SON DƏQİQƏ

PressDent.Info

“Əsa”nın gəncləri yuxunuzu qaçıracaq

“Əsa”nın gəncləri yuxunuzu qaçıracaq
22-05-2017, 15:19 12876 dəfə baxılıb

Son ayların təqvimindən ən ürəkaçan xəbəri soruşsanız, tərəddüdsüz olaraq “Əsa” teatrının tamaşasını qeyd edərəm. İlin-günün bu vaxtında ortaya belə maraqlı iş çıxaran gəncləri ayaqda alqışlamağa dəyər. Hələ o gənclərin arasında 10 nəfər fiziki məhdudiyyəti olan həvəskar aktyora da yer verilirsə…

“Əsa” teatrının fəaliyyəti haqqında neçə vaxtdır mətbuatdan oxuyuram. Dəyərli dostumuz, tanınmış bloqqer Orxan Adıgözəlin də teatr tamaşalarında səhnə aldığını duyunca, marağım birə-beş artdı. Nəhayət, dünən vaxt tapıb dostlarla Aktyor Evinə üz tutduq- teatrın yeni tamaşasına. Gənclər Vilyam Şeksprin “Yay gecəsində yuxu” əsəri əsasında “Yuxum” adlı maraqlı bir tamaşa hazırlayıblar. Səhnədə rol alan 15 aktyordan 10-u fiziki məhdudiyyəti olan gənclərdir. Tamaşanın baş meneceri Nicat Qulam, quruluşçu rejissoru Şamil İbrahimov, ikinci rejissoru isə teatrın bədii rəhbəri Nihad Qulamzadədir.
Tamaşadan və gənclərin entuziazmından ağızdolusu danışa bilərəm. Amma bir şeyi tam səmimi olaraq deyirəm ki, gənclərin “Yuxu”su son aylarda ən ürəkdən zövq aldığım bir işdir. İmkan tapıb hər kəsin getməyini tövsiyə edirəm. Böyük fədakarlıqla başa gəlmiş bu işin zövqündən özünüzü məhrum etməyin! Ayrıca, tamaşaya getməklə həm gözünüzün ətalət yuxusunu qaçırmış, həm də gənclərə dəstək olmuş olarsınız!

Məlumat üçün deyim ki, “Əsa” teatrı Azərbaycanda fiziki məhdudiyyətləri olan və olmayan gənclərin birlikdə yaratdığı ilk teatrdır. Teatr fəaliyyətinə bu ilin əvvəlindən başlayıb. Gənclər Dövlət Mahnı teatrında təqdim olunan ilk uğurlu premyeralarından sonra bir neçə uğurlu tamaşa göstəriblər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ