SON DƏQİQƏ

PressDent.Info

"Azadlıq 2015" bloku da seçkiləri baykot edir

18-09-2015, 15:43 29603 dəfə baxılıb


Mirmahmud Mirəlioğlu: "Namizədin sənədləri DSK-ya təqdim olunarkən səlahiyyətli nümayəndəni oğurlayıblar"
Seçkidə iştirak edən yeganə seçki bloku “Azadlıq 2015"dən prosesi yarımçıq saxlayıb boykota getmək çağırışları səslənməyə başlayıb. 
 
Blokdakı tanınmış müxalifət təşkilatı KXCP-nin sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a açıqlamasında boykota gedə biləcəklərinin anonsunu verib. M.Mirəlioğlu deyib ki, 20-dən artıq dairədə blokun namizədlərini qeydə almırlar. Hələ YAP-ın siyahısı açıqlanmazdan qabaq rayon icra başçıları çox möhkəm əl-ayağa düşüblər, dairələr üzrə təhdidlər ediblər, təhsil şöbəsinin müdirləri, direktorlar, müəllim işləyən blokun namizədlərinə təzyiq göstərirlər. Partiya sədri deyib ki, hətta 16 sentyabrda dairələrin birində namizədin sənədləri DSK-ya təqdim olunarkən səlahiyyətli nümayəndəni oğurlayıblar.
 
KXCP sədri bütün bu hallara qarşı etirazını bildirməklə bərabər növbəti addımların da anonsunu verib: “Hakimiyyətdə güclü bir xətt var. Bu xətt bütövlükdə Rusiya xəttidir. Hazırkı Avropa-Azərbaycan münasibətlərini bütün istiqamətlərdə daha da pisləşdirmək, ziddiyyətləri dərinləşdirmək, həm də seçkidə boykot yolunu tutanların sayını artırmaq istəyirlər. Biz də heç bir çətinlik çəkmədən istədiklərini onlara verə bilərik”. 
 
Qeyd edək ki, “Azadlıq 2015" seçki blokunu 7 partiya təsis edib. ADP-nin ardınca ”Azadlıq 2015"dən seçkidən geri çəkilmək barədə xəbərdarlığın gəlməsi ölkə siyasətində, seçki kampaniyasında indiyə qədər rast gəlinməyən hadisə olacaq. Göründüyü kimi, KXCP sədri də açıqlamasında Azərbaycanın Avropa ilə münasibətlərinin korlanmasını xüsusi vurğulayır və ardınca seçkidən geri çəkilə biləcəklərini dilə gətirir. Avropa Parlamentinin ötən həftə Azərbaycan hakimiyyətini qəzəbləndirən məlum qətnaməsindən az sonra müxalifət partiyalarının seçkidən imtina etməyə başlaması və səbəblərdən biri kimi Avropa Birliyi ilə münasibətlərin korlanmasının göstərilməsi təsadüf sayıla bilməz. 
 
Tanınmış müxalifət partiyalarından birinin rəhbərliyinə daxil olan şəxs əməkdaşımıza olduqca maraqlı informasiya verib. Onun dediyinə görə, aparıcı müxalifət partiyalarının seçkidən çəkilməsindən sonra Avropa Birliyi və ATƏT-dən daha bir sərt qətnamə gələcək və adıçəkilən beynəlxalq təşkilatlar “müxalifətin iştirak edə bilmədiyi seçkinin nəticələrini tanımırıq və belə seçki ilə keçirilmiş parlament legitim sayıla bilməz” bəyanatını verəcəklər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ