SON DƏQİQƏ

PressDent.Info

İDİ seçkilərlə bağlı geniş toplantı keçirdi - FOTOLAR

İDİ seçkilərlə bağlı geniş toplantı keçirdi - FOTOLAR
19-08-2015, 16:38 28998 dəfə baxılıb

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) The Landmark Hoteldə “Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər” adlı  geniş toplantı keçirib.
 
Tədbiri giriş nitqi ilə açan İDİ sədri, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Akif Qurbanov iştirakçıları salamlayaraq araşdırma ilə bağlı fikirlərini səsləndirib. İDİ  sədri 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənizimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab verməsi istiqamətində araşdırma aparmaq üçün göstərdikləri təşəbbüsün zərurətindən danışıb. O, təhlilin yekunlaşdırılması və bütün cəmiyyətin aparıcı ictimai-siyasi qüvvələrinin ümumi rəyini ifadə edən sənədin ərsəyə gəlməsi üçün ayrı-ayrılıqda siyasi partiya və vətəndaş cəmiyyəti rəhbərlərilə görüşülərək səy göstərildiyini vurğulayıb. İDİ sədri həmçinin bu prosesdə hakim Yeni Azərbaycan Partiyasının və seçkilərə dair digər aiddiyatı dövlət rəsmilərinin əməkdaşlıq etməməsi barədə təəssüfünü də ifadə edib. 
 
 
Sonra tədbirin gündəliyində duran əsas məsələlərdən - "Konstitusion seçki sistemi, Seçki Məcəlləsi və əlaqəli qanunlara baxış, problemlər və təkliflər" haqqında hüquqşünas-ekspert Ələsgər Məmmədli, "MSK tərəfindən qəbul olunmuş normativ xarakterli aktların Seçki Məcəlləsi və digər normativ aktlarla uyğunluq vəziyyəti" barədə Akif Qurbanov, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin seçki hüququnun pozuntusu ilə bağlı qəbul etdiyi qərarların xülasəsi" haqqında isə hüquqşünas Səməd Rəhimli məruzə ediblər.  
Məruzəçilər araşdırmaya səbəb olan əsas amillər kimi seçkilərin hakimiyyət qollarının formalaşmasında bir vasitə olmaqdan çıxma təhlükəsi, siyasi tərəflərin seçkilərə etimadının olmaması, cəmiyyətin demokratiyaya, o cümlədən onun əsas elementi olan seçkiyə inamsızlığının dərinləşməsini göstəriblər.
 
 
Araşdırmada əsas istiqamətlər olaraq Konstitusion seçki sistemi ilə bağlı problemlərdən - Konstitusiyada  siyasi partiyaların yerinin olmaması, Milli Məclisin formalaşmasında sadəcə majoritar sistemdən istifadə edilməsi və siyasi partiyaların rolunun məhdudlaşdırılması, Konstitusiyada əvvəllər mövcud olan Prezident seçkilərində bir şəxsin 2 dəfədən çox seçilməsini əngəlləyən normanın qaldırılması,  seçkilərin sadəcə hüquq kimi nəzərdə tutulması, vəzifə olaraq müəyyən edilməməsi və məhkəmə hakimiyyətinin ələbaxımlılığı haqqında danışılıb. 
 
 
Seçki Məcəlləsində olan problemlərdən - seçki müddətləri,  seçki komissiyalarındakı balans (komissiyaların  tərkibinin formalaşdırılması prosedurası), seçici qeydiyyatı,  namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi, seçkiqabağı təşviqat kimi həm  Sərbəst toplaşmaq hüququnun istifadəsi həm də Kütləvi İnformasiya vasitələrində təşviqat, seçkilərdə müşahidəçilərin qeydiyyatı və fəaliyyəti, seçki şikayətlərinə baxılma məsələləri qabardılıb.
 
MSK-nın aktlarında olan problemlərdən - seçki komissiyası protokolunun doldurulması, Exit-poll, Seçki komissiyalarında şikayətlərin araşdırılmasına dair sənədlər, seçkiqabağı təşviqata nəzarətə dair sənədlər və Veb-kamerlarla bağlı hallar təhlil olunub.
 
 
Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən etdiyi problemlərdən isə hər seçkidə AİHM-ə gedən çoxsaylı şikayət, AİHM-in qərarları, Hökumətin qərarların icrasındakı yanaşma, AİHM-nin və AŞNK-nin tövsiyələrinə münasibət analiz edilərək iştirakçıların diqqətinə çatdırılıb.
 
Çıxış edən məruzəçilər yuxarıda göstərilən hər bir istiqamət üzrə seçki sisteminin təkmilləşdirilməsi üçün konkret təkliflər irəli sürüblər
 
Tədbirin davamında araşdırma ilə bağlı siyasi partiya nümayəndələrinin fikirləri dinlənilib. Onlar araşdırmaya dəstək verdiklərini bəyan ediblər. Müzakirələrdə Milli Şura sədri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı, REAL Hərəkatının İcra katibi Natiq Cəfərli və İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa,  Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil, "125"lər Siyasi Klubunun sədri İlhamiyyə Rza, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev çıxış edərək öz rəy və təkliflərini söyləyiblər. Ümid Partiyası və AMİP təmsilçiləri də toplantıya qatılıb. Qeyri-hökumət təşkilatlarından isə Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov, DÖİB-nin sədri Mirəli Hüseynov, SMDT koordinatoru Samir Kazımlı, Hüquqi Təşəbbüslər Mərkəzinin sədri Ziya Quliyev, hüquq müdafiəçisi Aytəkin İmranova, QHT sədri Nəsrulla Nurullayev, NİDA üzvləri və digər vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edib.
Tədbirə həmçinin ABŞ, Böyük Britaniya və Fransa səfirliyinin təmsilçiləri,  Avropa Birliyi və Avropa Şurasının Bakı Ofisinin nümayəndələri qatılıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ