SON DƏQİQƏ

PressDent.Info

Vəkil haqqında intizam icraatına xitam verildi

Vəkil haqqında intizam icraatına xitam verildi
12-07-2019, 18:08 15138 dəfə baxılıb

Vəkil Elçin Sadıqovun cəzalandırılması üçün onun haqqında başlanmış intizam icraatına xitam verilib. Bu barədə AzadlıqRadiosu-na vəkil özü məlumat verib.

Müdafiəçi bildirib ki, iyulun 11-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov və Rəyasət Heyətinin üzvləri ilə görüşüb: “Problemləri müzakirə etdik və həll etdik. İntizam icraatına xitam verildiyi bildirildi”.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov da AzadlıqRadiosuna məlumatı təsdiqləyib. O bildirib ki, Elçin Sadıqov intizam icraatının başlanmasına səbəb olan “Facebook” statusunu silib, bu üzdən icraata xitam verilib.

“O statusla əlaqədar şikayət gəlmişdi. Orada yayılan, narahatlığa səbəb olan fikirlər də artıq yoxdur. Çünki Elçin Sadıqov o statusunu silib. Hesab etdik ki, şikayətə əsas olan status yoxdursa, icraat da olmamalıdır”, - Anar Bağırov belə deyib.

Elçin Sadıqov Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü, iyunun 28-də vəfat etmiş Sərdar Qasımov haqqında fikirlərini “Facebook” səhifəsində paylaşıb. Bildirib ki, Sərdar Qasımov vaxtilə ona münasibətdə qərəzli davranıb, sifarişlə barəsində mənfi rəy verib.

Bundan sonra Sərdar Qasımovun həyat yoldaşı Kəmalə Qasımova Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib.

O yazıb ki, Elçin Sadıqov onun mərhum həyat yoldaşı haqqında əsassız və uydurma məlumatlar yayıb. K.Qasımova E.Sadıqovun məsuliyyətə cəlb olunmasını, onun barəsində tədbir görülməsini istəyib.

Elçin Sadıqov barədə intizam icraatına başlanması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu. Bəzi istifadəçilər bunun vəkilin Avropa Şurasının İnsan haqları komissarı Dünya Miyatoviçlə görüşündən bir gün sonra baş verməsinə diqqət çəkirdilər.

Xatırlatma

Son bir neçə ildə Vəkillər Kollegiyasında xeyli vəkilin fəaliyyəti dayandırılıb, bəzilərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.

Vəkillər barəsində cəza qərarları, əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir.

Vəkillər Kollegiyası bu iddiaları rədd edir, onları qanunvericiliyin tələblərini pozmaqda günahlandırır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ