aylar öncədən hazırlanmış siyahı üzrə deputatlar formal olaraq seçilmiş elan ediləcəklər. Bu, xalqın da, beynəlxalq birliyin də nəzərində artıq deputatların seçilməsi yox, təyin edilməsidir.

Bu seçkilərlə Əliyevlər rejimi ölkədə seçki institutunu tamamilə məhv etdi. Bununla vətəndaşlarımızın ölkədə seçki yolu ilə hakimiyyət dəyişikliyinə olan inamları daha sarsıdıcı zərbə aldı. Hakimiyyət belə bir seçki keçirməklə öz xalqı və demokratik dünya ilə arasındakı uçrumu daha da dərinləşdirdi. Bu isə onun özünə də heç bir yaxşı perspektiv vəd etmir.

Milli Şura bəyan edir ki, 1 noyabr seçkisi xalqın iradəsini ifadə etmir və tamamilə saxtadır. Siyasi hakimiyyət inzibati zorakılıq yolu ilə qanunverici orqanı ələ keçirib, onu xalqın etimad göstərmədiyi adamlardan ibarət olmaqla formalaşdırıb. Milli Şura bəyan edir ki, bu, hakimiyyətin açıq-aşkar qəsb edilməsidir. 20 ildən artıqdır ölkədə hökmranlıq edən Əliyevlər rejimi növbəti dəfə xalqın hakimiyyətini zorakı yollarla onun əlindən alıb. Milli Şura bu seçki ilə formalaşacaq parlamentin xalqın iradəsini ifadə etmədiyini və legitim olmadığını bəyan edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ