SON DƏQİQƏ

PressDent.Info

30 il cəbhə xəttində!

30 il cəbhə xəttində!
17-07-2019, 18:37 16008 dəfə baxılıb

Seymur Həzidən Xalq Cəbhəsini təbrik əvəzi

Bu gün müstəbid Əliyevlər rejiminin dəmir qalxanını döyən yumruq 30 il öncə Xalqlar Həbsxanası – Sovet imperiyasının məhəccərlərini yerindən oynatdı. O zaman Azərbaycanı millətlər lagerindən qurtarmaq vəzifəsi bu gün Azərbaycan insanına fərdi hürriyət qazandırmaq görəvi üstlənmişdir. O yumruq 30 il öncə də, bu gün də milıətin qəzəb yumruğu – Xalq Cəbhəsidir! 

Bu gün bir ailənin əlində cəmləşmiş “hakim hüquq” Xalq Cəbhəsinin möhürünü ləğv edib. Məgər Əliyevlərin hüquq bazarında bizim üçün kağızlar üzərindəki möhürün həyati önəmi varmı? Əsla yoxdur! Xalq Cəbhəsinin əsl möhürü tarixin köksünə vurulub və mütləq yeniləri də vurulacaq! Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda sıralarından beş min şəhid verniş bir təşkilatın başqa hansı möhürə ehtiyacı var? Möhürümüz canımız, mürəkkəbimiz şəhidlərimizin qanıdırsa, bizi tarixdən kim silə bilər? Kimsənin buna gücü yetməz!

Bütün ölkəni qamarlayan rejimin Xalq Cəbhəsinin bir qərərgahının olmasına dözümü çatmır. Qərərgahımız yoxdur, ancaq qəti qərarımız var – bu ölkəni bu xalqa qaytaracağıq. Partiya lideri Əli Kərimlinin pasportu yoxdur. Çünki rejim onu bu cür məhdudlaşdırdığını düşünür. Bizim kimliyimizin ən böyük sənədi kimlərə qarşı olmağımız deyilmi? Pasportumuz mübarizəmizdir!

Bu gün ədalətli bir cəmiyyət, demokratik idarəetmə, sosial rifah, ərazi bütövlüyü uğrunda gedən mübarizənin həqiqi ön cəbhəsində yenə Xalq Cəbhəsi dayanır. Bu yolun şəhidi, qazisi, veteranı, yeni qoşulanı həmişə var və olacaq!

Əziz cəbhəcilər, veteran hərəkatçılar! Sizi 30 illik yubiley münasibətiylə təbrik edir, uğrunda mübarizə apardığınız Azərbaycana tezliklə qovuşmağınızı diləyirəm. Bu günün çox yaxınlarda olacağına zərrə qədər də şübhəm yoxdur. Əziz gənclərimiz, bu mücadilə tarixin bizə verdiyi çox böyük bir şansdır. Tarix hər zaman qurucuları anır. Haydı, əlimizi bu daşın altına qoyaq ki, həm gücümüz artsın, həm də bu yükü sabahkı nəsillərə buraxmayaq.

Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan Xalqının Haqq Cəbhəsi!

Seymur Həzi, 17 saylı Cəzaçəkmə Müəssisəsi

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ